Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

'Pambıqdan qazanılandan çox heyvandarlıq məhsullarının alınmasına verilir'


Əti bahalaşdıran 4 səbəb: 'Baxın, bir dənə müştəri yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Əti bahalaşdıran 4 səbəb: 'Baxın, bir dənə müştəri yoxdur' (Arxiv. 2022)

Bugünlərdə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Pambıqdan geyimə dəyər zəncirinin karbonsuzlaşdırılması və iqlimə uyğunlaşdırılması" mövzusunda müzakirələr keçirilib. Orada digər məsələlərlə yanaşı, Azərbaycanda pambıqçılığın vəziyyəti də müzakirə olunub.

2017-ci ildə "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Bu illər ərzində ölkədə heyvandarlıq üçün istifadə olunan torpaqların bir hissəsi də pambıq əkinləri üçün ayrılıb.

Pambıq istehsalı azalıb, qiyməti düşüb, ət bahalaşıb

Nəticədə ölkədə pambıq emalını 500 min tona çatdırmaq hədəf qoyulmuşdu. Lakin, hələlik, bu hədəfə çatmaq mümkün olmayıb. 2023-cü ildə pambıq istehsalı 276 min tona bərabər olub. Halbuki, 2022-ci ildə bu göstərici 322 min ton idi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, pambığın əkin sahələri 2024-cü ildə 25 faiz genişləndirilib. Bəzi müstəqil ekspertlər isə deyir ki, pambıq əkini üçün örüş torpaqların bir hissəsinin verilməsi heyvandarlığa mənfi və qiymətlərin artımına təsir göstərib. Artıq Azərbaycanda qoyun əti 20 manata yüksəlib. Bu yeddi-səkkiz il əvvəllə müqayisədə qoyun ətinin az qala iki dəfə bahalaşması deməkdir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin səkkiz ayı ərzində pambıq ixracatı artsa da, məhsulun ixrac qiyməti aşağı düşüb. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 161 milyon 299 min dollar dəyərində 99 min 539 ton pambıq ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 45.7, miqdar baxımından isə 83.2 faiz çoxdur.

Sözügedən dövrdə Azərbaycanın ixrac etdiyi pambığın kiloqramının orta ixrac qiyməti 2.76 manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71 qəpik və ya 20.4 faiz azdır.

Hökumət bu sahədə hədəfinə çatmadı - pambıq tarlaları susuzluqdan yanır
Gözlə

No media source currently available

0:00 0:07:04 0:00

"Sərf eləmir"

Kürdəmirdə pambıqçılıqla məşğul olan, amma adının çəkməsini istəməyən fermerlərdən biri AzadlıqRadiosuna bildirib ki, gələn ildən artıq pambıq əkini ilə məşğul olmayacaq: "Sərf eləmir. Mən öz sahəmdən, demək olar ki, gəlir götürə bilmirəm. Beş hektar sahəm var. Suvarma, demək olar, yoxdur, əkin yanır. Subsidiya da bəs eləmir. İndi subsidiyanı ancaq satdığın mala görə verirlər. Əkinə görə vermirlər. Bəs mən hansı pulla bunu əkim, becərim?".

Fermer deyir ki, onlardan pambıq alanda da düzgün hesablamırlar: "Pambığın bir hissəsini zibil kimi qeyd edirlər və buna görə pul ödəmirlər".

Subsidiya artırılır

Kənd Təsərrüfatı Nazirliyindən isə, əksinə, "Turan"a bildirilib ki, pambığa görə fermerlərə ödənilən məbləğ son illərdə artırılıb: "Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 190 manat məhsul subsidiyalarını alırlar. Əvvəl bu rəqəm 180 manat idi. Növbəti təsərrüfat ilində isə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə 210 manat məhsul subsidiyası veriləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambıq üçün bu, 190 manat təşkil edəcək".

Habelə vurğulanıb ki, hazırda ölkədə pambıq yığımı davam edir: "Noyabrın 11-nə olan operativ məlumata görə, sahələrdən kondisiya çəkidə 168 min 86 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 16.35 sent/ha təşkil edir. Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 106 min 450 ton pambıq mahlıcı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Heyvandarlıq məhsullarının idxalı pambıq ixracını geridə qoyur

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə AzadlıqRadiosuna deyib ki, Azərbaycan hökuməti pambıqçılığı inkişaf etdirə bilmir. O, ölkədə istehsal olunan pambığın, əsasən, xammal kimi ixrac olunduğuna diqqət çəkir: "Azərbaycan ondan parça, paltar istehsal etmir və əlavə dəyər yaratmır. Pambığı xammal kimi ixrac etmək bizə uzun müddətə sərf etməz. Hələlik, pambıqçılıq üzrə ciddi bir siyasət ortada yoxdur, sadəcə bir kampaniya var".

İqtisadçı deyir ki, Azərbaycan ət və süd idxalını ciddi şəkildə artırıb: "Məsələn, biz pambıq ixracından 200 milyon dollar gəlir əldə ediriksə, 400 milyon dollar da heyvandarlıq məhsullarının idxalı üçün ölkədən valyuta çıxarırıq. Mütləq bütün bunların hesablamaları aparılmalıdır. Bir dəfə hesablamadan iş aparıldı. Örüş sahələrini pambıq əkinə verdilər, əkin sahəsini 140 min hektara qədər artırmışdılar. Sonra gördülər ki, həmin sahələrdə məhsuldarlıq aşağıdır və 99 min hektara qədər azaltdılar".

V.Məhərrəmovun sözlərinə görə, pambıq ixracı monopolistlərin əlindədir: "Pambıq mahlıcının əldə edilməsi, pambıqçılıqda istifadə olunan texnika da onların əlinə keçdi. Yeddi il əvvəl hökumətin çağırışına cavab olaraq pambıq əkini ilə məşğul olan çoxsaylı fermerlər isə ziyana məruz qaldı və onlar hələ də banklara borc ödəməklə məşğuldurlar".

XS
SM
MD
LG