Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:54

'Polis bölməsində sürüyüb çölə atdılar'


Polis
Polis

«Bir çayxanada üstümə tökülüşüb məni döydülər, cibimdə olan 2 min 500 manatı götürdülər, özümü də çölə tulladılar. Axtarıb əraziyə baxan polis bölməsini tapdım. Başıma gələnləri danışdım. Mənimlə qeyri-ciddi davrandılar. Gah dedilər, «səndə o qədər pul haradan», gah dedilər, «get, Quran gətir, əl bas ki, səndə bu qədər pul olub». Şikayətimə baxılmasa, yuxarılara müraciət edəcəyimi deyəndə, «ciddiləşdilər», sürüyüb məni bölmənin qapısından çölə tulladılar. Bədənimdə həm çayxanada döyənlərin, həm də polislərinin xəsarətlərinin izləri var».

Ağcabədinin Taxtakörpü deyilən ərazisində məskunlaşmış Laçın köçkünü Ədalət Sarıyev AzadlıqRadiosuna şikayət edib. Bildirib ki, bu il mayın 13-də növbəti ağır xəstəlikdən müalicə üçün Bakıya gəlib.

«QARDAŞIMI HƏDƏLƏYİRLƏR»

Alatava ərazisində çayxanalardan birində bir neçə şəxs ona hücum çəkərək döyüb, 2 min 500 manatını əlindən alıblar. O da Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edib. Lakin bölmədə şikayət ərizəsini götürmək istəməyiblər. O da polisin hərəkətindən Daxili İşlər Nazirliyinə şikayət edəcəyini bildirib. Nəticədə polis əməkdaşları onunla kobud rəftar ediblər, sürüyərək bölmədən çıxarıblar.

***Buna da bax-Zərdab sakini: 'Qızımın ölümü ört-basdır edilir'

Daha sonra Ədalət Sarıyevin oğlu atasının çayxanada döyülməsi və pulunun əlindən alınması ilə bağlı həmin polis şöbəsinə rəsmi ərizəylə müraciət edib. Lakin şöbədə sübut olmadığını əsas gətirərək şikayəti əsassız hesab ediblər.

Ədalət Sarıyevin bacısı Raya Sarıyeva deyir, onsuz da ağır xəstə olan qardaşı başına gələnlərdən daha da sarsılıb:

«Özü də, həyat yoldaşı da ağır xəstədir. Bakıya müalicə olunmağa getmişdi, ancaq başına gələnlər səhhətini daha ağırlaşdırıb. Dörd övladı var, biri tələbədir, qardaşımı hədələyirlər ki, şikayət eləsən, uşağını ali məktəbdən qovdurarıq. Prezidentimizdən, daxili işlər nazirimizdən xahiş edirəm ki, başımıza gələnləri nəzarəti götürsünlər, qardaşımın başına bu oyunu açanlar cəzasız qalmasın».

«NİYƏ DÖYÜLSÜN Kİ?»

Yasamal rayon Polis İdarəsinin 29-cu bölməsindən isə bildirilib ki, Ədalət Sarıyevə polis tərəfindən zor tətbiq edilməsi ilə bağlı deyilənlər cəfəngiyatdır:

***Buna da bax-'Polis vətəndaşı vaxtında dinləsə, bu qədər qan tökülməz'

«Şikayətçinin döyülməsi və pullarının götürülməsi ilə bağlı şikayəti araşdırılıb, təsdiqini tapmayıb. Bölmədə ona zor tətbiq edilməsi ilə bağlı deyilənlərə gəlincə, dəhlizlərdə də, bölmənin giriş-çıxışında da müşahidə kameraları var. Şikayətə gəlmiş vətəndaşın şikayəti dinlənilir, niyə döyülsün ki?».

Hüquqşünas Vaqif Alıyev deyir, əgər vətəndaşa polisdə zorakılıq göstərilibsə, o, polisin hərəkətinin araşdırılması üçün prokurorluğa müraciət etsə, daha məqsədəuyğundur:

«Onun ərizəsini prokurorluqda polisə nəzarət edən şöbə araşdıra bilər. Həm baş prokurora, həm də Yasamal rayon prokuroruna müraciət edə bilər. Çayxanada döyülməsi və pullarının əlindən alınması isə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə təsbit olunur».

Hüquqşünas bildirib ki, əgər polis şikayəti araşdırmırsa, yenə də vətəndaş quldurluq faktı ilə bağlı Yasamal rayon Prokurorluğuna ərizəylə müraciət edə bilər.

XS
SM
MD
LG