Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:18

İcra başçısının müavini məktəblini döyməyə görə məhkum edildi


Rasilə Arifqızı (Əliyeva)
Rasilə Arifqızı (Əliyeva)

Lənkəran rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Rasilə Arifqızı (Əliyeva) haqqında ittiham hökmü çıxarılıb. Məktəbliyə qarşı zorakılıqda suçlanan Arifqızı vəzifə səlahiyyətlərini aşmaqda suçlu sayılaraq 4 min manat cərimə cəzasına məhkum edilib. Bu hökmü oktyabrın 10-da Lənkəran rayon Məhkəməsində hakim Rəşad Məmmədov çıxarıb.

Yüngülləşdirici hallar...

Hökmdə vurğulanıb ki, cərimə cəzası təyin edilərkən yüngülləşdirici hallar, o cümlədən zərərçəkmiş tərəflə barışıq, məktəbli və valideyninin şikayətçi olmaması nəzərə alınıb.

Arifqızı hökmdən öncə son sözündə deyib ki, əməlindən peşmandır, məsələnin bu həddə çatacağını düşünməmişdi.

Cinayət işinin materiallarında iddia olunur ki, Rasilə Arifqızı icra başçısının müavini işlədiyi dövrdə – 14 iyul 2022-ci ildə Lənkərandakı 4 saylı məktəb-liseyin 9-cu sinif şagirdi Aliyə Camalovanı attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə öz evinə gətirdib. O, məktəblinin mobil telefonunu əlindən alıb, oradakı məlumatları yeniyetmənin qohumlarının mobil telefonlarına göndərib. Həmçinin onu döyüb. Ekspertiza yeniyetmənin üzərindəki xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirib.

"Öz qızını da döyüb. Amma bu biri uşaq qədər yox"

İcra başçısının sabiq müavini ilə bağlı araşdırmalar "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin yeniyetməyə qarşı baş verənləri sosial mediada ictimailəşdirməsindən sonra başlayıb.

Kəmalə Ağazadənin yazdığına görə, Rasilə Arifqızı şagirdi şəxsi səbəbdən evinə gətirdərək zor tətbiq edib: "Səbəb Rəsilə Əliyevanın öz qızının telefonundan sevdiyi oğlana mesaj yazması olub. Deyilənə görə, öz qızını da döyüb. Amma bu biri uşaq qədər yox...".

Arifqızı ilə yanaşı, 4 saylı məktəb-liseyin direktoru Yeganə Əsgərova da istintaqa cəlb edilib. Onun da məktəblinin döyülməsində iştirakçı olduğu iddia edilir.

Hadisəni necə əsaslandırıb

İcra başçısının sabiq müavini hadisədən sonra yaydığı açıqlamada bildirmişdi ki, zorakılığa məruz qaldığı iddia edilərək sosial mediada fotoları yayılan məktəbli onun qızı ilə eyni sinifdə oxuyur. Arifqızı iddia edirdi ki, sözügedən qız sinif yoldaşlarının, o cümlədən onun qızının adından mesajlar yazıb: "Mənim qızımın və sinif yoldaşı olan digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Bundan xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda olanları onun valideynlərinə göndərdim".

Sosial mediada bu haqda məlumat və uşağın üzərində xəsarət izləri olan görüntüləri yayılandan sonra prokurorluq araşdırmalara başlayıb, Arifqızı vəzifəsindən azad edilib. Ardınca onun barəsində cinayət işi başlanıb.

XS
SM
MD
LG