Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:54

Məcburi köçkünlərin Qarabağa qayıdışla bağlı əsas gözləntisi nədir


Azerbaijan Armenia
Azerbaijan Armenia

Məcburi köçkünlərin işğaldan qurtarılan ərazilərdə məskunlaşması başlanıb. İndiyədək Zəngilan rayonun Ağalı kəndi, Tərtər rayonunun Talış kəndi və Laçın şəhəri məskunlaşmaqdadır. Məcburi köçkün statusunda şəxslərin sayı 600 min nəfəri aşır. Bu baxımdan, onların Qarabağa qayıdışla bağlı gözləntilərinin və ehtiyaclarının öyrənilməsi çox önəmlidir. Ehtiyac və gözləntiləri üzə çıxarmaq üçün “Qadın, Sülh və Təhlükəsizlik üzrə Məşvərət Şurası” “Məcburi köçkünlərin Qarabağa qayıdışı: Prosesə gender baxışı” adlı araşdırma aparıb və ilin əvvəlində 705 məcburi köçkün qadın arasında sorğu keçirib.

Adıçəkilən araşdırma çərçivəsində gerçəkləşdirilən anket sorğusunun nəticələri göstərir ki, məcburi köçkünlərin hökumətdən ən böyük gözləntisi məşğulluqla bağlıdır. Qarabağa qayıtmaq istəyənlərə ən çox təsir edən göstərici işlə təminat məsələsidir. Sözügedən sorğuda məcburi köçkün qadınlara “Aşağıdakılardan hansılar sizin Qarabağa qayıdışınıza daha çox müsbət təsir göstərə bilər” sualı ünvanlanıb. Bu sualı cavablarkən, onlardan üç cavab variantı seçmələri istənilib. “İşlə təminetmə”, “kommunal xidmətlərə güzəşt”, “aylıq pul yardımının verilməsi”, “əkinə yararlı torpaq sahəsinin verilməsi”, “vergi güzəştləri”, “güzəştli kredit” və “mal-qara verilməsi” kimi cavablarda işlə təminat məsələsinin önə çəkilməsi (rəyi soruşulanların 57 faizi) bunu təsdiqləyir.

Kommunal xidmətlərə güzəşt ən çox səs toplayan ikinci cavab olub. Ancaq bu cavabı işlə təminatla müqayisədə xeyli az adam seçib (38 faiz). Sorğuya qatılanların 37 faizi aylıq pul yardımı göstərilməsini vacib sayıb. Cavab variantları arasında mal-qara verilməsi cavabı ən az səs yığıb (24 faiz).

30 illik işğalın törətdiyi çətinliklər

İşğaldan qurtarılan rayonların baş planları barədə açıqlanan ilkin bilgilərdən aydın olur ki, rayon mərkəzlərinə yaxın olan bəzi kəndlərin həmin mərkəzlərə birləşdirilməsi nəzərdə tutulur. Bununla belə, əhalinin önəmli bölümünün böyük qayıdışla birlikdə kəndlərdə yaşaması planlaşdırılır. Bu baxımdan, nəzərə almaq lazımdır ki, işğaldan öncə kənd ərazilərində yaşayan insanların əhəmiyyətli bir hissəsi işğal dövründə şəhərlərdə məskunlaşıb. Şəhər yeri üçün kənd təsərrüfatı xarakterik iqtisadi fəaliyyət sahəsi olmadığından, özəlliklə gənclər və orta yaşlı əhali arasında o səhəylə bağlı bilik və bacarıqlar aşağı səviyyədədir.

Azerbaijan -- A view of the newly rebuilt village of Agali in the district of Zangilan
Azerbaijan -- A view of the newly rebuilt village of Agali in the district of Zangilan

Sorğuya qatılanlardan “kənd təsərrüfatı ilə bağlı məşğul olmaq üçün yetərli bilik və bacarığınızın olduğunu düşünürsünüzmü?” sualı da soruşulub. Rəyi soruşulan qadınların tən yarısı kənd təsərrüfatı ilə bağlı heç bir təcrübələrinin olmadığını bildirib. Respondetlərin cəmi 26 faizi istər əkinçilik, istərsə heyvandarlıq sahsində özünü bacarıqlı sayıb. Yerdəqalan 24 faizlik hissə isə ya əkinçilik, ya da heyvandarlıqla bağlı təcrübəyə sahib olduğunu bildirib.

Heç gözardı etmək olmaz ki, əyalətlərdə yaşayan qadınların fəaliyyət istiqamətləri arasında ilk yeri kənd təsərrüfatı tutur. Rəsmi göstəricilərə görə, Azərbaycan kəndlərindəki məşğul qadınların təxminən dörddə üçü kənd təsərrüfatında çalışır. Bu üzdən, araşdırmada vurğulanır ki, özəlliklə kəndlər yenidən qurularkən, hökumət orada təkcə aqrar fəaliyyətə üstünlük verməməlidir. Deməli, məcburi köçkünlərə yaşayış sahələri verilərkən, onların yalnız qeydiyyat ünvanları deyil, peşə vərdişləri də diqqətdən yayınmamalıdır. Kəndlərdə məskunlaşacaq əhalinin kənd təsərrüfatı vərdişləri ilə bağlı ətraflı təlim proqramlarına cəlb edilməsinə ehtiyac var.

Armenia Azerbaijan
Armenia Azerbaijan

Əsas narahatlıq güvənliklə bağlıdır

Sorğuda Qarabağa qayıtmaq qərarına hansı amillərin mənfi təsir göstərdiyi də soruşulub. Nəticələrin incələnməsi göstərir ki, məcburi köçkün qadınların əsas narahatlıqları təhlükəsizliklə bağlıdır. Respodentlərin 55.6 faizi yeni müharibə təhlükəsinin, 55.1 faizi mina təhlükəsinin onların Qarabağa qayıtmaq qərarına mənfi təsir edə biləcəyini söyləyib.

Sorğuya qatılanların 36.6 faizi deyib ki, evlərinin işğaldan öncəki yerdə olmaması onların qayıdışla bağlı qərarına mənfi təsir göstərə bilər.

Böyük qayıdışın iqtisadi duruma təsiri

Məcburi köçkün qadınlar arasında keçirilən sorğuda “Qarabağa qayıtsanız, sosial-iqtisadi vəziyyətiniz necə dəyişəcək” sualına verilən cavablar da diqqət çəkir. Sorğuya qatılan 705 qadının 41 faizi Qarabağa qayıdışın onların dolanışığını yaxşılaşdıracağını düşünür. Respondentlərin 38 faizi sualı cavablamaqda çətinlik çəkib. Bu baxımdan aydın olur ki, məcburi köçkünlərin önəmli bölümü qayıdışdan sonra hansı durumla üzləşəcəyini bilmir. Başqa deyimlə bu barədə bilgisizdir. Deməli, hökumətin məcburi köçkünləri və ictimaiyyəti qayıdış prosesi və mərhələlərinə dair daha dolğun bilgiləndirməsi vacib sayılmalıdır.

Rəyi soruşulanların 12 faizi bildirib ki, Qarabağa qayıdışdan sonra sosial-iqtisadi durumları əvvəlki kimi qalacaq. Sorğuya qatılanların 9 faizi isə düşünür ki, Qarabağa köçmək onların sosial-iqtisadi durumunu pisləşdirə bilər.

XS
SM
MD
LG