Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:21

Rusiyada təyyarə qəzaya uğrayıb, sərnişinlərin arasında Priqojinin də olduğu deyilir


Təyyarənin düşdüyü ərazi
Təyyarənin düşdüyü ərazi

Rusiyada Tver vilayətinin Boloqovsk rayonunda Embraer Legacy tipli təyyarə qəzaya uğrayıb.

Bu məlumatı Rusiya FHN-ə istinadla RBK agentliyi verib.

Baza teleqram kanalının məlumatına görə qəzaya uğramış Embraer ERG 135 və bort nömrəsi RA-02795 olan təyyarə Vaqner özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinə məxsusdur.

Kanal xəbər verir ki, təyyarə Moskvadan Sankt Peterburqa uçurdu. Təyyarədə 3 nəfər heyət üzvü də daxil 10 nəfər olub. İlkin məlumata görə onların hamısı həlak olub.

Rusiyanın TASS dövlət xəbər agentliyi Rosaviasiya dövlət qurumuna istinadla sərnişinlərin siyahısında Yevgeni Priqojinin olduğunu bildirir. Amma onun təyyarədə olub-olmadığı dəqiq məlum deyil.

Mash teleqram kanalı yazır ki, qəzanın ilkin versiyalarından biri də terror aktıdır. Kanalın məlumatına görə hazırda bu versiyanı xüsusi xidmətlər araşdırır.

Priqojin Rusiyada ilk qeyri-rəsmi özəl və dövlət strukturlarına bağlı olmayan hərbi şirkətin təsisçisidir.

Vaqnerçilər Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsində iştirak ediblər.

Priqojinin özü Ukrayna cəbhəsində olarkən dəfələrlə müdafiə naziri Sergey Şoyqunu və baş qərargahın rəisi Valeri Gerasimovu sursat çatışmazlığına görə nalayiq sözlərlə təhqir edib.

Vaqnerin komandanı Utkinin də təyyarədə olduğu deyilir

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Priqojinə bağlı strukturlar hələ ki hadisə ilə bağlı açıqlama verməyib.

Lakin Vaqner özəl hərbi şirkətinə bağlı Grey Zone teleqram kanalı təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu yazır.

Media xəbərlərinə görə yaxın çevrəsi Priqojinlə əlaqə saxlaya bilmir.

Jurnalist Andrey Zaxarov yazır ki, Priqojin və Vaqner qrupunun rəhbərliyi bugün Afrikadan Rusiyaya uçmalı idilər.

Ukraynada işğal olunmuş Zaporojye vilayətinin Rusiya tərəfindən təyin edilmiş administrasiya rəhbəri Vladimir Roqov vaqnerçilərə istinadən bildirib ki, qəzaya uğrayan təyyarədə Priqojinin özü və qrupun komandanı Utkin də olub.

Uçuşları izləyən Flightradar bildirir ki, təyyarə Moskvadan havaya qalxıb və Tver üzərində radarlardan itib.

Bu da bildirilir ki, qəza zamanı havada Priqojinə məxsus daha bir təyyarə, RA-02795 bort nömrəli biznes-cet də olub.

Bu təyyarə Sankt Peterburqdan Moskvaya uçurdu və Moskva yaxınlığındakı Ostafyevo özəl aviasiya aerodrumuna enib.

Bu təyyarənin içərisində kimlərin olduğu bilinmir. Bəzi mülahizələrə görə Priqojin qəzaya uğrayan yox, bu təyyarənin göyərtəsində ola bilərdi.

Putin “cəzalarına çatdırılacaq” demişdi

Priqojin iyunun 23-də Rusiya Müdafiə Nazirliyini və Baş Qərargahını Ukrayna müharibəsində səriştəsizliyinə görə sərt tənqid etmiş və Moskvaya yürüş edəcəyini bəyan etmişdi.

Lakin iyunun 24-də gecə yarısı Belarus prezidenti Alyaksandr Lukaşenkanın vasitəçiliyi ilə Vaqner yürüşünü dayandırıb.

Bu razılaşmaya əsasən Vaqner qrupunun muzdluları Belarus ərazisinə köçürülməli idilər.

Vladimir Putin o vaxt demişdi ki, “şüurlu şəkildə satqınlıq, terror və şantaj yolunu tutanların hamısı qaçılmaz cəzalarına çatdırılacaq”.

Əslində həmin hadisədən sonra Priqojinin bir neçə fotoları və səs yazıları yayılsa da, video görüntüləri yayınlanmamışdı.

XS
SM
MD
LG