Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:46

Müsahibə: 'Putinin taxtı uğrunda klan müharibəsi artıq başlayıb'


Üz qabığında Vladimir Putinin fotosunun yer aldığı "The Economist" jurnalı. 2017
Üz qabığında Vladimir Putinin fotosunun yer aldığı "The Economist" jurnalı. 2017

Roman Anin müstəqil "iStories" saytının həmtəsisçilərindən biridir. Rusiyalı araşdırmaçı jurnalist əvvəllər "Novaya qazeta"da işləyib.

O, Moskvada jurnalistika dərsləri keçib. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (BAJK) və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi (MCKQM) kimi beynəlxalq şəbəkələrlə işləyib. "Panama sənədləri" çərçivəsində sızdırılan milyonlarla məlumatı araşdırıb. O, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi haqqında ətraflı hesabatlar hazırlayıb.

2021-ci ildə Rusiya hakimiyyəti onu "xarici agent" adlandırdı və Anin hazırda xaricdə yaşayır.

Anin AzadlıqRadiosunun gürcü xidmətinə Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal qərarının onun üçün potensial riskləri, "Vaqner" muzdlu qruplaşmasının başçısı Yevgeni Priqojin və Milli Qvardiyanın rəisi Viktor Zolotov kimi şəxslərin hakimiyyət uğrunda manevrləri haqqında danışıb.

Putinin taxt-tacı uğrunda klanların müharibəsinin başladığına inanan Anin bunun onu devirmək yolu ilə olmayacağını deyib: "Putinin 70 yaşı var, cavan deyil. Bu o deməkdir ki, onun ətrafı Putinin gec-tez öləcəyini və ya istefa verəcəyini başa düşür. Onlar anlayırlar ki, onun ölümündən sonra müxtəlif ssenarilər üzərində işləməli olacaqlar. Onun ətrafı ilə bağlı problem ondadır ki, çox parçalanıblar. On illərdir ki, bir-birləri ilə mübarizə aparırlar. Məsələn, [Təhlükəsizlik Şurasının üzvü və Milli Qvardiyanın rəhbəri Viktor] Zolotov Putinə çox yaxın olub. Daha doğrusu, onun mühafizəçisi olub. Zolotov [Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr] Bortnikova, Bortnikov isə Zolotova nifrət edir, daim bir-biri ilə mübarizə aparırlar. Bu, mümkün varisin razılaşdırılmasını çox çətinləşdirir. Ona görə də hesab edirəm ki, onlardan birinin və ya koalisiyanın Putin ölməmişdən, yaxud hakimiyyəti itirməmişdən əvvəl hərəkətə keçmə ehtimalı daha yüksəkdir".

"Bu gəmidə ilişib qalıblar"

Jurnalist bu şəxslərin sadəcə öz canlarını, mallarını, yaxınlarının həyatını xilas etmək istədiklərini bildirib: "Rusiya müharibəni uduzduqdan sonra, (çünki onların heç biri artıq qələbəyə inanmır) taxt uğrunda döyüş başlayacaq. Müharibədə uduzan isə hər şeyini itirəcək. Hakimiyyəti, sərvəti.... Təsəvvür edin ki, Rusiyanın növbəti prezidenti Rusiya Federasiyasının ən mühüm dövlət orqanlarından biri olan Milli Təhlükəsizlik Şurasının rəhbəri Patruşevin klanından biridir. Bu o deməkdir ki, bütün bu illər ərzində ona qarşı mübarizə aparan xalq öz varlığını, bəlkə də, azadlığını, hətta canını belə xilas edə bilməyəcək və bunu hamı başa düşür. Buna görə də klan müharibəsinin olacağına, həqiqətən, inanıram. Onlar həyatları üçün mübarizə aparacaqlar. Məsələ burasındadır ki, onlar bu gəmidə ilişib qalıblar. Sanksiyalar, müxtəlif cinayətlərdə iştiraklar.... Onlar ölkəni tərk edə bilməzlər. "Yaxşı, gəlin Putinə xəyanət edək, harasa gedək" deyə bilməzlər. Təsəvvür edin ki, ilanlar eyni şüşəyə yığılıb və onlar bir-birlərinə nifrət edirlər".

