Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:59

'Papanin hospitalı'nda onkoloji xəstələrin başlarına gələnlər: 40 manatlıq prosedura 1400 manat alınıb


Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ("Papanin hospitalı" kimi tanınır) hərbçilərlə yanaşı, mülki şəxslərə də tibbi xidmət göstərilir. Ancaq hərbçilərdən fərqli olaraq, mülki vətəndaşlara xidmət ödənişlidir. Qiymətlər də "Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli"ndə müəyyənləşdirilib. Bu cədvəl müdafiə nazirinin 1 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənib.

Hərbi Hospitalın onkologiya şöbəsinin rəisi İslam Məmmədov və bu şöbənin həkimi Pərvanə Rüstəmova orada onkoloji xəstəliklərdən əməliyyat olunanlardan cədvəldə göstəriləndən bir neçə dəfə çox pul almaqda suçlanırlar. İddia olunur ki, məsələn, süd vəzi xərçəngindən əziyyət çəkən qadının yaxınlarından 1500 manat alıblar. Bunun cəmi 300 manatını kassaya ödəyib, qalan 1200 manatı aralarında bölüblər. Yaxud qalxanabənzər vəzin əməliyyatından ötrü 1200 manat alınıb, bu vəsaitdən 320 manat kassaya köçürülüb. Daha bir xəstə onkoloji əməliyyatdan sonra dörd dəfə kimyaterapiya proseduru keçib və hər birinə görə 350 manat pul verib. Bu prosedurlardan ötrü alınan 1400 manatdan hospitala cəmi 40 manat (hər birinə görə 10 manat) köçürülüb.

50 yaşlı İ.Məmmədov və 40 yaşlı P.Rüstəmova haqqında cinayət işinin materiallarında 10-a yaxın onkoloji əməliyyatda xəstələrin ailə üzvlərindən artıq pul alınmasından bəhs olunur.

Polkovnik-leytenant İ.Məmmədov həm də rəhbərlik etdiyi şöbədə analıq məzuniyyətinə gedən tibb bacısının yerinə işə götürülən başqa birindən 1500 manat pul almaqda suçlanır.

Şöbə rəisi və həkim haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi başlansa da, həbs olunmayıblar. Onlar həm istintaq, həm də məhkəmə dövründə azadlıqda olublar. Sadəcə, barələrində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Tibb bacısından 1500 manat aldığına görə İ.Məmmədova dələduzluq ittihamı da verilib.

"İslam müəllim icazə verdi ki..."

Polkovnik-leytenant İ.Məmmədov məhkəmədə dindiriləndə özünü təqsirli bilmədiyini söyləyib. Onun sözlərinə görə, xəstələrdən əlavə pul alıb, özlərinə götürsələr və bir sıra hallarda bölüşdürsələr də, bölgüdə kimə nə qədər çatacağı haqda öncədən qayda olmayıb.

Hərbi hospitalda əməliyyat zamanı artıq pul ödəmiş şəxslər bu cinayət işində zərərçəkmiş qismində tanınıblar. İ.Məmmədov vurğulayıb ki, zərərçəkmişlərə vurduqları ziyan istintaq dövründə ödənilib. O, hərəkətlərindən peşman olduğunu da dilə gətirib.

Eyni zamanda "Ege Hospital"ın həkimi olan digər təqsirləndirilən P.Rüstəmova məhkəmədə danışıb ki, Baş Klinik Hospitalda tibbi xidmətlərin qiyməti başqa tibb ocaqlarından daha ucuzdur. Bu üzdən çoxsaylı onkoloji xəstələr müayinə və müalicədən ötrü ora üz tuturdular. Onun sözlərinə görə, qiymət cədvəlində göstərilən qiymətlərlə müalicə və əməliyyatlar həkimlərə sərfəli deyildi: "Ona görə də İslam müəllim icazə verdi ki, müayinə və müalicədən ötrü gələn mülki şəxslərdən cədvəldəkindən daha artıq pul alınsın. Hansısa xəstədən alınmış artıq pulun konkret hansı qaydada bölünməsi haqda danışmamışdıq. Adətən, hərəmiz öz xəstələrimizdən aldığımız pulu özümüzə götürür, amma bir xəstəyə hər ikimiz tibbi xidmət göstərəndə pulu aramızda bölürdük".

Zərərçəkmiş qismində tanınanların heç biri məhkəmədə onlardan şikayətçi olmayıb. Əksinə, aralarında elələri olub ki, özünü, ümumiyyətlə, zərərçəkmiş saymadığını deyib.

Məhkəmə polkovnik-leytenant İ.Məmmədova 3 il şərti cəza verib. Baş leytenant P.Rüstəmova isə təqsirli bilinsə də, 1000 manat cərimə edilib.

XS
SM
MD
LG