Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:45

'Hər iki tərəf Moskvanın qəzəbindən çəkinir'


Rusiya sülhməramlıları Azərbaycandan başqa daha hansı bölgələrdədir?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Rusiya sülhməramlıları Azərbaycandan başqa daha hansı bölgələrdədir?

Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 29-da hakim "Vətəndaş sazişi" partiyasının qurultayında deyib ki, Soçidə Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 15-20 il uzadılmasına dair sənədi imzalamağa hazırdır: "Rusiya prezidentinə təklif edirəm ki, belə bir təkliflə çıxış etsin, lazım gəlsə, mən də edəcəm…".

Oktyabrın 30-da isə Azərbaycanın Rusiya sülhyaratma kontingentinin nəzarətində olan Qarabağ bölgəsindəki Xankəndi (keçmiş Stepanakert) şəhərində kütləvi aksiya keçirilib. Elə həmin gün orada tanınmayan qurumun parlamenti Rusiyadan "Qarabağ xalqı"nın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyi xahiş edib.

Bütün bunlar bu gün, oktyabrın 31-də Soçidə keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşündən öncə baş verib. Bəs bu görüş ərəfəsində Azərbaycanda Ermənistan baş nazirinin açıqlamalarına, Xankəndində keçirilən aksiyaya və bütünlükdə Soçi görüşünə münasibət necədir?

E.Nəsirov
E.Nəsirov

"… Sülh müqaviləsini imzalamaq niyyəti yoxdur"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Elman Nəsirov "Turan"a deyib ki, Soçi görüşü öncəsi Ermənistanın baş naziri onun nəticələrinə kölgə sala biləcək bəyanatlarla çıxış edib: "Onun tapşırığı altında Xankəndidə etiraz tədbirləri keçirilib".

Deputatın sözlərinə görə, bu ona dəlalət edir ki, Paşinyanın hələ ki sülh müqaviləsini imzalamaq niyyəti yoxdur: "Paşinyan Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ ərazisində qalma müddətinin 15-20 il uzadılmasından bəhs edir. Bir qədər öncə Paşinyan Avropa İttifaqının mülki missiyasını Ermənistan-Azərbaycan sərhədinə dəvət edib və onlar da Ermənistan ərazisində yerləşib. Missiya iki aya gəlib. İndi isə Paşinyan söyləyir ki, gəlin onların müddətini daimi edək".

O vurğulayıb ki, N.Paşinyan bir yandan sülhdən, bir yandan isə Rusiya sülhməramlılarının qalma müddətinin uzadılmasından danışır və Xankəndidə erməni əhalisinin bununla bağlı çağırışlar etməsini təşkil edir: "Bunlarla onu demək istəyirlər ki, guya, Azərbaycandan erməni əhalisinə təzyiq var, birgəyaşayış qeyri-mümkündür və Qarabağdakı ermənilər Azərbaycanın bir parçası olmaq istəmirlər. Bütün bu fikirləri beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər".

"Uzatmaq niyyətimiz yoxdur"

E.Nəsirov xatırladır ki, 10 noyabr sənədinə əsasən, sülhməramlılar 5 il müddətinə gəlib və tərəflərin hər hansı birinin etiraz etməyəcəyi təqdirdə müddət avtomatik 5 il uzadıla bilər: "Azərbaycanın isə bu məsələdə mövqeyi bəllidir. Biz 5 il müddətinə razı olmuşuq və uzatmaq niyyətimiz yoxdur. Deməli, 10 noyabr sənədinin fəlsəfəsindən irəli gələrək Azərbaycanın "yox" deməsi həmin mandatın müddətinin uzadılmasının qarşısını almaq üçün əsas olmalıdır".

Deputatın fikrincə, məqsəd status almaqdır: "Biz bu yanaşmaları qəbul etmək istəmirik. Biz əməkdaşlığa hazırıq, amma əməkdaşlığın pozulmasını və bizə qarşı aqressiv davranışını qəbul etmirik".

S.Həzi
S.Həzi

"Paşinyan topu Putinin meydanına atıb"

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi isə AzadlıqRadiosuna bildirib ki, N.Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı açıqlaması suallar yaradıb: "İlk növbədə Paşinyan topu Putinin meydanına atıb. Bununla belə, Əliyevi də şantaj edib. Putinin yanında? Yox, həm də Qərbdə".