Anin deyir ki, Rusiya prezidenti yaxın çevrəsindəki çaxnaşmalarda hakim kimi çıxış etməyi xoşlayır: "Əlbəttə ki, bu gün bu, belə deyil. Keçmiş cangüdəni, "Vaqner" muzdlu qruplaşmasının başçısı Yevgeni Priqojin və Müdafiə naziri Sergey Şoyqu arasında çaxnaşma var. Eyni zamanda, Priqojin və Çeçenistan Respublikasının lideri Kadırov arasında da açıq qarşıdurmalar var. Şübhəsiz ki, bu, Putinin gücünü artırmır, əksinə, zəiflədir. Putinin problemi budur ki, o, daim qərar verməkdən qorxan, oturub heç nə etməməyi üstün tutan və problemin bir şəkildə öz həllini tapmasını gözləyən siyasətçidir".

Variant varmı

"Putinin klan daxilində nəsə etməklə bağlı elə də çox variant yoxdur. Bir çox açıq bəyanatları oxusanız, görərsiniz ki, insanlar artıq Putini tənqid etməyə başlayıblar. Artıq deyirlər ki, sən vətənə xəyanət edirsən. Bunlar çox ciddi ittihamlardır. Putin ya özü hərəkət edəcək, yəni, keçmiş müttəfiqlərinə qarşı repressiyalara başlayacaq, ya da çox gec olacaq. Çox çətin qərardır. Belə bir qərarın Ukraynanı işğal etmək qərarından daha çətin olması onun üçün gülüncdür. Və o, hələ bu qərarı verməyib", – Anin vurğulayıb.

Putinin özünə hələ də xələf seçməməsi ilə bağlı sualı cavablandıran Anin bildirib: "Düşünürəm ki, onun alternativ fiquru yoxdur. O bilir ki, onun klanları ayrıdır və bütün klanlara xidmət edəcək birini tapmaq çox çətindir. Və, eyni zamanda, o, həqiqətən də, azadlığı və həyatı üçün qorxur. Gücünü itirməkdən qorxur. Məncə, bugünlərdə Putinin ən böyük peşmanlığı onun təbii varisi ola biləcək oğlunun olmamasıdır. Beş il əvvəl onun cangüdənləri haqqında məqalə hazırlamışdım, onları müxtəlif agentliklərə, xüsusilə gizli xidmətlərə təyin edirdi. Mühafizəçilərdən birinə "Putin niyə belə edir" sualını verdim. Cavabı sadə idi: "Çünki bu adamlara güvənir. Mühafizəçiləri onun arxasında 20 il silahla dayanıb, amma onu öldürməyiblər". Varis tapmaq, həqiqətən, riskli qərardır, çünki o, prezident olduqdan bir gün sonra varisinin ona xəyanət etməyəcəyinə necə əmin ola bilər? Ona görə də qorxur və əminəm ki, Putin bu il yenidən prezidentliyə namizəd olacaq".

