Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:23

Qadınlar əfv gözləyirlər


Qadın məhbus
Qadın məhbus
Qadınların saxlandığı cəzaçəkmə yeri Bakının Xətai rayonunda, yaşayış evlərinin əhatəsindədir. Möhkəm qıfıllı iri qapı əsgərlərin icazəsiylə açılmasa və tikanlı məftillərlə əhatələnməsə, bura özü də qaynar, böyük həyətli evi xatırladır. Bu evin sakinləri isə yalnız qadınlardır.

Burda müxtəlif cinayətlərə görə həbs olunan 300-ə yaxın qadın saxlanılır. Ən kiçiyinin 18, ən ahılının isə,72 yaşı var.


Həbsxananın rəisi Müzəffər Məmmədov deyir ki, qadınlar bura ən çox dələduzluq, oğurluq, narkotik və ölüm işlərinə görə düşüb: «Əksəriyyəti öz həyat yoldaşlarını öldürüb. Bizdə bir nəfər var, eşidib ki, həyat yoldaşı başqasıyla görüşüb, evə gələndə onu öldürüb. Bu qısqanclıq zəminində olub. Namus üstündə həyat yoldaşlarını öldürənlər var».


Salidə Hətəmova da həyat yoldaşını öldürüb. Deyir, evə başqa qadın gətirdiyi üçün bunu edib. Hadisədən sonra uşaqlarına onunla görüşməyə icazə vermirlər: «Beş uşaq anasıyam. Həyat yoldaşımla onun evə gətirdiyi qadını öldürmüşəm. Uşaqlarımı bir dəfə də olsun görmək istəyirəm. Uşaqlarımı görə bilməmək həbsxanaya düşməkdən də ağır zərbədir».


Cəzaçəkmə yerinin bir hissəsində qadınlar paltar yuyub- sərirlər, bir neçəsi burdakı salonda saçlarını kəsdirirdi, kitabxanada kitab oxuyanlar da vardı. Həyətin başqa tərəfində isə bir neçə nəfər nərd oynayırdı.


Qadınların bir hissəsi isə xalça toxuyur. Rüxsarə Rəşidova da xalça toxuyan qadınlardan biridir. Toxuculuğu burda öyrənib: «İşləyirəm, sonra zonaya gedib başqa işlərimi görürəm. Mən həyat yoldaşımı öldürdüyümə görə, bura düşmüşəm, nəsə mənə çox əziyyət verdi, öldürməyimə peşmanam. Onlar arxada qalıb. Uşaqlarımı anam gətirir yanıma. Mənə məktub yazırlar, mən də yazıram. Deyirəm dərslərinizi oxuyun, nənənizi incitməyin».


Qadınlar burdakı saxlanma şəraitindən razıdırlar. Xanım adlı məhbus deyir ki, onun yanına gələn olmasa da, burda yaxşı dolanır: «Yeməyimiz çox yaxşıdır. Mənim yanıma heç kim gəlmir, burda yeyirəm».


Ancaq burdakı yeməklə kifayətlənməyib həbsxanadakı mağazadan ərzaq alanlar da var. Baxmayaraq ki, burdakı qiymətlər çöldəki mağazalardakından 20 faiz bahadır: «Burda hər şey var. Siqaret, göyərti, konfet, peçenye alırıq. Orda - başqa dükanı göstərir - konfet, siqaret vermirlər».


Satıcı Soltan Kazımov beş ildir bu mağazada işləyir. Deyir ki, uzun müddət iş axtarandan sonra ona buranı təklif ediblər, o da razılaşıb: «İş axtarırdım, axırda buranı dedilər. Qadınlarla heç kim işləmək istəmirdi, mən gəldim. Dil tapıb yola gedirik. Alıcılıq qabiliyyəti pis deyil, elə şeylər var satmağa qoymurlar. 20 faiz də dövlətin hesabına keçiririk, ona görə bir az bahadır».


Həbsxananın rəisi Müzəffər Məmmədov da, müavini Şakir Bayramov da qadınlarla yaxşı yola getdiklərini deyirlər. Rəis deyir ki, arabir qadınlar arasında mübahisələr olsa da, cərimə kamerasına düşənlərin sayı çox olmur.


Məhbusların çoxu kimi burdakı qadınlar da məhkəmə hökmlərindən narazıdırlar. «Hakim gör neçə il iş kəsdi, özüm də ruhi xəstəyəm. Qadına da 15 il iş verərlər. 11 ildir burdayam. Belə çıxır, burda ölməliyəm. Qadının xoşbəxtliyi nədir, evi, uşağı».


Ancaq burda da körpələriylə müvəqqəti yaşayan xoşbəxt qadınlar var. Azərbaycan qanunvericiliyinə görə, həbsxanada olan qadının himayəsində 3 yaşına qədər uşağı varsa, onu yanında saxlaya bilər. Burda da 5 körpə var, üçü oğlan, ikisi qız.


Körpəli qadınlar başqalarından ayrı saxlanılır. Onlar uşaqlarına da yaxşı baxıldığını deyirlər: «Uşaqların qayğısını çox çəkirlər. Oyuncaq alırlar, uşaqlar da rəisə baba deyir».


Rəis müavini Şakir Bayramov deyir ki, qadın həbsə düşəndə əgər körpəni saxlayacaq yaxını yoxdursa, o da anasıyla qalır, 3 yaşından yuxarı uşaqlar ya yaxınlarına verilir, ya da internata göndərilir: «Hazırda internatda olan 16 uşağımız var».


Hüquq müdafiəçiləri də, ombudsman da müxtəlif tədbirlərdə cəzaçəkmə yerində olan qadınların daha çox əfvə ehtiyaclarının olduğunu deyirlər. Burdakı qadınların istədikləri bağışlanmalarıdır.


Səslər: «Deyirlər, yarı cəzanı çəkəndən sonra əfv üçün müraciət etmək lazımdır. Biz də edirik, ancaq heç baxmırlar... Son əfvlərdə bir qadının da olsun adı yoxdur. Deyəsən, daha çox kişilər əfv olunur, qadınlar yada düşmür... Əfv azdır. Burdakı qadınlar üçün bir amnistiyaya ehtiyac var... Gör neçə ildir burdayıq. Bizi də bir yada salıb əfv versinlər».


Burda sonuncu söhbət etdiyimiz qadın isə Xuraman Ələsgərli oldu: «Qadınların bura düşməsində iynə ucu qədər də olsa, kişilərin günahı var. Laqeydlik, baxımsızlıq. Qadın heç vaxt çörəyinə təpik atmaz. Ailə başçısı evini dolandırsa, qayğısını çəksə, həyat yoldaşı gəlib bura düşməzdi».


Biz cəzaçəkmə yerini tərk edəndə psixoloq Nigar Əsgərova qadınlara baş çəkməyə gəlirdi. O, deyir ki, testləriylə əsəbi qadınları sakitləşdirməyə çalışır, buna nail də olur. Üsullarından biri isə klassik musiqidir.Psixoloq deyir ki, istər azadlıqda, istərsə də həbsxanada, musiqi qadınların ruhunu çox oxşayır.


XS
SM
MD
LG