Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:45

Özbəkistanda yaxın qohumlar arasında nikahlar qadağan oluna bilər


Arxiv fotosu
Arxiv fotosu

Özbəkistan parlamenti ölkənin Ailə Məcəlləsinə yaxın qohumlar arasında nikahları qadağan edən dəyişiklik edib.

Hazırda Özbəkistanda birbaşa qohumlar (məsələn qızla atası arasında), habelə doğma və ögey bacı və qardaşlar, övladlığa götürülmüş şəxslərlə nikahlar qadağandır.

Yeni qanun layihəsində isə yan xətt üzrə qohumlar arasında nikahların qadağanı təklif olunur.

Söhbət bacı və qardaşlardan və onların övladlarından, ata və ananın qardaş və bacılarından və onların övladlarından, habelə baba və nənələrin bacı və qardaşlarından və onların övladlarından gedir.

Bu qaydadan istisna yalnız müsbət genetik analiz nəticəsi təqdim edənlərə oluna bilər.

Sənədi parlamentə ailə və qadın işləri üzrə komitə təqdim edib.

Genetik xəstəliklər və anadangəlmə qüsurlar

Qanun layihəsinin izahatnaməsində deyilir ki, yaxın qohumlar arasında nikahlara görə ölkədə genetik xəstəlikləri olan uşaqların sayı artır.

Məsələn 2023-cü ildə yaxın qohumlar arasında nikahlardan doğulmuş uşaqların 9.7 faizində genetik xəstəliklər aşkar olunub. Bu rəqəm 2022-ci ildə 8.3, 2021-ci ildə isə 9.1 faiz idi.

2021-ci ilin ikinci yarısında yaxın qohumlar arasında 1210 nikah bağlanıb. Bunun yarıdan çoxu Surxandərya (343) və Qaşqadərya (371) vilayətlərinin payına düşür.

2023-cü ilin məlumatına görə ölkədə anadangəlmə qüsur və genetik xəstəlikləri olan uşaqların əksəriyyəti bu vilayətlərdə doğulub.

Surxandəryada belə uşaqlar 31.6 faiz, Qaşqadəryada isə 26 faiz təşkil edir.

Əndican, Səmərqənd və Buxarada isə bu göstərici 10-12 faiz arasındadır.

XS
SM
MD
LG