"Xoşbəxt baba" kimdir

Putini Rusiya və dünya tarixinin ən pis diktatorlarından biri adlandıran araşdırmaçı-jurnalist onun Avropanın ən qəddar müharibələrindən birini başladan şəxs kimi yaddaşlarda qalacağını söyləyib. “"O, rus və dünya tarixində I Pyotr ilə Böyük Yekaterina arasında bir yerdə yaşamaq istəyirdi, amma Hitler ilə Qəddafi arasında bir yerdə olacaq" deyən Anin Priqojinin videolarında müraciət etdiyi "Xoşbəxt baba"nın kimliyindən də danışdı. Onun sözlərinə görə, "xoşbəxt baba" Qerasimov deyil, Putindir: "Əvvəla, "baba" Putinin ləqəbidir və bunu hamı bilir. Priqojin bu ləqəbi təsadüfən seçməyib. Əlbəttə ki, o, başa düşür ki, Qerasimov rəsmi olaraq "xüsusi hərbi əməliyyat" adlandırdıqları əməliyyata rəhbərlik edir, lakin bütün əsas qərarları Putin verir. Yəni, "Vaqner" muzdlu qruplaşmasına silah və sursat verilməsi barədə qərarı Qerasimov deyil, Putin verir. Onun "mayın 10-da Baxmutdan çıxırıq" dediyi videomüraciətində hamı yalnız birinci hissəyə diqqət yetirdi. Priqojin videoda dedi ki, "biz mayın 10-da yola düşəcəyik və Rusiya xalqının bizə ehtiyacı olana qədər gözləyəcəyik ki, liderlərimizin necə davrandığına baxasınız və bunun çox yaxında baş verəcəyini inanırıq". Çox aydın idi ki, o, hansısa inqilabdan, dövlət çevrilişindən filan danışır. Bu, çox təhlükəli bəyanatdır və heç kim bunun fərqinə varmayıb. Amma mən inanıram ki, Putin və onun Kremldəki adamları bunu başa düşüblər".

Putin və Priqojinin bir-birindən asılılığı

Anin qeyd edir ki, Priqojinin bəyanatları Putinin gücünü zəiflədir və onlar həm də bir-birindən çox asılıdır: "Priqojin cəbhə xəttinin ən mühüm hissəsində 50 min nəfərə cavabdehdir. Əgər onlar getsəydilər, bilirsiniz, bu, müharibənin sonu, ya da ən azından rus ordusunun çox ciddi məğlubiyyəti olardı. Priqojin də Putindən asılıdır, çünki onlar sursatsız, silahsız döyüşə bilməzlər. Buna görə də hesab edirəm ki, Putin Priqojinin orada öləcəyini Zelenskidən daha çox arzulayıb. Açığı bu, onun probleminin ən yaxşı həlli olardı".

Priqojin, Şoyqu və Qerasimov qarşıdurmasında kimin qalib gələcəyi ilə bağlı suala cavabında Anin deyib ki, bu, Ukraynanın hər hansı əks-hücumu və ondan sonra baş verənlərdən asılıdır. Onun sözlərinə görə, işlər çox tez dəyişməyə başlaya bilər: "Qorxuram ki, Rusiya əsl xaosun başlamasının astanasında olsun".

"Əsas narahatlığım başqadır. Təsəvvür edin ki, Priqojin müharibədə qalib gəlib və indi ikinci ən böyük nüvə arsenalına malik ölkə Putindən də betər cinayətkarın, sadistin, insanlara işgəncə verməyi və öldürməyi sevən insanın əlindədir. Bu, Qərb üçün də çox ciddi problem olar", – jurnalist deyib.

Kadırovun əsl ambisiyası

Anin AzadlıqRadiosunun "Ramzan Kadırov hakimiyyət mübarizəsində hansı real və ya qeyri-real məqsədlər güdə bilər" sualına belə cavab verib: "Məncə, əksər ekspertlər onun ambisiyalarını bir qədər şişirdirlər. Düşünmürəm ki, onun prezidentlik ambisiyası olsun. Onun öz [Çeçenistan] respublikasında gördüyü işlərə baxsanız, görərsiniz ki, qohumlarını respublikada mühüm vəzifələrə təyin edib. Məncə, o, sadəcə indi olduğu yerdə olmaq istəyir. Çeçenistanda istədiyini edə bilən adamdır. Bu, bütün rusiyalıların maliyyələşdirdiyi dövlət daxilində heyrətamiz bir dövlətdir. Fikrimcə, Çeçenistan federal büdcənin pulundan asılıdır. Ona görə də onun orada hakimiyyətdə qalıb taxt-tacında ölməkdən və hakimiyyəti qohumlarından birinə verməkdən başqa ambisiyası yoxdur".

