Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:39

Vardanyan Qarabağda internet tapmır. Etnik erməni liderlər üçün halqa daralır


Ruben Vardanyan
Ruben Vardanyan

Qarabağdakı qaranlıq iqamətgahından AzadlıqRadiosuna “Zoom” ilə danışan Ruben Vardanyan iPad-i üçün yaxşı internet bağlantısı tapa bilməyib: “Bağışlayın, işıq yoxdur. Çətindir”.

Jurnalist Coşua Kuçera (Joshua Kucera) Azərbaycanın Qarabağ regionunda elektrikin davamlı kəsilməsinin Wi-Fi bağlantısında da fasilələrə səbəb olduğunu yazır. Separatçılar Azərbaycanın regiona təbii qaz verilişini mütəmadi kəsdiyini, ərazidən giriş-çıxışı blokadada saxladığını deyirlər. Ancaq rəsmi Bakı deyilənləri təkzib edir.

İyunun 27-dən 29-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir. Məqalədə deyilir ki, regionun etnik erməni əhalisi getdikcə öz gələcəkləri üçün daha çox qorxurlar. Elə separatçı rejim də siyasi baxımdan təcrid olunur.

İndiyədək Qarabağdakı rejimi ayaqda saxlamış Ermənistan hökuməti bu dəstəyə son qoya biləcəyinə eyham vurub. Ancaq eyni zamanda yerli ermənilərin hüquqları və təhlükəsizliyinin beynəlxalq nəzarət altında saxlanmasının vacibliyini vurğulayır. Baş nazir Nikol Paşinyan mayın 22-də ilk dəfə açıq şəkildə Qarabağın Azərbaycan ərazisi olduğunu dilə gətirib.

Qarabağdakı separatçı rejim nisbətən susqun davransa da, milyarder, qısa müddətə separatçı rejimin “dövlət naziri” olmuş Vardanyan irəli çıxaraq özünü erməni müqavimətinin lideri kimi təqdim edir.

Yerevanda doğulmuş Vardanyan həyatının çox hissəsini Rusiyada yaşayıb. O, 1991-ci ildə qurulmuş bankçılıq şirkəti vasitəsilə sərvət qazanıb, ancaq sonradan adı nəhəng çirkli pulyuma sxemində hallanıb. Ermənilər onu Ermənistanda və Qarabağda xeyriyyəçilik fəaliyyəti ilə tanıyırlar.

Vardanyanın mücadiləsi

Paşinyanın Qarabağı verməyə “hüquqi və mənəvi haqqı çatmır”, – Vardanyan AzadlıqRadiosuna deyib. O, Paşinyanın maydakı Qarabağ açıqlamasından bir gün sonra yeni təşkilat yaratdığını bəyan edib.

Təşkilatın adı belədir: “Artsaxın Təhlükəsizliyi və İnkişafı naminə Cəbhə”. O, Qarabağın erməni adını daşıyan qurumun “Artsaxın erməni kimliyini saxlamaq kimi müqəddəs vəzifəsi” olduğunu sözlərinə əlavə edib.

Vardanyan sosial media postlarında erməniləri Qarabağın ermənilərə məxsus olmasından ötrü “savaşmağa” çağırıb. O, AzadlıqRadiosuna deyib ki, “savaşmaq təkcə silaha sarılmaq demək deyil, mövqeyimizi, niyə Azərbaycanın tərkibində olmayacağımızı izah etməkdir”.

1990-cı illərdə erməni silahlı birləşmələri Qarabağı və Azərbaycanın ətraf 7 rayonunu işğal ediblər. 2020-ci ildə Azərbaycan 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və 7 rayona nəzarətini bərpa edib. Hazırda Bakı Qarabağın qalan hissəsinə nəzarəti özünə qaytarmağa, erməni əhalini reinteqrasiya etməyə çalışır. Hökumət etnik erməniləri özünün bərabərhüquqlu vətəndaşları saydığını bildirir.

Kuçera az sayda erməninin bu vədlərə inandığını yazır. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bugünlərdə deyib ki, ermənilərlə bağlı siyasət Azərbaycanın daxili məsələsidir.

Bakı Qarabağdakı etnik erməni liderlərlə bağlı sərt mövqe tutub. Prezident İlham Əliyev onlara mövqelərindən çəkiləcəkləri halda amnistiya təklif edib. Bu bəyanatı ABŞ alqışlayıb. Bu isə öz növbəsində separatçıların qınağına səbəb olub.

Azərbaycan Qarabağ ermənilərinə Ağdam yolunu təklif edir: Xankəndidən reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Nəzarət-buraxılış məntəqəsi bağlanıb

Ötən ilin dekabrından azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda ekoloji tələblərlə aksiya keçirməyə çalışıb. Qarabağdakı rejim blokadaya alındığını iddia etsə də, rəsmi Bakı bunu təkzib edib. Apreldə aksiya dayandırılıb, dəhlizdə nəzarət-buraxılış məntəqəsi qurulub. İyunun 15-dən məntəqəni bağlayan Azərbaycan bunu erməni əsgərlərin oranı atəşə tutması ilə əsaslandırıb.

