Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:42

Praqada yaşayan ukraynalı atalar vətəni deyil, ailəni seçirlər


Praqadakı ukraynalı atalar ailələrini vətəndən üstün tuturlar
Praqadakı ukraynalı atalar ailələrini vətəndən üstün tuturlar

Ailələrini Çexiyaya köçürən iki ukraynalı ata Kiyev səfərbərlik üçün yenidən qeydiyyatdan keçmək əmri versə də, vətən uğrunda döyüşən çağırışçılar arasında olmağı planlaşdırmır. Mayın 18-də əsgər sayını artırmağa yönəlmiş yeni səfərbərlik qanunu qüvvəyə minəndən sonra xaricdə yaşayan ukraynalılar ağır seçim qarşısında qala bilərlər. Praqada yaşayan bir ukraynalı kişi AzadlıqRadiosuna deyib ki, 2022-ci ildə Rusiyanın hücumundan az öncə Ukraynanı tərk etməyə qərar verməsi onun əxlaqi dəyərlərini sual altına alır və ölkədə qalanların onu nəyə görə tənqid edə biləcəyini anlayır.

Bu 44 yaşlı ukraynalı üç uşaq atası Rusiyanın ölkəsinə tammiqyaslı hücumundan az öncə Praqaya köçüb. İndi Ukraynanın yeni səfərbərlik qanunu onun və xaricdə yaşayan digər hərbi xidmət yaşlı kişilərin çağırış üçün yenidən qeydiyyatdan keçməsini tələb edir.

O, adının anonim qalmasını xahiş edib: "Məncə, istər müharibədən az öncə, istərsə müharibə dövründə köçənlərin hamısı qəlblərinin bir küncündə öz əxlaqi dəyərlərini sual altına qoydular. Son nəticədə şəxsən mən özümü əxlaqi dəyərlərin ən vacib şey olduğuna inandıra bilmədim".

Rusiyanın irəliləyişi və canlı qüvvə azlığı ilə üzləşən Ukraynanın səfərbərlik səyləri əsgər sayını artırmaq məqsədi daşıyır.

2022-ci ildə Rusiya hücum başladandan sonra Kiyev çağırış yaşlı kişilərin ölkəni tərk etməsini yasaqlayıb.

Dostları cəbhə xəttində döyüşən bu kişi xaricdə yaşamaq qərarının asan olmadığını deyir: "Məndən "Nə üçün geri qayıtmırsan" deyə soruşulanda verməyə cavabım yoxdur. Müharibə zamanı köçən adamlar, ya da məsələn, mənim kimi hücumdan az öncə köçənlərə döyüşən insanların baxış bucağından baxanda onların bizi – ölkəni tərk edənlərin hamısını "qorxaq" adlandırmağa haqqı var".

O, Ukraynaya xaricdən kömək etməyə çalışdığını, ancaq 19 yaşı yeni tamam olmuş böyük oğlunun müharibəyə getməsini istəmədiyini deyir.

David Kaliniçenko
David Kaliniçenko

"Lazım olmadığın ölkəyə geri dönməyi anlamsız sayıram"

Çexiya hökumətinin bilgisinə görə, ölkədə 94 minə yaxın hərbi xidmət yaşlı ukraynalı kişinin müvəqqəti qorunma statusu var.

David Kaliniçenko iki il öncə - Rusiya hücuma keçərkən xaricdə yaşadığını deyir. Onun ailəsi hücumdan bir həftə sonra Ukraynanı tərk edib: "Biz hamımız müharibənin bitməsini gözləyirik. Mənə gəlincə, evə getmək istəyirəm. Mən düşünürəm ki, dünyada ailədən dəyərli heç nə yoxdur. Heç nə. Ailə bizim ölkəmizdir, balaca ölkəmizdir. Mən ailəm üçün hər şeyi edərəm. Təki bilim ki, onların işləri qaydasındadır".

Ukrayna xaricdə yaşayan və çağırış bilgilərini yeniləməyən kişilərə konsul xidməti göstərilməsini dayandırıb. Bu addım bir çoxlarını çətin duruma salıb.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba deyir ki, "xaricdə yaşamaq vətəndaşı vətən qarşısındakı vəzifələrindən azad etmir".

Ancaq Kaliniçenko fərqli düşünür: "Dövlət öz vətəndaşlarına arxa çevirəndə mən, sadəcə, dünyada nə baş verdiyini anlamıram. Öz insanlarını necə ata bilərsən? Düzünü desəm, pasportumun vaxtı keçəndən sonra Ukrayna pasportu ala bilməsəm, başqa ölkənin pasportunu alacağam. Axı lazım olmadığın ölkəyə geri dönməyi anlamsız sayıram".

Hər iki şəxs Praqadakı həyatlarından razı olduğunu, ancaq müharibə bitəndə Ukraynaya qayıtmağa üstünlük verdiyini deyir.

Çexiya hökuməti ukraynalı qaçqınları dəstəkləməyə davam edəcəyini, ancaq bunun qanuni öhdəliklərindən yayınmağa çalışanlara aid olmadığını bildirib.

Kiyev daha çox hərbi qulluqçuya təcili ehtiyacı olduğunu vurğulayıb. Ancaq, hələlik, öz müttəfiqlərindən döyüş yaşlı kişiləri geri göndərməsini tələb etmədiyini bildirib.

XS
SM
MD
LG