Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:15

Putin: Rusiya hərbi-texniki baxımdan nüvə müharibəsinə hazırdır


Vladimir Putin RIA Novosti agentliyinin başçısı Dmitri Kiselyova müsahibə verib
Vladimir Putin RIA Novosti agentliyinin başçısı Dmitri Kiselyova müsahibə verib

Rusiya hərbi-texniki baxımdan nüvə müharibəsinə hazırdır, lakin onun Ukrayna münaqişəsində nüvə silahından istifadə niyyəti olmayıb.

Bunu Rusiya prezidenti Vladimir Putin RIA Novosti agentliyinin başçısı Dmitri Kiselyova müsahibəsində deyib.

Martın 12-də hazırlanmış müsahibə Kremlin rəsmi saytında bir gün sonra yerləşdirilib.

Radikal-mühafizəkar təmayüllü filosof Aleksandr Duginin nüvə müharibəsinə hazırlıq çağırışlarına dair suala cavab verərkən Putin alimin baxışları barədə şərh verməyib, amma deyib ki, Rusiya ordusu belə müharibəyə hazırdır və ölkənin nüvə qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir.

Putin bunu da iddia edib ki, Rusiyanın nüvə triadası ABŞ-ın triadasından daha müasirdir.

Ukraynada nüvə silahına əl atıla bilərdimi?

Lakin Rusiya prezidenti bu dəfə ölkəsinin nüvə silahı ilə ilk zərbə endirə biləcəyinə dair heç nə deməyib, amma bildirib ki, Rusiya ABŞ-ın başlaya biləcəyi nüvə müharibəsinə hazırdır.

Putin bu müsahibədə Rusiyada nüvə sınaqlarının keçirilməsi mümkünlüyünü faktiki olaraq təkzib edib. O vurğulayıb ki, ABŞ belə sınaqları keçirməsə Rusiya da bundan imtina edəcək.

Kiselyov “2022-ci ilin payızında, Rusiya ordusunun uğursuzluqları dövründə Ukrayna müharibəsində taktiki nüvə silahından istifadə planları olubmu” sualını verib.

O vaxt bir sıra ABŞ mediaları administrasiyadakı mənbələrə istinadla belə bir təhlükənin olduğunu yazırdılar.

Putin suala cavabında “belə bir zərurətin olmadığını” deyib.

“İndi onların gülləsi qurtarır deyə...”

Onun sözlərinə görə o vaxt cəbhə xətti yarılmamışdı və Rusiya qoşunları Xersondan plan üzrə çıxmışdılar.

Nüvə silahından istifadə planına gəlincə isə Putin ölkənin nüvə doktrinasına istinad edib və deyib ki, bu silahdan yalnız dövlətin varlığına təhlükə olanda istifadə oluna bilər.

Rusiyanın bir sıra yüksək vəzifəli rəsmiləri, xüsusilə də keçmiş prezidenti Dmitri Medvedev ilhaq olunmuş Krım üzərində nəzarətin itirilməsini məhz belə təhlükə hesab etdiklərini bildiriblər.

Putin Rusiyanın danışıqlara hazır olduğunu bəyan edib, amma deyib ki, danışıqlar cəbhə xəttindəki vəziyyət nəzərə alınaraq aparılmalı və Rusiyaya hansısa qarantiyalar verilməlidir.

"İndi onların gülləsi qurtarır deyə danışıqlar aparmaq bizim tərəfimizdən gülünc olardı”.

Qərbdə heç kimə inanmır

Rusiya prezidenti qeyd edib ki, Moskva üçün Qərbin onu danışıqlara çəkmək istəyən siyasətçiləri daha təhlükəlidirlər.

Putin bu bəyanatını xırdalamayıb, amma deyib ki, o Qərbdə heç kimə inanmır.

Putin Ukrayna müharibəsində Rusiyanın sonrakı məqsədlərindən danışmayıb, amma Kiselyovun “Odessa rus şəhəridir” replikasına “əlbəttə” sözü ilə reaksiya verib.

Ukraynada NATO hərbçilərinin mümkün yerləşdirilməsi barədə suala cavab olaraq Putin deyib ki, bu, döyüş meydanında heç nəyi dəyişməyəcək.

Rusiya prezidenti vurğulayıb ki, ABŞ administrasiyası Ukraynaya hərbçi göndərilməyəcəyini dəfələrlə bəyan edib.

Bununla yanaşı Putin Polşanı Ukraynanın qərb ərazilərini qəsb etmək niyyətində ittiham edib.

Varşava belə iddiaları daim təkzib edib.

XS
SM
MD
LG