Bu arada Qarabağ erməniləri kəskin ərzaq və dərman qıtlığı ilə üzləşdiklərini deyirlər.

Bakıda yerləşən Topçubaşov Mərkəzinin tədqiqatçısı Şücaət Əhmədzadə bildirir ki, nəzarət-buraxılış məntəqəsinin bağlanmasında məqsəd “de fakto hakimiyyəti Bakının tələblərini qəbul etməyə vadar etməkdir”. Bu tələblərə isə Azərbaycana reinteqrasiya, separatçıların “özünümüdafiə ordusu” dedikləri silahlı birləşmələri buraxmaq daxildir, Əhmədzadə vurğulayıb.

Ermənistanın qəbul etdiyi danışıq mövqeyi – Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etməsi və yeni sərhəd-buraxılış məntəqəsini sakit qarşılaması Bakını Qarabağın “müdafiə ordusu”na və digər qurumlarına təzyiqə həvəsləndirib. Bunu isə Yerevanda yerləşən Siyasi və İqtisadi Strateji Araşdırmaları Mərkəzinin başçısı Binyamin Poqosyan “The Armenian Weekly”də yazıb.

“Azərbaycan bu addımları Artsaxın müdafiə ordusuna qarşı hərbi əməliyyata de-fakto yaşıl işıq kimi qəbul edib”, – Poqosyan vurğulayıb.

Qarabağdakı rejimin “xarici işlər nazirliyi” AzadlıqRadiosunun suallarını cavablandırmayıb. Qondarma qurum mayın 30-da verdiyi bəyanatda Əliyevin ultimatumunu “açıq təhdid və birbaşa şantaj” adlandırıb.

Vardanyanın dediyi üç seçim

Vardanyan isə Qarabağdakı separatçı rejimin yaratdığı siyasi vakuumu doldurmağa çalışır. “Birincisi, Qarabağ xalqını möhkəmləndirməyə çalışırıq. Onların üç seçimi var: getmək, Azərbaycanın idarəçiliyini qəbul etmək, yaxud ‘Xeyr, səsimiz birlikdə çıxacaq’ demək. Beləliklə, birinci əsas hədəf orada yaşayanlar, ikincisi isə Qarabağdan kənardakı ermənilərdir”, – o deyib.

2020-ci il atəşkəs bəyanatına əsasən Qarabağa beş il müddətinə Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycan bu kontingentin “müvəqqəti” olduğunu deyir.

Təhlilçi Poqosyan AzadlıqRadiosuna deyib ki, Qarabağ erməniləri üçün ən yaxşı çıxış yolu status kvonu 2025-ci ilədək saxlamaq, sonra isə beynəlxalq arenada Rusiya sülhməramlılarının qalacağına imkan verəcək hansısa dəyişikliyə ümid bəsləməkdir.

“Baxaq görək, Rusiya/Ukrayna, Azərbaycanın özü, Ermənistanın başına nə gələcək”, – təhlilçi söyləyir.

Azərbaycanda Vardanyanı “Moskvanın adamı” sayırlar. Separatçı rejimin başçısı Arayik Arutyunyan isə Paşinyanla daha çox əməkdaşlığa gedən, Bakıyla işləməyə meylli kimi görünür, bunu Əhmədzadə deyir. Üstəlik, Azərbaycan hökuməti qorxur ki, Rusiya Ermənistan hökumətinin iradəsinə zidd olaraq Qarabağın reinteqrasiyasını əngəlləyə bilər.

“Antiterror əməliyyatı”na çağırışlar

“Bir çox hökumətpərəst ekspertlər Qarabağda ‘antiterror əməliyyatları’ keçirərək Moskvaya və onun Qarabağdakı Vardanyan kimi əlaltılarına güc göstərməyə çağırırlar. Bu əməliyyatların miqyası ilə bağlı cavabsız suallar var, amma yəqin ki, Müdafiə ordusunun hərbi infrastrukturuna dəqiq zərbələr ola bilər”, – Əhmədzadə deyib.

Vardanyan erməni silahlı dəstələrinin gələcəyi haqda sualı cavablandırmayıb, “blokada şəraitində hər kəsin əsgərə çevrildiyiyini” deyib.

Əhmədzadə isə qeyd edib ki, Bakı Avropa İttifaqı və ABŞ-ın Azərbaycan hökumətilə Qarabağ erməniləri arasında danışıqlara vasitəçilik cəhdlərindən ürəklənib. Rusiyanın “RIA Novosti” agentliyinin iddiasına görə, ABŞ Qarabağ təmsilçilərini Bakı ilə danışıqlara “məcbur edir”, əks halda Azərbaycanın “antiterror” əməliyyatı keçirəcəyi ilə hədələyir.

Bakıdakı ABŞ səfirliyi bununla bağlı bəyanatında qeyd edib ki, Rusiyanın “dezinformasiya yaymaq tarixçəsi var”: “Mövqeyimiz daim belə olub ki, Dağlıq Qarabağ xalqının hüquqları və təhlükəsizliyinin qorunması regionda sülhün tərkib hissəsi olmalıdır. Bunu irəliyə aparan istənilən dialoqu alqışlayırıq”.

XS
SM
MD
LG