Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:01

'Problemli kreditlərin çoxunu bank sahibləri və inzibatçıların özləri yaradıb'


Əkrəm Həsənov
Əkrəm Həsənov

Azərbaycanın bank sektoru zəif olaraq qalır və mürəkkəb iqtisadi şəraitin təsiri altındadır. Bu barədə «Standard&Poor's» (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Agentlik məlumatında qeyd edir ki, Azərbaycan Mərkəzi Bankının (AMB-nin) problemli kreditlərlə bağlı statistikası reallığı göstərmir. Agentlik ekspertləri örnək kimi, ötən ilin noyabrını götürüblər: «AMB-nin 2016-cı ilin noyabr ayı üzrə açıqladığı statistikaya əsasən, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 9%-dir. Lakin biz hesab edirik ki, bu rəqəm kiçildilib və problemli kreditlərin real həcmi daha yüksəkdir».

Buna da bax-Azərbaycanın reytinqi 'zibil' səviyyəsində qalsa da...

Agentliyin ekspertləri qeyd edir ki, manatın baş verə biləcək devalvasiyası bankların fəaliyyətini daha da çətinləşdirəcək.

Ötən ilin sonuna problemli kreditlərin həcmi 1 milyard 442 milyon manata çatıb. Bu, 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8.9 faizi deməkdir. Qeyd edək ki, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda, bu rəqəm 5 faiz ətrafında dəyişirdi.

Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində reytinq agentliyinin qaldırdığı məsələlərə toxunub.

– Əkrəm bəy, agentlik hesab edir ki, əslində, vaxtıkeçmiş kreditlərin həcmi daha çoxdur...

– Mən bu barədə dəfələrlə danışmışam. Banklar problemli kreditlərinin həcmini az göstərirlər. Bunu bir neçə səbəbdən edirlər. Əvvəla, problemli kreditlər üzrə yüksək ehtiyatlar yaratmalıdırlar, bu da bank üçün əlavə xərcdir. Digər tərəfdən, problemli kreditlərin xeyli hissəsini bank sahibləri və inzibatçıların özləri yaradıb, yəni, faktiki pulları mənimsəyiblər. Hər şeyi açıb töksələr, barələrində cinayət işi açıla bilər. Nəhayət, problemli kreditlərin həcminin həqiqi göstəricisi bankların müştərilərini qaçırdacaq, çünki belə bankda pul hər zaman bata bilər.

– Ümumiyyətlə, Azərbaycanda belə kreditlərin hesablanması metodologiyası beynəlxalq tələblərə cavab verirmi?

– Metodologiya bütövlükdə cavab verir. Sadəcə, banklar müxtəlif üsullarla həqiqi məlumatdan yayınır. Məsələn, problemli kreditə görə başqa kredit verir ki, ilk kredit bağlansın və yeni krediti artıq problemli kimi göstərmirlər. Üsulları çoxdur. Ötən ilin iyulunda 4 bankı bağlayanda, Maliyyə Bazarlarına Nəzarət Palatası açıq-aşkar dedi ki, həmin banklar hesabatları təhrif edib. Yəni, bank sistemimizdə təhrif, yalançı hesabatlar adi hala çevrilib.

– Bu problemin həllindən ötrü hansı addımlar atılmalıdır? Baş bank problemi həll etmək üçün işlər gördümü?

– Bütün banklarda hərtərəfli və obyektiv yoxlama keçirilməlidir. Bank sahiblərinin və inzibatçılarının kredit adı ilə yaxınlarına verdiyi vəsaitlər aşkarlanmalı və qaytarılmalıdır. Bundan sonra ödəniş qabiliyyəti olmayan borcluların borcu silinməli, digərlərinə isə güzəştlər edilməlidir ki, ödənişləri davam etdirsinlər. Nəticədə müəyyən itkilər təbii olacaq, amma sistem sağlamlaşacaq, ona etimad artacaq. Ötən illər ərzində AMB bu sahədə heç bir iş görməyib, əksinə, özü rəvac verib bu işlərə. İndi də Palata çox çətin durumla üz-üzə qalıb.

– Agentliyin ekspertləri də hesab edir ki, növbəti devalvasiya bankların durumunu daha da çətinləşdirəcək. Manatın ucuzlaşması davam edir. Bankları nə gözləyir?

– Kreditlərin əksəriyyəti dollardadır. İndiyədək də əksər dollar kreditləri qayıtmırdı. Lakin dolların 2 manatdan da çox bahalaşması dollar kreditlərinin, demək olar ki, hamısının qaytarılmasını mümkünsüz edib. Qaytara bilən belə, artıq qaytarmaq istəmir, çünki bunu ədalətsiz hesab edir. Dövlət təcili məsələyə müdaxilə edib tədbirlər görməlidir. İlk növbədə, dollar kreditləri güzəştli məzənnə ilə manata keçirilməlidir.

XS
SM
MD
LG