Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:22

“Fərmandan “siyasi fəalların təqibi” qoxusu gəlir”


İllüstrasiya
İllüstrasiya

►Vətəndaşın polislə əməkdaşlığa çağrılması birmənalı qarşılanmır

Polislə əməkdaşlıq elə, pul qazan. Ölkə prezidentinin martın 3-də imzaladığı fərmanda yaşı 20-24 olan gənclər polislə əməkdaşlığa çağrılır.

Onların vəzifəsi ictimai asayişi pozan vətəndaşları qanuna riayət etməyə çağırmaq, azyaşlılara qarşı qanunsuz davranışlar barədə məlumatları toplayıb polisə təqdim etməkdir.

Fərmanda göstərilir ki, Daxili İşlər Nazirliyi polis orqanları ilə əməkdaşlıq edən şəxsləri xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin edir.

Bu, vətəndaşların polislə əməkdaşlığını qanun çərçivəsinə salan ilk sənəd deyil. 2009-cu ildə “Polis haqqında” qanuna dəyişiklik edilərək polis orqanları yanında “İctimai Şura” yaradılıb.

“Gərək düzgün icra olunsun ki, “işverən” adını almasın”

Mahmud Hacıyev
Mahmud Hacıyev

Keçmiş polis zabiti, Elmi Praktik Hüquq Mərkəzinin əməkdaşı Mahmud Hacıyev bu fərmanı birmənalı qarşılamır, xatırladır ki, sovet dövründə “xalq drujinası” adı altında komsomol fəalları ictimai yerlərdə asayişin qorunmasında polisə yardım edirdilər: “Qrup rəhbəri qoluna qırmızı bağlayırdı, yəni, adamlardan gizli deyildi”.

Mahmud Hacıyev deyir ki, o, sözügedən fərmanın mahiyyətinə uyğun icrasına ümid edir:

“Gərək düzgün icra mexanizmi qurulsun ki, camaat arasında neqativ qarşılanmasın, polislə əməkdaşlıq edən adama“xəbərçi”, “işverən”, “agent” kimi adlar verməsinlər.

“Sahə müvəkkilinin öz adamları olur”

Keçmiş polis zabiti əlavə edir ki, onsuz da hər sahə müvəkkilinin ərazisində inanılmış adamı olur və vəziyyət barədə ondan xəbər alır:

“Yaxşı, peşəkar sahə müvəkkili məlumatı öz inanılmış adamlarından alır. Əməliyyatçıların da özlərinin agentura şəbəkəsi olur və onlarla işləyirlər. Vətəndaşın polislə əməkdaşlığa dəvəti ilə bunun qarşılaşdırılmasının tərəfdarı deyiləm”.

“Kütləvi tədbirlər deyəndə mitinq, aksiya yada düşür”

Pənah Hüseyn
Pənah Hüseyn

Ancaq keçmiş millət vəkili Pənah Hüseyn fərmanın görünməyən tərəfini “görməyə” çağırır. Onun fikrincə, ictimai asayişin qorunması adı altında yığılan gənclərdən siyasi fəallara qarşı istifadə edəcəklər:

“2009-cu ildə polis yanında İctimai Şura yaradılanda da buna etiraz etmişdim. O vaxt da bundan siyasi müxalifətə qarşı istifadə edildi, ancaq bir nəticəsi olmadı. “Kütləvi tədbirlər zamanı ictimai asayişin qorunması” dedikdə mitinqlər, aksiyalar nəzərdə tutulur”.

Pənah Hüseynin fikrincə, ölkədə polis yetərli saydadır: “Üstəlik də, kifayət qədər maliyyələşdirilirlər. Belə olan şəraitdə bu fərmanın müsbət nəticə verəcəyini güman etmirəm”.

“Mitinqləri dağıtmaqda polisə qanuni yardım edəcək”

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, fərmandan məhz “siyasi fəalların təqibi” qoxusu gəlir: “Polislə əməkdaşlığa yalnız 20-24 yaş arası kişi cinsindən şəxslərin cəlb olunması və qərarda cinayətlərin açılması üçün informasiya təminatından daha çox ictimai asayişin qorunmasına vurğu edilməsi, məndə elə təəssürat yaratdı ki, bu qərar daha çox hər hansı mümkün kütləvi aksiyalarda mülki vətəndaşların polisə qanuni olaraq yardım etməsi məqsədi ilə verilib”.

Bəxtiyar Hacıyevin fikrincə, müəyyən problemlər yarana bilər. “Məsələn, hər hansı bir polis əməkdaşı haqlı və ya haqsız olaraq vətəndaşı saxlayırdısa, vətəndaş polisə tabe olmağa üstünlük verir, digər bütün mübahisəli məsələlərlə bağlı məhkəməyə müraciət etməyi düşünürdü”, deyən ictimai fəal sual edir ki, indi vətəndaş küçədə onun qolunu burub harasa aparmaq istəyən şəxsin quldur, yaxud polislə əməkdaşlıq edən mülki vətəndaş olduğunu necə biləcək, yaxud, həmin şəxslərin zorakılığından hara və necə şikayət ediləcək?

“Polislə əməkdaşlığa niyə pul vermək istəsinlər?”

Bəxtiyar Hacıyev fərmanın ölkə iqtisadiyyatının böhranla üz-üzə qaldığı bir məqamda verilməsini də diqqətdən kənar qoymur:

“Bir çox dövlət və özəl qurumlar ixtisarlar edir, büdcəyə qənaət haqqında düşünürlər. Belə bir məqamda polislə əməkdaşlığın rəsmiləşməsi, əməkdaşlıq edəcək şəxslərə maaş verilməsi, istər-istəməz, diqqət çəkir”.

O əlavə edir ki, dünya təcrübəsində mülki şəxslərin polislə əməkdaşlıq təcrübəsi var, onlar daha çox cinayətkar qruplar, maliyyə piramidaları olan qurumlarda informatorlar və digər formalarda fəaliyyət göstərirlər. İctimai fəal Azərbaycanda bu praktikanın, rəsmi olmasa da, mövcudluğunu qeyd edir.

XS
SM
MD
LG