Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:12

Reportyorun ailəsi onun qətlində ittiham olunanı bağışladı


Əvəz Şıxməmmədovun tərəfdarları (Arxiv fotosu)
Əvəz Şıxməmmədovun tərəfdarları (Arxiv fotosu)

Mərhum reportyorun hüquqi varisi qismində tanınan qardaşı Təbriz Şıxməmmədov isə əmisi oğluna daha yüngül cəza verilməsini istəyib

Reportyor Əvəz Şıxməmmədovu onun cinsi orientasiyasına görə mübahisə zəminində öldürdüyünü deyən əmisi oğlu Əmrulla Güləliyevə 10 il 6 ay həbs cəzası istənilib. İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Mərhum reportyorun hüquqi varisi qismində tanınan qardaşı Təbriz Şıxməmmədov isə əmisi oğluna daha yüngül cəza verilməsini istəyib. O bildirib ki, özü də, ailəsi də təqsirləndirilən Güləliyevi bağışlayır:

“Əmrulla Güləliyev ailəmizin bir üzvüdür. O, bizə qardaş kimi olub, bir evdə böyümüşük. Ona görə də onu bağışlayırıq. Şikayətimiz yoxdur. Prokuror yüngülləşdirici halları nəzərə almadı, 10 il 6 ay çox ağırdır. Daha yüngül cəza istəyə bilərdi. Əmrulla təsərrüfatla məşğul olurdu, ailənin qazanc gətirəni idi. Bu hallar nəzərə alınsa, yaxşı olardı”.

O, anasının da şikayətçi olmaması barədə notarial qaydada təsdiqlənmiş arayışı məhkəməyə təqdim edib.

Hakim zərərçəkmişdən məhkəmədən nə qədər cəza istədiyini soruşanda onun cavabı “7 il olub”.

Zərərçəkmişin bu cür çıxışına məhkəmə zalında prosesi izləyən ictimai fəallar kəskin reaksiya verib.

Vəkil narazı qalıb

24-yaşlı Güləliyevin vəkili də hesab edir ki, prokuror yüngülləşdirici halları – təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, onun ilk dəfə cinayət törətməsini, polisə özünün təslim olmasını, zərərçəkmiş tərəfin onu bağışlamasını nəzərə almayıb.

“Əmrulla Güləliyev cəmiyyət üçün yararlıdır. Onu uzun müddətə cəmiyyətdən təcrid etməyə zərurət yoxdur. Dövlət ittihamçısının təklif etdiyi cəza ağırdır. Xahiş edirəm, yüngülləşdirici hallar nəzərə alınsın”, - vəkil çıxışında bildirib.

İyulun 29-da Güləliyev son sözünü deyəcək, ardınca hökm elan ediləcək.

24-yaşlı Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib.

Reportyorun ögey əmisi oğlu olan Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib.

O, məhkəmədə ifadə verərkən deyib ki, əmisi oğlunun cinsi orientasiyasıyla əlaqədar davranışlarına görə illərdir aralarında mübahisələr olurdu. Hadisə günü də növbəti dəfə mübahisə etdiklərini deyən Güləliyevin sözlərinə görə, Əvəzgilə gedərək, ona axırıncı dəfə xəbərdarlıq edib:

“Dedim ki, bu yoldan qayıdacaqsan. O isə dedi ki, “mənim sənətimdi, get, işinlə məşğul ol”. Əsəbiləşdim, mətbəxdən bıçağı götürüb vurdum...”

“Kanal 13” və bir sıra başqa internet televiziyalarıyla əməkdaşlıq edən Şıxməmmədov həm də LGBT fəalı kimi tanınırdı. O, cinsi azlıqların hüquqlarıyla bağlı etiraz aksiyalarında da iştirak edirdi.

XS
SM
MD
LG