Onun fikrincə, burada iki məqam önəmlidir: "Birincisi, Putin "Rusiya sülhməramlılarının 15-20 illik müddətə Azərbaycanda qalması təklifi ilə çıxış etmək gücündədirmi" sualına Valday Forumunda cavab verdi. Yəni, deyirdi ki, qapını açsanız qaçaram".

Onun sözlərinə görə, ikinci sual isə "İlham Əliyev özündə cəsarət tapıb bu ideyaya qarşı çıxa biləcəkmi"dir: "Bu təklifi qəbul etsə, Qərbin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən planını qoyub Qarabağın müstəqilliyini müzakirəyə çıxaran Putinin arxasınca getməsini necə əsaslandıracaq?".

"Hər iki tərəf tabeçilik göstərir"

Partiya funksionerinin fikrincə, Ermənistan baş naziri həm Rusiyanın təzyiqlərini neytrallaşdırmaq istəyir, həm də özünün təslimçi obrazını dağıtmağa çalışır: "Amma Kremlin ətrafında qaldıqca Qarabağı sahibinə təslim etmək əvəzinə Ermənistanı Rusiyaya təslim etmiş olur. Azərbaycan tərəfinin bu yaxınlarda Lukaşenkonun "Əliyev mütləq şəkildə bizim adamdır" açıqlamasına mövqe bildirmədikcə vəziyyət olduqca açıq xarakter alır. Deməli, hər iki tərəf Moskvanın təsir dairəsindən çıxmaq üçün cəsur addımlar atmaq əvəzinə onun qəzəbindən çəkinir və tabeçilik göstərir".

"Əgər ABŞ planı varsa və tam uyğundursa,…"

Siyasi şərhçi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökuməti bir neçə məsələyə aydınlıq gətirməlidir. Onun fikrincə, ilk növbədə aydınlaşmalıdır ki, müddətin uzadılması təklifi gerçəkdə kimdən gəlir: "Aydınlıq gətirməlidir ki, əgər ABŞ planı varsa və bizim maraqlarımıza tam uyğundursa, nəyə görə bu son bir ildə və ondan əvvəl də "ABŞ, Qərb Azərbaycanın ərazi bütövlüyünü tanımır" bəyanatlarını verirdilər, amma Rusiyaya heç nə deyilmirdi?".

A.Qasımlı
A.Qasımlı

Ekspert hesab edir ki, Azərbaycan rəsmilərinin sülhməramlıların məsələsinə reaksiyası ənənəvi olacaq: "Rusiyanın əvəzinə Ermənistan üzərinə gedirlər. Amma hazırda əsas məsələ Ermənistanda və Paşinyanda deyil, Putinin çıxışındadır. O, açıq şəkildə ermənilərə təklif etdi ki, əgər Ermənistanın rəhbərliyi və cəmiyyəti Rusiyanın planını qəbul etsə, onda Rusiya Qarabağın Azərbaycanın nəzarətində olmamasına çalışacaq".

"Onlar orada Rusiyanin bayrağını qaldırmaqla…"

Politoloq ehtimal edir ki, Xankəndidə mitinq orada yerləşən sülhməramlı kontingentin köməkliyi və bir müddət əvvəl Moskvadan Xankəndiyə gedən milyarder Vardanyanın bilavasitə iştirakı ilə keçirilib: "Birinci mesaj Azərbaycana verilirdi ki, biz səninlə olmaq istəmirik və olmayacağıq. İkinci mesajı dünya ictimaiyyətinə veriblər ki, Azərbaycanın tərkibində olmaq istəmirlər və Rusiyanı seçirlər. Üçüncü mesaj isə Paşinyana verilirdi ki, biz heç də sənin nəzarətində deyilik. Onlar orada Rusiya bayraqlarını qaldırmaqla göstəriblər ki, bu mitinq bilavasitə Rusiyanın təşkilatçılığı ilə keçirilib".

Putinin dedikləri və Qərbin vasitəçiliyi

Oktyabrın 27-də Valday Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan münasibətlərinə və iki ölkə arasında sülh müqaviləsinə də toxunmuşdu. O vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur: "Biz Ermənistana nəyisə diktə edə bilmərik və buna hazırlaşmırıq. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi sülh müqaviləsinin hansısa konkret variantını, məsələn, Vaşinqton variantını seçmək lazım olduğunu düşünürsə, buyursun. Bu variant Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə tutur".

Ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Yelisey Sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: "Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib…".

Artıq həmin missiyanın fəaliyyətə başladığı bildirilir. Üstəlik, bu ara ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində də iki ölkə rəsmilərinin görüşü olmuşdu.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG