Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:04

Nazir müşaviri 350 minlik saatı necə alıb?


Saat
Saat

Bir neçə ay öncəyədək nəqliyyat nazirinin müşaviri olan Çingiz Baxşıyev 800 min manatlıq qızıl-brilyantının itməsi, bu var-dövlətin mənbəyi barədə məlumatların mediada yayılmasından hiddətlənib. O, dekabrın 13-də məhkəmədə bu barədə danışıb.

Çingiz Baxşıyev öz qohumunu - uzun illər onun tabeliyində işləmiş, həmçinin şəxsi işləri ilə bağlı göstərişlərini yerinə yetirmiş Rövşən Əhmədovu onun qızıl-brilyantını mənimsəməkdə ittiham edir. Rövşən Əhmədov isə Baxşıyevin öz oğlu və kürəkəninin əlbir olub, əmlakı ələ keçirdiyini deyir. Bu işə görə aprel ayından həbsdə olan Rövşən Əhmədovun sözlərinə görə, üç ayrı-ayrı bağlamada olan qızıl-brilyantları elə Baxşıyevin öz tapşırığı ilə fevralın 2-də aparıb onun qızı Fatmagilə verib. Həmin vaxt Fatma evdə olmayıb və Çingiz Baxşıyev bağlamaları qızının əri Ayaza verməyi tapşırıb. O da bağlamaları verib, geri qayıdıb. Üstündən təxminən iki ay keçəndən sonra - martın sonunda Çingiz Baxşıyev Rövşən Əhmədovu çağırıb ki, bağlamalardan ikisinin içi boşdur.

«20-30 MİLYONLARLA AVRONU, FUNT-STERLİNQİ MƏN SAXLAYIRDIM»

«Çingiz Baxşıyevin torpaq sahələri, klinikası mənim adıma olub. Onun 20-30 milyonlarla avrosunu, funt-sterlinqini saxlamışam. Mənimsəyən olsaydım, elə onları mənimsəyərdim də...», – Rövşən Əhmədov belə deyir.

Buna da bax-'Qatıq vedrəsinə, çaydana yığıb üç bağlama qızıl-brilyantı...'

Məhkəmədə səslənən bu fikirlərin mətbuatda yayılması Çingiz Baxşıyevi narazı salıb. O bu işlə bağlı materialların yayılmasına görə Rövşən Əhmədovun vəkili Adəm Məmmədovu ittiham edib. Məhkəmənin də qapalı keçirilməsini istəyib.

Baxşıyevin vəkili də məhkəmənin qapalı keçirilməsi haqda vəsatət qaldırıb. Vəkil iddia edib ki, Çingiz Baxşıyevin bu qədər əmlakı haradan əldə etməsi, biznes fəaliyyəti barədə dedikləri kommersiya sirridir: «Ötən prosesdə Çingiz Baxşıyev əmlakını, oğurlanan qızıllarını haradan əldə etməsi, biznes fəaliyyəti haqda danışdı. Bu isə kommersiya sirridir. Ancaq mətbuatda bu haqda yazıldı. Bu gün isə Çingiz müəllimin qızları ifadə verəcək. Onlar ailə sirləri barədə danışacaqlar. Kürəkənləri ilə münasibətlərinə toxunacaqlar. Ailə sirrinin qorunmasını da nəzərə alaraq, prosesin qapalı keçirilməsini xahiş edirik».

«BAXŞIYEV İMKANLARINDAN YARARLANIB MƏHKƏMƏNİ QAPALI KEÇİRİR»

Rövşən Əhmədovun vəkili Adəm Məmmədov bu vəsatətə etiraz edib: «Burada nə dövlət sirri, nə kommersiya sirri, nə də ailə sirri var. Əgər bu proses qapalı keçirilərsə, cəmiyyətdə belə bir fikir formalaşacaq ki, Çingiz Baxşıyev müəyyən imkanlardan istifadə edərək məhkəmənin qapalı keçirilməsini təmin edib. Başa düşürük ki, külli miqdarda qızıl oğurlanıb. Amma Çingiz Baxşıyev istəsə, qızılları haradan əldə etməsi, nə işlə məşğul olması ilə bağlı sualları cavablandırmaya bilər. Biz məhkəmənin qapalı keçirilməsini istəmirik».

Buna da bax-'Onun milyonlarla pulunu... həyətdə basdırırdım'

Etiraza baxmayaraq, hakimlər bu məhkəmə prosesinin qapalı keçirilməsinə qərar veriblər. Məhkəməni izləyən jurnalistlər bundan sonra zaldan çıxarılıb.

İKI SAATA 490 MIN...

Məhkəmədə təqsirləndirilən Rövşən Əhmədov deyib ki, qalan bir bağlamadakı qızıl-zinət əşyalarının dəyəri onun mənimsədiyi iddia olunan o biri iki bağlamadakından daha çox idi. Onun sözlərinə görə, orada olan təkcə iki saata nazir müşaviri 490 min pul verib - birinə 350 min, o birinə 140 min: «Mənim yanımda açdıqları bağlamada bütün qızıllar yerində idi. O qızılların da bir çoxu mənim əlimlə alınıb, amma pulunu özü verib. 150 min manatlıq komplekt, 70 minə 6.5 karatlıq Sibir brilyantı olan üzük, 15 min manata qızıl siqaret qabı, 700 qramlıq qızıl kəmər. Orada iki saat vardı, onları özü almışdı – birini 350 minə, o birisini 140 minə. O biri iki bağlamanı isə mənim yanımda açmayıblar. Fatma bu iki aydır görmürdü ki, o biri bağlamalarda heç nə yoxdur, yüngüldürlər? Fatma özü də o qızılları kimin götürdüyünü, hara xərcləndiyini yaxşı bilir».

Çingiz Baxşıyevlə yanaşı, iki qızı - Fatma və Sevil də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, itən 800 minlik qızılın 695 mini atanın, 50 və 55 minlik qalan hissəsi isə qızlarının olub.

XS
SM
MD
LG