Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:49

Paşinyan dəhliz məsələsini 'qəbuledilməz' adlandırır


Nikol Paşinyan
Nikol Paşinyan

Baş nazirin sözlərinə görə, 11 yanvar bəyanatında bildirilir ki, tərəflər bir-birinin ərazisindən tranzit imkanı əldə etməlidirlər

Azərbaycan elə bir təəssürat yaratmağa çalışır ki, regionda və Ermənistan ətrafında hansısa gündəm yaradıb və bunu diktə edir. Bunu Ermənistanın yeni təyin olunmuş Baş naziri Nikol Paşinyan Müdafiə naziri Arşak Karapetyanı nazirlik aparatına təqdim edərkən deyib.

O, regionda vəziyyətin sabit olmadığını, Azərbaycanın Ermənistana münasibətdə “müəyyən aqressiv siyasət” apardığını vurğulayıb.

“Hansısa razılaşma olmayıb”

“Bizim öz gündəmimiz var, Ermənistan Respublikası özünün beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət edib və edir”, – deyən Paşinyan regionda kommunikasiya xətlərinin açılmasına da toxunub. O, sözügedən məsələnin 9 noyabr atəşkəs razılaşmasının əsas maddələrindən biri və Ermənistan hökuməti üçün prioritetlərdən olduğunu vurğulayıb.

“Bəs Azərbaycan nə edir? Bu məsələyə mahiyyətcə Ermənistan Respublikası üçün qəbuledilməz komponentləri əlavə etməyə çalışır. Xüsusilə dəhliz haqda söhbətləri nəzərdə tuturam. Hamınız bilməlisiniz ki, Ermənistan Respublikası öz ərazisindən dəhlizlə bağlı hansısa razılaşma olmayıb. Ermənistan Respublikası üzərinə bu mövzuda hansısa şifahi, yaxud yazılı öhdəlik götürməyib, oxşar təkliflər səslənəndə öz mövqeyini aydın ifadə edib. Əldə etdiyimiz razılaşmalar 9 noyabr və 11 yanvar bəyanatlarında əks olunub”, – Paşinyan deyib.

Tranzit necə olur?

Baş nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə 11 yanvar bəyanatında bildirilir ki, tərəflər bir-birinin ərazisindən tranzit imkanı əldə etməlidirlər.

“11 yanvar bəyanatının mətnində aydın yazılıb ki, gömrük, sərhəd, sanitar və fitosanitar nəzarətlə bağlı razılaşmalar müzakirə edilərək əldə olunmalıdır... Məntiqlə Ermənistan ərazisində tranzit məqsədilə istifadə də digər hallarda tətbiq olunan qaydalara uyğun baş verməlidir. Məsələn, bu gün Gürcüstan, yaxud İran İslam Respublikasının vətəndaşları sərhədi necə keçirlər? Yəni, həmin qaydalar üzrə. Əlbəttə ki, bu məsələni qəbul etdik”, – deyən Paşinyan kommunikasiyaların açılmasının Azərbaycanın deyil, onların gündəmi olduğunu qeyd edib. “Hesab edirik ki, kommunikasiyaları açmaqla Azərbaycanın Ermənistanın blokadasıyla bağlı siyasətini üstələyirik”, – o, sözlərinə əlavə edib.

“Azərbaycan da elə bu səbəbdən dəhliz məntiqini irəli sürür, bunun qəbuledilməz olduğunu anlayır. İstəyir, hadisələr elə inkişaf eləsin ki, kommunikasiyalar açılmasın. Yəni, Ermənistan blokadadan çıxmasın”, – o deyib.

Prezident Əliyev bir müddət öncə Zəngəzur (Ermənistanın Sünik vilayəti) dəhlizi ilə bağlı müzakirələrdə yaxşı nəticələr olduğunu deyirdi.

Sərhəd məsələsi

Paşinyan sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinin də Ermənistanın gündəmində olduğunu söyləyib, Azərbaycan əsgərlərinin “bizim ərazimizdə” olmasını qəbuledilməz adlandırıb.

Ermənistan bu il mayın 12-də Azərbaycan əsgərlərinin ərazisinə girdiyini bəyan edib. Azərbaycan isə sadəcə, sərhəd mövqelərini tutduğunu bildirir.

Ötən il 44 günlük müharibə 10 noyabr atəşkəs razılaşması ilə sonuclanıb. Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Bundan sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmasına da razılaşıblar. Yanvarın 11-də imzalanmış bəyanatla isə Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətlərinin region ölkələrinin məhdudiyyətsiz istifadəsinə verilməsi nəzərdə tutulur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG