Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:56

Azərbaycan Qafan-Çakaten yolunda da nəzarət-buraxılış məntəqəsi yaradır


Gorus-Qafan yolu
Gorus-Qafan yolu

Hazırda Gorus-Qafan yolunun 21 km hissəsinə alternativ Tatev-Aqvan yolunun isə yük maşınları üçün əlverişli olmadığı bildirilir

Azərbaycan Ermənistanın cənubundan keçən yolun daha bir hissəsində nəzarət-buraxılış məntəqəsi yaradır. Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) noyabrın 15-nə keçən gecədən Qafan-Çakaten yolunda Azərbaycan postunun qurulduğunu açıqlayıb. Məlumatı AzadlıqRadiosu-nun Ermənistan xidməti (Azatutyun) yayıb.

Ötən həftə Azərbaycan Gorus-Qafan yolunun öz nəzarətində olan 21 kilometrlik hissəsində nəzarət-buraxılış məntəqəsi yaradıb.

Alternativ yol ilin sonuna hazır olacaq

Ötən il 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Sünik vilayətində strateji yolun öz ərazisindən keçən hissələrinə nəzarəti bərpa edib.

MTX Gorus-Qafan yolunda olduğu kimi, Qafan-Çakatendə də sərhəd-gömrük postu yaradacağını bəyan edib. Qurumun məlumatına görə, bu hissəyə alternativ yol ilin sonuna hazır olacaq.

Ötən sentyabrda Azərbaycan silahlı qüvvələri Gorus-Qafan avtomobil yolunda post quraraq İrandan Ermənistana gedən yük maşınlarının yoxlanmasına başlanıb. O vaxt iki İran sürücüsünün saxlanması Bakı və Tehran arasında münasibətləri gərginləşdirmişdi.

Noyabrın 11-dən Azərbaycan sözügedən yolda Ermənistandan gələn nəqliyyat vasitələri üçün sərhəd-buraxılış nəzarəti tətbiq edib. “Azatutyun” bununla ermənistanlı sürücülərin həmin yoldan kənar düşdüyünü yazır.

Tatev-Aqvan yolu yük maşınları üçün əlverişli deyil

Hazırda Gorus-Qafan yolunun 21 km hissəsinə alternativ Tatev-Aqvan yolunun isə yük maşınları üçün əlverişli olmadığı bildirilir.

Baş nazir Nikol Paşinyan noyabrın 11-də hökumətin iclasında deyirdi ki, Gorus-Qafan yolundan istifadə Azərbaycanın "dəhliz" məntiqinə razılaşmaq demək olardı. Onun sözlərinə görə, Yerevan Azərbaycanı Sünik vasitəsilə Naxçıvan eksklavına birləşdirəcək xüsusi nəqliyyat dəhlizinə razılaşmadığı üçün Bakı belə bir addıma əl atıb.

Ötən ilki Qarabağ müharibəsindən sonra Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadıqları ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası ilə hələ başlamayıb.

Son günlər Ermənistanla Azərbaycan arasında hərbi gərginlik qızışır. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

XS
SM
MD
LG