Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:14

Priqojin ‘trol fabriki’ olduğunu etiraf edir


Yevgeni Priqojin
Yevgeni Priqojin

Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələri olduğu deyilən biznesmen Yevgeni Priqojin ilk dəfə olaraq İnternet Tədqiqat Agentliyinin sahibi olduğunu etiraf edib. Bu agentlik Sankt-Peterburqda yerləşən “trol fabriki”dir, saxta sosial media hesabları yaradaraq dezinformasiya və propaqanda yaymaq üzrə ixtisaslaşıb.

Priqojin həm də Rusiyanın Vaqner muzdlu döyüşçülər qrupunun lideri və həmtəsisçisidir.

İttihamlar

Ədliyyə Departamenti 2018-ci ilin fevralında İnternet Tədqiqat Agentliyini və Priqojinin nəzarətində olan “Concord Management” və “Concord Catering” şirkətlərini, eləcə də Priqojinin özünü və daha 15 rusiyalını “2016-cı ilin prezident seçkisi daxil olmaqla ABŞ-də siyasi və seçki proseslərinə müdaxilə məqsədilə” saxtakarlıqda ittiham edib.

Priqojin fevralın 14-də bir qrup qərb jurnalistinin suallarına yazılı cavabında qeyd edib ki, “bunu mən planlaşdırdım, yaratdım və uzun müddət idarə etdim”. Onun sözlərinə görə, agentlik “Rusiyanın informasiya məkanını qərbin antirusiya şüarlarının abırsızcasına aqressiv propaqandasından qorumaq” məqsədilə yaradılıb.

O həmçinin “Cyberfront Z” adlı daha bir trol fabrikinə yer verdiyini etiraf edib. Bu qurum isə Rusiya ötən ilin fevralında Ukraynaya qarşı səbəbsiz işğala başlayanda yaradılıb.

“Lobaye Invest”in sahibi kimdir

Cənubi Afrika Respublikasında (CAR) qızıl və almaz yataqlarını istismar edən “Lobaye Invest” şirkətinin sahibi olması haqda suala cavabında Priqojin deyib ki, bu şirkət üç il öncə likvidasiya olunub. Ancaq əlavə edib ki, şirkətə Dmitri Sıtı rəhbərlik edib, Afrikada mədən sənayesi deyil, geoloji tədqiqatlarla məşğul olub.

Priqojin rəsmən CAR-da Rusiya Evi mədəniyyət mərkəzinin rəhbəri olmuş Sıtının dekabrda xəstəxanaya düşdüyünü yada salıb. Buna onun poçtla aldığı bağlamanı açanda partlayıcı qurğunun işə düşməsi səbəb olmuşdu.

Priqojin qərb jurnalistlərini “qərb ölkələrinin terrorçu fəaliyyətinə görə” Sıtıdan üzr istəməyə çağırıb.

“Vaqner”in təsisçisi daha öncə Rusiyanın Ukraynaya hücumuna görə Qərbin qoyduğu sanksiyaları açıq şəkildə pisləyib, ABŞ və Avropa İttifaqını Ukraynadakı “neonasist” hökuməti dəstəklədiyi üçün ittiham edib.

XS
SM
MD
LG