Anin digər namizədlərdən də danışıb: "Rusiyada (milyarder Yuri) Kovalçukun ikinci [ən güclü] adam olduğuna inanılır. Məncə, bu, bir faktdır. Şübhəsiz ki, o, Putinə ən yaxın adamlardan biri idi və işğaldan xəbərdar idi. Bəlkə də, bu qərara təsir edən də o idi. Bilmirik, amma ekspertlərin əksəriyyəti belə düşünür. Eyni zamanda, Seçin, Çemezov, Kovalçuk kimi Putinin ən qədim dostları sayılan insanlar arasında da çoxlu savaşma olur".

"İmtiyazlılar" klanı

Anin məqalələrində daha çox üç klandan danışır. Priqojin və onun kimi "qaniçənlər", Putinin yaxın çevrəsi olan oliqarx "imtiyazlılar" və müharibədə qalib gəlmək istəyən "vətənpərvərlər". "Bu üç klandan hansı hakimiyyətə gəlsə, daha yaxşı olar" sualına araşdırmaçı-jurnalist belə cavab verib: "Həm Rusiya üçün, həm Ukrayna üçün, həm də bütün dünya üçün ən yaxşı seçim "imtiyazlılar" klanıdır. Demək istəmirəm ki, Putinin çevrəsindəki bu klan yaxşıdır, yox, hamısı korrupsionerdir. Hamısı müxtəlif cinayətlərdə iştirak ediblər. Amma "qaniçənlər"dən daha ağıllıdırlar. Və əgər xalq nəhayət başa düşsə ki, müharibəni dayandırmaq lazımdır, onda Rusiyada hər şeyi, həqiqətən, sürətlə dəyişə bilər. Təsəvvür edin ki, bu klan koalisiyası Putini Beynəlxalq Cinayət Məhkəməsinə aparıb deyir: "Bütün qoşunları Ukraynadan çıxarırıq. Təhlükəsizliyə zəmanət veririk və bunun müqabilində də Qərb bizim təhlükəsizliyimizə zəmanət verir. Biz yenidən başlamağa söz veririk". İnanıram ki, həqiqətən də müharibədən bezmiş Qərb bunu qəbul edəcək, çünki bu, Ukraynanın qələbəsi, müharibənin başa çatması və Rusiya ilə yeni münasibətlərin başlanması demək olacaq. Bu, əslində ən yaxşı ssenari olardı. Və ümid edirəm ki, "imtiyazlı" adlandırdığımız koalisiya gec-tez bunu anlayacaq. Əks halda, Rusiya Priqojinlə Strelkov arasında ilişib qalacaq. Bu da çox yaxşı variant deyil". (İqor Strelkovun 2014-cü ildə Krımın ilhaqında rolu olub, Ukraynanın şərqində separatçıları dəstəkləyib)

"Ukrayna döyüş meydanında qalib gəlsə, nə baş verəcək" sualına isə Anin belə cavab verib: "Hamımız bunun baş verəcəyinə, Ukraynanın döyüş meydanında qalib gələcəyinə ümid edirik. Bu, Rusiyada xaosun başlaması və müzakirə etdiyimiz bu klanlar müharibəsinin başlanğıcı demək olardı. Biz ondan sonra bu klan müharibəsində kimin qalib gələcəyini görəcəyik. Növbəti ssenariləri proqnozlaşdıra bilmərik. Spektr çox genişdir. Total xaos yarana bilər, Rusiyanın küçələrində davamlı çaxnaşmalar ola bilər, ölkə bir növ Afrika dövlətinə çevrilə bilər. Bilmirəm. Bu, taxt uğrunda döyüşdə kimin qalib gələcəyindən asılı olacaq".

XS
SM
MD
LG