Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:07

Ramiz Mehdiyev prezident, Novruz Məmmədov prorektor...


R.Mehdiyev
R.Mehdiyev

Son illər yüksəkvəzifəli məmurlar vəzifədən gedən kimi ali məktəblərə rektor və ya Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yüksək vəzifələrə təyin olunurlar. Onların əksəriyyəti ömrünün çox hissəsini elmdən, təhsildən çox məmurluqda keçiriblər, obrazlı ifadə etməyə çalışsaq, elmin sirlərindən çox, idarəetmənin, dövlət qulluğunun incəliklərinə daha yaxşı bələddirlər, bəlkə də. Üstəlik, yaşı 70-i haqlamış, ya da keçmiş insanların elmə hansı töhfələri verəcəyi də bir çox tənqidçilərdə sual doğurur.

Ramiz Mehdiyev, Novruz Məmmədov, Əli Həsənov...

Oktyabrın 23-dək Prezident Administrasiyasının rəhbəri olan 81-yaşlı akademik Ramiz Mehdiyev təxminən bir aydır Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. Və ya bu ilin payızında baş nazir vəzifəsindən gedən Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin prorektorudur. Yeri gəlmişkən, 3 il millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri olmuş Kamal Abdulla da vəzifəsini itirdikdən sonra eyni universitetə rektor təyin edilib.

Azərbaycan alimi ilə xarici alimin fərqi
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

2007-2013-cü illərdə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri olmuş Heydər Əsədov isə bu ilin aprelində Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor gətirilib.

Bir qədər öncə prezidentin köməkçisi vəzifəsindən azad olunan Əli Həsənov «BBC Azərbaycanca»nın «hansı planınız var» sualına cavabında elmlə məşğul olacağına işarə edib: «Mən professoram, elmlər doktoruyam. Yaradıcılıq həvəsim var».

Son illər nazir postunu itirən iki şəxs də AMEA prezidentinin müşaviri kimi çalışmaqdadır.


Bunlardan biri 3 il öncə tutduğu vəzifədən azad edilən, nazirliklə bağlı hay-küylü məhkəmə prosesindən kənarda qalan keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur. İkincisi, 2015-ci ildə ləğv edilən Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədovdur, o, AMEA-nın aqrar məsələlər üzrə müşaviridir.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru da keçmiş təhsil naziri Misir Mərdanovdur. O, AzadlıqRadiosuna açıqlamasında bura prezidentin məsləhəti ilə gəldiyini bildirib: «Vəzifədən çıxanda da məsləhət oldu ki, mən Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə gəlim. Bura gələndən sonra da tədqiqatlarımı intensiv davam etdirirəm».

N.Qulamoğlu
N.Qulamoğlu

«Elmə hörmətsizlikdir»

«Bu, elmə hörmətsizlikdir». Həm keçmiş təhsil naziri Firudin Cəlilov, həm də təhsil üzrə ekspert Nabatəli Qulamoğlu belə deyirlər.

«Belə adamların elm sahəsinə göndərilməsi elmə hörmətsizlikdən irəli gəlir. Əgər elm prioritet sahə olsaydı, bu cür mənfi reputasiya ilə çıxarılmış adamları elm sahəsinə göndərməzdilər. İstəyir Kamal Abdulla olsun, istəyir olsun lap Ramiz Mehdiyev... Dövlət tərəfindən elmə hörmət yoxdur. Hörmət olsa, həmin insanları təqaüdə yola salardılar», – deyən N.Qulamoğlunun sözlərinə görə, bu yanaşma sovet dövründən yazılmamış qaydaya çevrilib.

«Vəzifədən qovulan məmurlar vaxtilə uzaq və ya kiçik ölkələrə səfir göndərilirdisə, indi də AMEA-ya və ya universitetlərə göndərilirlər. Həmin işin təkrarıdır», – ekspert əlavə edir.

Deputat Asim Mollazadə isə bu yanaşmayla razılaşmır.

«Kamal Abdulla məmur olmazdan qabaq da rektor idi. Demək olar, işlədiyi universitetə qayıdıb. Novruz Məmmədov da Dillər Universitetinin kafedra müdiri idi. Burda yenilik yoxdur. Ramiz Mehdiyev də akademik idi, elmlə məşğul olurdu. İndi də elmi fəaliyyətini davam etdirir», – A.Mollazadə deyir. Onun qənaətincə, insanın intellekti, enerjisi yaşı ilə məhdudlaşmır. A.Mollazadə yetərincə yaşlı insanların elmdə ciddi uğurlar əldə etdiyini bildirir.

«Onlar elmi təcrübələrini gənc nəsillə bölüşür. Burda problem görmürəm», – deputat belə hesab edir.

F.Cəlilov
F.Cəlilov

«Məmurluğu necə gözdən saldılarsa, elmi də o cür gözdən saldılar»

F.Cəlilov son illər AMEA-nın ortaya ciddi ixtiralar, kəşflər qoymadığını vurğulayır, bunu da elmə yanaşmanın yanlış olması ilə izah edir. O, Azərbaycanda istedadlı gənclərin olduğunu, ölkədən kənara çıxan kimi böyük uğurlar qazandığını, amma ölkədə buna imkan olmadığını bildirir. F.Cəlilov son illər AMEA-nın gənc alim yetişdirmədiyini, gəncləşmənin qarşısının alındığını iddia edir. Bunun da səbəbini elm sahəsinin alimlərin əlində olmaması ilə bağlayır: «Elmlə alimlər məşğul olmalıdır. Akademiklər var ki, bir vərəq yazıda 20 səhv buraxır. Bunların akademikliyi də ciddi deyil. Məmur kimi xalqa nə xeyir veriblər ki, Akademiyada nə xeyir versinlər. Ora baş girləmək üçün bir yerdir. Son 20 ildə o qədər akademik çıxdı ortalığa, sayı-hesabı yoxdur. A balam, bunlar nə vaxt akademik oldu? Elmi də hörmətdən saldılar. Məmurluğu, ölkəyə, vətənə vicdanla xidmət etməyi necə gözdən saldılarsa, elmi də o cür gözdən saldılar».

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının keçmiş rektoru, keçmiş parlamentin Elm və Təhsil Komitəsinin üzvü Ağacan Əbiyev başı qarışıq olduğunu və bu haqda danışmaq istəmədiyini söyləyir.

AzadlıqRadiosu söylənən tənqidlərlə bağlı, hələlik, AMEA-dan açıqlama ala bilməyib.

Azərbaycanda elmin, təhsilin vəziyyəti hər zaman tənqid olunmaqdadır. Ölkənin ali məktəbləri dünyanın tanınmış universitetləri ilə rəqabətdə uduzurlar. Ölkədə dünya miqyasında kəşf və ixtiraların olmaması, üstəlik, hökumətin bu sahəyə cüzi vəsait ayırması da qınanır. Rəsmilərsə tənqidləri rədd edirlər.

XS
SM
MD
LG