Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:20

Lazada 1 il əvvəlki selin acısını hələ də yaşayanlar var


Qəbələdə sel
Qəbələdə sel

«Yay oldu, hər yerdən gəlirlər, adamların əlindən dəyər-dəyməzinə alınıb istirahət məkanlarına çevrilən yerlərdə istirahət edib gedirlər. Ancaq yerli əhali nə əzablar çəkir, hansı məşəqqətləri yaşayır, bilən yoxdur».

Qəbələnin Laza kəndinin sakinləri AzadlıqRadiosuna güzəranlarından danışıblar.

Bir il öncə kəndi basan sel kəndlilərin yaşam həvəsini də öldürüb. Bunu AzadlıqRadiosuna kənd sakini Məleykə Səhrabova deyir:

***Buna da bax-Fermer: 'Qəbələdə sırf monopoliyadır, polis yolda fındığı...' [video]

«Bir neçə il əvvəl zəlzələ oldu, kənd camaatı düşdü qaldı icra hakimiyyətinin qapısında, gözə kül üfürmək üçün bir neçə evi düzəltdilər, qalanlarını məcbur qalıb adamlar özləri yaxşı-pis təmir etdi. Nə bilim vallah, sonra da sel gəldi, qoyun-quzu, toyuq-cücə, bostan, meyvə, tərəvəz hamısını yuyub apardı. Seldən bir ilə yaxın vaxt ötür, əhali ac-susuz qalıb. Həyatımızı hələ də düzəldə bilməmişik. Adamlar hələ indi sıfırdan mal-qara toplamağa başlayıb. Qonşu kəndlərdəki dükanlara nə qədər borcumuz var. Əhali kənddən kənardakı mağazalardan nisyə çörək alıb yeyir».

ÖRÜŞ YERİNİN İCARƏHAQQI DA QALXIB

Vəziyyət ona görə bu həddə çatıb ki, sel dolanışığı qoyundan, süddən, pendirdən çıxan əhalinin mal-qarasını əlindən alıb. Ancaq zərər təkcə mal-heyvanla bitsəydi, dərd yarıydı. Sakinlər deyir, iş orasındadır ki, seldən bir ilə yaxın ötməsinə baxmayaraq, kənddə hələ də növbəti fəlakətlərin önlənməsi üçün tədbirlər görülməyib.

Laza dağlıq kənddir. Ərazi qayalıq olduğundan əkinçilik inkişaf etməyib. İnsanların əsas məşğuliyyəti və dolanışığı heyvandarlıqla bağlıdır. Qapılardakı 5-10 heyvanı sel aparandan sonra insanlar yenidən heyvan almağa məcbur olublar. Kənd sakini Talıb Əşrəfov deyir, borca-xərcə girən kim, bankdan kredit götürən kim... Ancaq gəl ki...

***Buna da bax-Qəbələ sakini: 'Sözüm Kəmaləddin Heydərovadır...'

«Yaylağımız Kürdəmirdədir. Hər il mal-heyvanı ora sürüyürük. Orda da icra hakimiyyəti icarəhaqqını qaldırıb. İndi adamlar borc-xərclə aldıqları mal-qaranı harada otarsınlar, bilmirlər. İstədiyimiz də odur ki, heç olmasa, tez-tez təbii fəlakətə, itkiyə məruz qalan insanlar kimi bizə güzəştə getsinlər. Axı, hələ özümüzə gəlməmişik, heç olmasa, borc-xərcini ödəməkdə olduğumuz mal-heyvanı otarmaq üçün yaylağı istifadəmizə pulsuz versinlər».

1 MİLYON MANAT VƏSAİT

Qəbələnin icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Lazadakı sel daşqınlarından sonra ilk növbədə kəndin yolları əsaslı təmir olunub:

«O yol seldən əvvəl təmirdən çıxmışdı, sel gəldi, dağıtdı. Seldən sonra ilk növbədə yolda təmir-bərpa işləri aparıldı ki, əhali əziyyət çəkməsin. Üstəlik, icra hakimiyyəti kəndlilərə imkanı daxilində yardım edib. İtkilərə gəlincə, 2012-ci ilədək dövlət büdcəsindən dağ ərazilərində selə qarşı tədbirlərin həyata keçirilməsi ilə bağlı vəsait ayrılıb. Bununla daşqın, sel zamanı təsərrüfatlara, kəndlərə dəyən zərər qarşılanıb. Sonradan hər il dövlət büdcəsindən kənd təsərrüfatı sektorunun, o cümlədən, əkin sahələrinin sığortalanması məqsədilə 1 milyon manat vəsait ayrılmağa başlanıb. Ancaq fermerlər sığorta şirkətləri ilə müqavilə bağlamağa meylli olmadıqlarından, bu vəsaitin az bir hissəsindən istifadə olunur».

Qüvvədə olan qaydalara görə, sığorta şirkəti ilə müqavilə bağlayan təsərrüfat sığortanın 50 faizini, qalan vəsaiti isə onun əvəzindən dövlət verir. Təbii fəlakət baş verdikdə, sığorta şirkəti dəymiş zərəri ödəyir.

XS
SM
MD
LG