Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:43

Polis zabiti dələduzluq etdiyini boynuna alır


Polis. Foto arxiv
Polis. Foto arxiv

Yasamal rayonu 26-cı polis bölməsinin sahə müvəkkili olmuş Azər Qasımov rüşvət verməyə təhrikdə və dələduzluqda suçlanır. İddia olunur ki, o, oğlu həbsdə olan valideynləri aylarla aldadıb, pullarını ələ keçirib.

İsmayılovlar ailəsindən pulların həbsdə olan oğulları Vüqarın işini aparan müstəntiqə vermək, ekspertizadan onun xeyrinə rəy almaq və başqa adlarla alındığı bildirilir. Valideynlər deyir ki, Vüqara 12 il həbs cəzası veriləndən sonra aldadıldıqlarını başa düşüb, A.Qasımovdan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Keçmiş sahə müvəkkili dələduzluqda özünü təqsirli bilsə də, rüşvət verməyə təhrik ittihamını qəbul etmir. Deyir ki, heç kimi heç nəyə təhrik etməyib. Ona ifadə vermək təklif olunsa da, indi danışmaq istəməyib. Deyib ki, şahidlər dindiriləndən sonra danışacaq.

25 min manat verdiyini deyir

Fatimə İsmayılova deyir ki, A.Qasımova oğlunun həbsdən buraxılmasından ötrü bir neçə dəfəyə ümumilikdə 25000 pul verib. Ancaq A.Qasımovun ailəsi onlara dəymiş ziyanı ödəyib. Bu üzdən indi ona qarşı şikayət və tələbləri yoxdur: «Azər müəllim qaynımın qonşusudur. Deyirdi, lazım olan yerlərdə tanışları var, bizə kömək eləyəcək. Bir oğlum var, onu şərləmişdilər, nə desəydi, razılaşırdım».

F.İsmayılova konkret nə vaxt, nədən ötrü və nə qədər pul verdiyini məhkəmədə yada sala bilməsə də, onun istintaqdakı ifadəsindən bu məsələlər açıqlanıb. Məlum olub ki, məsələn, birinci dəfə Vüqar yeni həbs olunan vaxtda polis idarəsinə onu çəkmək üçün telekanalların gəldiyi deyilib. Bunun qarşısını almaqdan ötrü müstəntiqə 1000 manat verilməli olduğu bildirilib: «Mən onda 600 manat verdim».

Maştağadakı psixiatriya klinikasından rəy almaq üçün 2300, ekspertizanın onun xeyrinə rəy verməsindən ötrü 5000 manat pul verildiyi bildirilir. Bir müddət sonra təkrar ekspertiza adıyla 4500 manat da verilib. Ardınca İsmayılovlara deyilib ki, istintaqı artıq polis idarəsi yox, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi aparır. Bu idarənin müstəntiqinə 10000 manat vermək lazımdır:


«Mən çətinliklə 9600 manat düzəltdim. Dedi ki, 9500-nü verdim, üstündən 100 manat özüm borc götürdüm. 500 manat idarəyə borclu qaldıq. Sonradan bildik ki, iş heç vaxt o idarəyə gəlməyib. Az sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə gəldi. Onda da dedi ki, məhkəmənin təkrar ekspertiza təyin etməsi üçün 5000 manat lazımdır. O qədər düzəldə bilmədik, 3800 manat verdik».

F.İsmayılova deyir ki, bu məbləğləri «Kapitalbank» və «Turanbank»dan götürülən kreditlər, qohumların qızıllarını girov qoyub lombarddan götürülən pullar hesabına düzəldirdi.

A.Qasımovun ittiham olunduğu CM-in 178 (dələduzluq) və 32.312-ci (rüşvət verməyə təhrik) maddələrində 8 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən Bakı Dövlət Universitetinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımovun oğludur.

XS
SM
MD
LG