Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:30

Azərbaycanda gecələr yatmayan kənd var


►Qubadakı Alekseyevka kəndinin sakinləri gecələr şirin yuxuya dalarkən, ağır texnikanın bağlarına girərək, yeraltı boruları çıxarıb apardığını deyirlər

“Gecə saat 3-də girirlər bağlara, qazıb tökürlər, suvarma borularını çıxarıb, maşınlara yükləyərək aparırlar”.

Qubanın Alekseyevka kəndində yaşayan Azad Bahəddinov AzadlıqRadiosuna belə deyir.

Onun sözlərinə görə, günlərdir, gecələri yatmır və şəxsi bağ sahəsində yeraltı suvarma borularının keşiyini çəkir ki, çıxarıb aparmasınlar. Sovet dönəmindən qalan borular istifadəsizdir. Ancaq kənd sakinləri deyir, su verilsə, bu borular yenə yararlıdır:

“BORUYA SU VERMƏKDƏNSƏ, ÖZÜNÜ ÇIXARIB APARIRLAR”

“Buralar əvvəllər sovxoz olub (“sovxoz” qısaldılmış ruscadan çevirəndə, “sovet təsərrüfatı” mənasına gəlir – red.). Sovet dağılandan sonra bölüşdürüb yerli sakinlərə bağ sahəsi kimi istifadəyə veriblər. Ölçüsü 200-300 mm olan borulardan da sovxozun suvarma işində istifadə olunub. İndi su olmadığından, bu borulardan istifadə edə bilmirik. İşlək durumda olan boruya su buraxmaqdansa, gəlib yığışdırıb aparırlar. Üstəlik, kimin haraya apardığını heç kəs açıqlamır. Fəhlələr gecəylə bağlarımıza girib traktorla bağın altını üstünə çevirirlər. Bir də eşidirik ki, bağa giriblər. Şəxsən mən neçə gündür gəlib oturmuşam bağda, traktorları güdürəm”.

Buna da bax: 'Suraxanının icra başçısı əlilləri işsiz qoyub'

GÜNORTA GƏLƏNLƏR DƏ VARMIŞ...

Kəndin bir başqa sakini Rəvan Ağasəlimovun “bəxti” gətirib. Onun sahəsini günün günortasında qazmağa gəliblər. Deyir, tanımadığı şəxslər onun bağında qazıntı apararkən, qonşulardan xəbər tutaraq, özünü çatdırıb:

“Soruşuram, kimsiniz? Demirlər... Bağı qazıblar, ancaq boruları çıxarmağa imkan vermədim. Bağ sahibləri yığışıb, qoymuruq qazsınlar. İstifadəyə yararlı borudur. Sahələrimiz susuzluqdan yanır, su vermirlər ki, suvaraq. Əvəzində boruları da çıxarıb aparırlar. Deyirlər, hansısa şirkət bu boruları toplayır. Mülkümə girib dağıdırlar, özlərini tanıtmırlar... Bu boyda özbaşınalıq olar?”.

Buna da bax: Polisdə burnumu sındırdılar

Sakinlərin sözlərinə görə, kənd bələdiyyəsinə, hətta icra nümayəndəliyinə də üz tutublar, amma “xəbərimiz yoxdur” cavabından başqa heç nə eşitməyiblər.

“Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qaynar xətt”ə bildirib ki, Qubanın Alekseyevka kəndində “Azərsu” ASC şəbəkəsi fəaliyyət göstərmir.

Quba rayon icra hakimiyyətindənsə məsələni araşdıracaqlarını söyləyiblər.

XS
SM
MD
LG