Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:44

Putin: KTMT rəngli inqilablara yol verməyəcək


Vladimir Putin
Vladimir Putin

Kasım Jomart Tokayev isə çıxışında ölkəsində baş verənləri “dövlət çevrilişinə cəhd” adlandırıb. O, bu addımın arxasında hansı siyasi qüvvələrin dayandığını açıqlamayıb. “Dinc etirazlar pərdəsi altında nəhəng iğtişaşlar törədilib, bir komanda ilə dini radikallar, kriminal elementlər, qəddar soyğunçular, talançılar, xırda xuliqanlar ortaya çıxıb”, daha sonra “silahlılar öz saatlarını gözləyiblər”, – Tokayev deyib. Onun sözlərinə görə, iğtişaşlara xaricdən də qatılanlar olub və onları “terrorçu” adlandırıb. Prezident konkret ölkə adı çəkməyib.

Ordu dinc etirazçılara atəş açmayacaq

Tokayev hakimiyyətin dinc aksiya iştirakçılarının tələblərini yerinə yetirdiyini deyərək dinc aksiyalarla iğtişaşları qarışdırmamağa çağırıb. Onun sözlərinə görə, Qazaxıstan ordusu heç vaxt dinc etirazçılara atəş açmayacaq. Tokayev ötən həftə etirazçılara xəbərdarlıqsız atəş açmaq əmri verdiyini demişdi. Onun fikirləri hüquq müdafiəçiləri, Qərb ölkələri, o cümlədən ABŞ Baş katibi tərəfindən tənqid olundu.

Qazaxıstan prezidenti KTMT qüvvələrinin gəlişinin dövlət çevrilişi hazırlayanların planlarını pozduğunu, Almatıda asayişin bərpasına kömək etdiyini vurğulayıb. O, köməyə görə şəxsən Putinə təşəkkür edib.

Tokayev “dövlət çevrilişi cəhdi” ilə bağlı iddialarını hər hansı dəlillə əsaslandırmayıb, bu haqda daha sonra danışacağını deyib. O, hüquq-mühafizə əməkdaşlarının dinc nümayişçilərə hücum etməsi haqda xəbərləri və şahidlərin dediklərini “dezinformasiya” adlandırıb.

Tokayev iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 16 əməkdaşının həlak olduğunu açıqlayıb. O, mülki şəxslər arasında ölənlərin sayının dəqiqləşdirildiyini deyib.

Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin keçmiş başçısı Kərim Məsimov həbs olunub, keçmiş prezident Nursultan Nazarbayevə yaxın bir sıra məmurlar vəzifədən kənarlaşdırılıb. Nazarbayev isə, təmsilçisinin dediyinə görə, Təhlükəsizlik Şurasının rəhbərliyindən könüllü gedib, bu postu Tokayev tutub.

***

Destruktiv daxili və xarici qüvvələr Qazaxıstandakı iğtişaşlardan yararlanıb, Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) digər qüvvələrin sabitsizliyi pozmasına imkan verməyəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin yanvarın 10-da KTMT liderlərinin videokonfransında deyib. Xəbəri “Reuters” yayıb.

Onun sözlərinə görə, KTMT qüvvələri silahlı qrupların Qazaxıstanda hakimiyyətin bazasına zərbə vurmasını önlədi. Putin KTMT qüvvələrinin missiya tamamlanan kimi geri çəkiləcəyini vurğulayıb.

“Rəngli inqilablar”

Rusiya prezidenti baş verənlərin regionu qarışdırmağı hədəfləyən ilk cəhd olmadığını sözlərinə əlavə edib. O, son 20 ildə bəzi postsovet ölkələrində inqilablar eyhamla, KTMT-nin “rəngli inqilablar”a yol verməyəciyini vurğulayıb.

Qazaxıstanda iğtişaşlar qərbi Mangistau regionunda yanacağın iki dəfə bahalanmasına etiraz olaraq başlanıb. Sonradan etirazlar iğtişaşlara çevrilib. Şirkətlər, dövlət binaları talan edilib, yandırılıb.

Prezident Kasım Jomart Tokayev fövqəladə vəziyyət elan edib. Yanvarın 5-də isə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Şurası ölkəyə hərbçilər göndərməyə tez razılıq verib.

İğtişaşlar nəticəsində onlarla ölən olub. Hakim orqanlar əməliyyatlarda 6 minə yaxın şəxsin saxlandığını bildirir.

XS
SM
MD
LG