Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:50

Rusiyalı deputatdan ‘baş kəsmək’ vədi


Vladimir Putin və Ramzan Kadırov
Vladimir Putin və Ramzan Kadırov

Putinin sözçüsü deyib ki, xaricdən səsləndirilən bəyanatlar Kremlin hər hansı hərəkəti, xüsusən də Ramzan Kadırova qarşı hərəkəti üçün əsas ola bilməz

Rusiyanın Çeçenistan regionundan deputat insan haqları fəalı Abubakar Yanqulbayevin ailə üzvlərinin hamısının “başını kəsmək” andı içib. İşgəncələrə qarşı Komitənin keçmiş hüquqşünası Yanqulbayevin anası Zarema Musayeva ötən ay Nijni Novqoroddakı mənzilindən oğurlanaraq Çeçenistana aparılıb.

Deputat fevralın 1-də Instagram-da canlı yayında Yanqulbayevin ailəsini təhdid edən bəyanat səsləndirib.

“Həyatınızı, mülkünüzü vecimizə almadan, başınızı kəsməyincə, hamınızı öldürməyincə sizi gecə də, gündüz də təqib etdiyimizi bilməlisiniz. Sizinlə qan davası aparırıq. Bu sözlər bu mesajı ruscaya çevirənlərə də aiddir”, – Delimxanov 1ADAT Telegram kanalında çeçen dilində çıxışında deyib.

Çeçenistanın Kremlin dəstəklədiyi lideri Ramzan Kadırov isə fevralın 1-də Instagram-da videobəyanatında digər ölkələri Yanqulbayevin ailə üzvlərini “qovmağa”, yaxud onları qəbul etməməyə çağırıb. O, sözügedən ailənin üzvlərini “banditlər”, “terrorçular” adlandırıb.

Kadırov Rusiya federal hakimiyyətinə daha öncəki müraciətini bir daha dilə gətirib. O, İşgəncələrə qarşı Komitə adlı insan haqları qrupunun təsisçisi İqor Kalyapinə, “Novaya Gazeta” nəşrinin Çeçenistanda insan haqları pozuntularından yazan jurnalisti Yelena Milaşinaya və Dojd televiziyasına qarşı cinayət işləri açmağa çağırıb. Kadırov onları da “terrorçular” adlandırıb.

***

Putin Ramzan Kadırovun işinə qarışmayacağını deyib

Rusiya prezidenti Vladimir Putin Çeçenistanın başçısı Ramzan Kadırov və İşgəncələr Əleyhinə Komitənin keçmiş hüquqşünası Abubakar Yanqulbayevin anası Zarema Musayevanın oğurlanması ətrafında yaranmış məsələyə qarışmaq niyyətində deyil.

Bunu fevralın 1-də Putinin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarına cavab verərkən deyib.

Rusiyanın keçmiş federal hakimlərindən Saydi Yanqulbayevin xanımı Zarema Musayeva yanvarın 20-də Çeçenistandan min kilometr aralıda olan Nijni Novqoraddakı mənzilindən özlərini polis kimi təqdim edən maskalılar tərəfindən aparılaraq Çeçenistana gətirilib.

Onu aparanlar bildiriblər ki, o və əri dələduzluq işi ilə bağlı Çeçenistanda aparılan istintaqla əlaqədar dindirilməyə dəvət olunublar.

Xəbər verilir ki, hakimə onun statusuna görə toxunmayıblar, amma diabet xəstəsi, həmin vaxt COVID-19-a yoluxmuş Musyevanı oğurlayıblar.

Rusiya polisi hadisə yerinə yalnız üç saatdan sonra gəlib. Prokurorluq insan haqları müdafiəçilərinin ərizəsini qəbul etməyib.

FTX-dən isə “Novaya qəzeta” nəşrinə telefonla bildiriblər ki, “belə bir şey ola bilməz”.

Peskovun ilkin reaksiyası

AzadlıqRadiosunun Rus xidməti yazır ki, hadisə baş verəndən dərhal sonra Kremlin sözçüsü Peskovun da reaksiyası belə olmuşdu.

O bunu “hansısa fantastik əhvalat” adlandırmış və demişdi ki, Kremldə buna inanmırlar.

Çeçenistanın başçısı Ramzan Kadırov hadisədən əvvəl yazdığı videomüraciətdə Yanqulbayevlər ailəsini hədələmiş, onların yerinin ya torpağın altı, ya da həbsxana olacağını demişdi.

Kadırov daha sonra iddia etmişdi ki, guya Zarema Musayeva Çeçenistana gətirildikdən sonra polis əməkdaşına hücum edib və “az qala onun gözünü” çıxarmağa çalışıb.

Kreml yaxasını kənara çəkir

Baza Telegram-kanalının məlumatına görə Musayeva hazırda Çeçenistanda elə polisə hücum ittihamı ilə saxlanır. Onun Qroznıda saxlandığı təcridxanaya vəkilini buraxmırlar.

Bu da xəbər verilir ki, Musayevanın digər oğlu İbragim Yanqulbayev də Çeçenistanda terrorçuluğa çağırışda ittiham olunur.

Saydi Yanqulbayev və onun qızı Kadırovun hədələrindən sonra Rusiyanı tərk ediblər.

Abubakar Yanqulbayev anasının oğurlanmasından sonra Putinə müraciət edib.

Onun bu müraciətinə cavab olaraq Dmitri Peskov fevralın 1-də jurnalistlərə deyib ki, “prezidentin bu məsələyə müdaxilə etmək niyyəti yoxdur”.

Peskovun sözlərinə görə, Kremlin bu məsələni araşdırmasına ehtiyac yoxdur, çünki hüquq-mühafizə orqanları öz vəzifələrini dəqiq yerinə yetirir.

Putin niyə Kadırova dəyib-dolaşmır?

Putinin sözçüsü əlavə edib ki, əgər Yanqulbayevin uşaqları Rusiya Federasiyasında öz həyatlarına təhlükə görürlərsə, bu Kremlin yox, müvafiq orqanların işidir:

"Xaricdən səsləndirilən bəyanatlar Kremlin hər hansı hərəkəti, xüsusən də Ramzan Kadırova qarşı hərəkəti üçün əsas ola bilməz. KİV-lərin bəyanatları hüquq-mühafizə orqanlarına müraciət hesab olunmur”.

İşgəncələr Əleyhinə Komitənin insan haqları fəalları Çeçenistanın güc strukturlarının hərəkətini, o cümlədən Zarema Musayevanın oğurlanmasını Abubakar Yanqulbayevin fəaliyyəti ilə bağlayırlar.

2021-ci ilin sonunda Abubakar Çeçenistanda onun 40-dək qohumunun oğurlanması barədə bəyanat yaymışdı.

Onun özünü Pyatiqorskda dindirmiş və müxalif 1ADAT telegram-kanalı ilə bağlılığına dair suallar vermişdilər.

Kadırovun insan haqları pozuntuları ilə bağlı Vladimir Putinə bundan əvvəl də müraciətlər olub. İnsan haqları təşkilatları Putini Kadırovun “ipini çəkməyə” çağırıblar.

Lakin təhlilçilərin fikrincə Putin Kadırovun qanundankənar hərəkətlərini görməzliyə qoymağa üstünlük verir, çünki Moskvanın, vaxtilə qiyam qaldırmış ərazi üzərində nəzarətini onun əli ilə həyata keçirir.

XS
SM
MD
LG