Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:03

Öldürülən jurnalistin anası: "Nə olsun ki, iki dənə top vurmusan?"


Teyfurə Əliyeva
Teyfurə Əliyeva

►“Bu hadisə Cavidin, Elşənin rəhbərliyilə təşkil olunan işdir."

"Rasim ölkəsini də, xalqını da sevirdi. O istəmirdi ki, Cavid kimi adamlar bu ölkəni təmsil eləsinlər. Üstəlik, Rasim jurnalist idi, gördüyü tərbiyəsiz hərəkətlə bağlı istər-istəməz öz fikrini bildirməli idi. Öz fikrini dedi, bunların da xoşuna gəlmədi, onu o vəziyyətə qoydular..."

Bunu döyülüb öldürülən jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində deyib.

Jurnalistin ölümü ilə bağlı məhkəmə prosesi artıq yekunlaşmaq üzrədir. Məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı da, müdafiəçilər də çıxışlarını yekunlaşdırıb. Bugünkü məhkəmə prosesində tərəflərə replika hüququndan istifadə imkanı verilib. Prokuror bu hüquqdan istifadə etmək istəməyib.

“RASİMİ DÖYMƏSƏYDİLƏR, XƏSTƏXANAYA DA DÜŞMƏZDİ”

Zərərçəkmiş Teyfurə Əliyeva isə çıxışında oğlunun ölümündə bir daha "Qəbələ" futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovu günahlandırıb:

"Elşən İsmayılov Rasimi tanımırdı. Bütün söhbətlər Rasimin Cavid barədə yazdığına görə olub. Bu hadisə də Cavidin, Elşənin rəhbərliyilə təşkil olunan işdir. Nə olsun ki, iki dənə top vurmusan? Ayağın yaxşı vurmağı hələ tərbiyədən xəbər vermir. Əgər Elşənlə Rasim arasında söyüş olsaydı, hansı qeyrətli oğul yaxınlaşıb Rasimə əl verərdi?!"

Teyfurə Əliyeva deyir ki, oğlunu hiylə ilə aldadaraq çağırıb, döyüb öldürüblər:

"Bunlar günahı gah Rasimin üstünə atırlar, gah həkimlərin. Bir şeyi bilmək lazımdır ki, əgər bunlar Rasimi döyüb o vəziyyətə salmasaydılar, heç xəstəxanaya da düşməzdi. Rasimə elə zərbələr vurulmuşdu ki, yerində də ölə bilərdi. Həkimlər də öz səhlənkarlıqlarına, savadsızlıqlarına görə cavab verməlidirlər".

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Zərərçəkmiş təqsirləndirilən şəxslərin məhkəmədə davranışından da narazılığını ifadə edib:

"Heç özlərini günahkar hiss eləmirlər ki, bir insanın həyatına son qoyublar".

“QAN QUSANDA BİLİBLƏR Kİ...”

Rasim Əliyev
Rasim Əliyev

Vəkillər də replika hüququndan istifadə ediblər. Təqsirləndirilən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev bir daha jurnalistin ölümündə həkimlərin günahı olduğunu vurğulayıb:

"Rasim Əliyevin daxilindəki maye dərhal çəkilməli idi, amma bunu eləməyiblər. O, xəstəxanada olduğu müddətdə tez-tez qanı yoxlanılsaydı, bilinərdi ki, bu adamda daxili qanaxma var. Bunların heç birini eləməyiblər. Gecə saat 1-in yarısında qan qusanda biliblər ki, iş-işdən keçib, onda əməliyyata aparıblar. İşin içində anestezioloqun ifadəsi var, deyir ki, "mən əməliyyatdan sonra gəlmişəm ora". Bəs onda əməliyyatdan əvvəl bu adama “narkoz”u kim verib?"

Digər təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli məhkəmənin həkimlərin məsuliyyətilə bağlı məsələni araşdırmamasından narazılığını ifadə edib.

“TALEYİMİZ HƏLL OLUNUR”

Replikalardan sonra təqsirləndirilən şəxslərə son söz verilsə də, onlar hazırlaşmaq üçün vaxt istəyib.

"Burada bizim taleyimiz həll olunur. Bizə hazırlaşmaq üçün kifayət qədər vaxt verilməsini xahiş edirik", - deyə təqsirləndirilən şəxslərdən Elşən İsmayılov bildirib.

Məhkəmə prosesi martın 17-də müttəhimlərin son sözü ilə davam edəcək.

Rasim Əliyev "Facebook" sosial şəbəkəsində futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü maddəsi ilə ittiham olunur. Prokuror təqsirləndirilən şəxslərdən Elşən İsmayılov və Arif Əliyevin hər birinə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevin hərəsinə isə 11 il 6 ay olmaqla, təqsirləndirilən şəxslərə ümumilikdə 63 il həbs cəzası istəyib.

Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Cavid Hüseynovun işi üzrə icraat ayrılıb və hazırda onun da məhkəməsi davam edir.

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

XS
SM
MD
LG