Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:45

Xanımı Polad Aslanovun aclığa başladığını deyir


Polad Aslanov
Polad Aslanov

Xeberman.com saytının həbsdə olan redaktoru Polad Aslanovun bu gün, oktyabrın 9-da ailəsinə zəng vurduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Gülmirə Aslanova məlumat verib.

Onun dediyinə görə, əri oktyabrın 5-dən aclıq aksiyasına başlayıb. Gülmirə Aslanova bildirib ki, əri aclıq aksiyasının səbəblərindən danışarkən qeyd edib ki, qeyri-qanuni həbs olunub, istintaqı obyektiv aparılmır və heç bir əsas olmadan həbs müddəti əlavə olaraq 4 ay uzadılıb.

Amma onun aclıq aksiyasına başlaması ilə bağlı deyilənləri, hələlik, Penitensiar Xidmətindən dəqiqləşdirmək mümkün olmayıb.

Üstəlik, istintaqdan narazılığa da Dövlət Təhlükəsizlik Xidməti (DTX) və başqa rəsmi qurumlardan münasibət öyrənmək cəhdləri nəticə verməyib.

Polad Aslanov bu il iyunun 12-də saxlanıb, 14-də isə Sәbail Rayon Mәhkәmәsinin qərarı ilə barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs qәtimkan tәdbiri seçilib.O, cinayət məcəlləsinin (CM) 274-cü maddәsi ilә (dövlәtә xәyanәt) ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunub ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

O isə ittihamı qəbul etmir.

Ötən həftə, oktyabrın 5-də Səbail Rayon Məhkəməsində Polad Aslanovun həbs müddətinin uzadılması ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətin (DTX) müraciətinə baxılıb. Müraciət təmin edilib.

Xatırlatma

Polad Aslanov 2018-ci il aprelin 19-da 29 yaşında hərbi xidmətə aparılmışdı.

O zaman ailəsi bildirirdi ki, o səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu peşə fəaliyyətinə görə, cəzalandırmaqdan ötrü bu addımı atıblar:

“Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?”

Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Polad Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub, iki ay sonra həbs edilib.

XS
SM
MD
LG