Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:46

Prezident 9 ildir gözləyir...


İlham Əliyev
İlham Əliyev

►Dövlət Komissiyası 2007-ci ildən bəri bir dəfə də toplaşmayıb

Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə 2007–ci il fevralın 28-də yaradılan Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası indiyədək bir dəfə də toplaşmayıb.

Halbuki, bu illər ərzində, ləng də olsa, özəlləşdirmə gedib və dövlətin minlərlə müəssisə və obyekti hərrac və müsabiqələrdə satılıb.

Kütləvi özəlləşdirmənin təmin olunması üçün buraxılmış dövlət özəlləşdirmə paylarının dövriyyə müddəti də elə həmin dövrdə başa çatıb.

Üstündən 1 ay deyil, 9 il ötsə də...

Mütəxəssislər rəsmi səbəbi açıqlanmasa da, komissiyanın yaradılması haqqında sərəncamın sonadək icra edilməməsinə diqqət çəkirlər. Komissiyanın tərkibinə 13 nazir, 2 komitə sədri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri daxildir.

Sözügedən sərəncamda prezident Nazirlər Kabinetinə tapşırıb ki, bir ay müddətində “Dövlət Komissiyası haqqında Əsasnamə” layihəsini hazırlayıb təsdiq üçün ona təqdim edilsin.

Amma sənədin hazır olub-olmamasına dair heç bir məlumat yoxdur. Daha doğrusu, indiyədək dövlət başçısının imzaladığı sənədlər arasında həmin sənədə təsadüf edilməyib.

Nazirlər Kabinetinin mətbuat xidmətində AzadlıqRadiosuna sözügedən sənəd haqqında məlumat verə bilməyiblər.

Əvəzində sorğu məktubu göndərməyi xahiş ediblər.

Düşünmək olar ki, həmin sorğunu da, ən azı, prezident sərəncamının taleyi gözləyə bilər.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Nə ictimai nəzarət var, nə də dövlət nəzarəti…

İqtisadçı ekspert Qadir İbrahimli AzadlıqRadiosuna deyir ki, hökumət dövlət qulluqçularının gəlir bəyannamələri formasını təsdiqlənməsini 2005-ci ildən bəri ləngitdiyi kimi, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” layihəsi hazırlamağı da, faktik olaraq, sabotaj edir. Nəticədə, özəlləşdirməyə ictimai nəzarət olmaması bir yana, dövlət nəzarəti də təmin edilmir.

İqtisadçı Nazım Məmmədovun fikrincə, dövlət başçısının özəlləşdirmə və dövlət əmlakından səmərəli istifadəyə dair imzaladığı sənədlər lazımınca icra edilmir:

“Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) funksiyaları arasında dövlət müəssisələrinin özəlləşdirməöncəsi sağlamlaşdırılması, iqtisadi şaxələndirilmənin təmini, ölkəyə sərmayə cəlbi də var. Təəccüblüdür ki, dövlət büdcəsindən bu sahəyə 10 milyonlarla manat sərf olunsa da, nə sağlamlaşdırılan müəssisə, nə də özəlləşdirməyə xarici sərmayədarların marağını görürük”.

16 il öncə nəzərdə tutulmuşdu

N. Məmmədov təklif edir ki, struktur islahatlarının davamı olaraq ƏMDK ləğv edilməli, onun səlahiyyətləri iqtisadiyyat və ədliyyə nazirlikləri arasında bölüşdürülməlidir.

“Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası”nın yaradılması 2000-cu ildən qüvvədə olan "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunda və özəlləşdirmənin II Dövlət Proqramında nəzərdə tutulub. Bir çox müəssisənin özəlləşdirməöncəsi sağlamlaşdırılması ilə bağlı vəsaitdən yararlanmağa dair qərarları da məhz bu komissiya verməlidir.

ƏMDK sədrinin müavini Rüstəm Şahbazov Azərbaycanda özəlləşdirmənin başlanmasının 20 illiyinə həsr etdiyi məqaləsində ( Bax: “Azərbaycan” qəzeti) özəlləşdirməyə nəzarətdən və yol verilən pozuntulardan söz açmayıb.

Məqalədə özəlləşdirmənin yeni mərhələsi haqda deyilir ki, prezident İlham Əliyev geniş özəlləşdirmə proqramının hazırlanması, bu sahəyə investisiyaların cəlbi barədə tapşırıqlar verilib. Bu istiqamətdə tədbirlər görülməsinə başlanılıb - yeni sahələrin özəlləşməyə açılması ilə bağlı iqtisadi təhlillər aparılır və təkliflər hazırlanır. Beynəlxalq məsləhətçi şirkətlər və ekspertlərin cəlb edilməsi üçün də danışıqlar aparılır.

Buna da bax...

"Fevralda evimizdən çıxmırıq..."
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

XS
SM
MD
LG