Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

Azərbaycan öhdəliklərini necə yerinə yetirir, Rusiya necə?


"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması
"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması

Bu gün, fevralın 22-də "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanmasının 1 ili tamam oldu. 43 maddədən ibarət Bəyannamədə qeyd edilir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik əsasında qurur. Sənədə görə, bu iki ölkə aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmalıdırlar. Habelə, onlar öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətlə almalıdırlar. Bir sözlə, sənəd siyasi, iqtisadi, humanitar və bir çox başqa sahələr üzrə əməkdaşlığın genişlənməsini ehtiva edir.

Lakin bir il keçsə də, Bəyannaməni hər iki ölkənin parlamentləri ratifikasiya etməyib.

E.Nəsirov
E.Nəsirov

"Azərbaycanın milli maraqlarına uyğundur"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a deyib ki, Rusiya ilə Azərbaycan strateji müttəfiqdirlər: "Ötən ilin fevralın 22-də imzalanmış sənədlə münasibətlərimiz yüksək səviyyəyə qalxıb".

Deputatın hesab edir ki, bu sənədin imzalanması hər iki tərəfin maraqlarına cavab verir: "Xüsusilə də Azərbaycan üçün çox əhəmiyyətlidir. Bu da onunla bağlıdır ki, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını tanıyırlar. Bir-birinin daxili işlərinə qarışmaq, hədələmək və güc tətbiq etmək siyasətindən imtina edirlər. Biz fərqindəyik ki, Rusiya dünyanın nəhəng dövlətidir və Azərbaycanın heç bir halda Rusiyaya qarşı ərazi iddiası ola bilməz".

O vurğulayıb ki, Rusiya ilə münasibətlərin inkişafı Azərbaycanın milli maraqlarına uyğundur: "Münasibətlərin korlanması isə Ermənistanın və onun daxilində revanşist qüvvələrinin maraqlarına xidmət etmiş olur".

E.Nəsirovun sözlərinə görə, Rusiya ilə münasibətlərdə həllini gözləyən məsələlər də var: "Rusiya sülhməramlıları qüvvələrinin fəaliyyəti 10 noyabr bəyanatının 4-cü bəndi ilə tənzimlənir. Həmin bəndə əsasən, Rusiya sülhməramlılarının gəlişi ilə paralel şəkildə qeyri-qanuni erməni birləşmələri ərazidən çıxarılmalı idi. Təəssüf ki, Rusiya sülhməramlıları bu vəzifəni icra etmirlər və yenə də orada əlisilahlı ermənilər qalmaqdadır. Bu kimi məsələlərdə Rusiya ilə bizim fikir ayrılığımız var. Bütövlükdə isə Azərbaycan üçün münasibətlər strateji xarakter daşıyır".

A.Qasımlı
A.Qasımlı

"Azərbaycan öhdəliklərini yerinə yetirir"

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, iki ölkənin münasibətlərində bu bir il ərzində heç bir dəyişiklik olmayıb: "Amma bu bəyanatdan irəli çıxan müəyyən hərəkətlilik və Azərbaycan tərəfindən bəyannaməyə uyğun hərəkətlər görmüşük. Məsələn, BMT-də Rusiyaya qarşı hər hansı məsələ səsverməyə çıxarılanda Azərbaycan tərəfinin iştirak etməməsi və, digərlər kimi, Rusiyanın əleyhinə səs verməməsi bunu göstərir. Avropa Şurasının Nazirlər Komitəsinin Rusiyanın üzvlüyünün dondurulması ilə bağlı verdiyi qərar müzakirəyə çıxarılanda yenə də Azərbaycan tərəfi iştirak etməyib. Yəni, Azərbaycan tərəfi bu sənəddən irəli gələn öhdəliklərini yerinə yetirir".

Siyasi şərhçinin sözlərinə görə, digər tərəfdən, Qarabağ ətrafında gedən proseslərdə, Ermənistan Baş naziri Nikol Paşinyana qarşı təzyiqlərdə Azərbaycan də aktiv iştirak edir və bununla Rusiyanın maraqlarını təmin edir.

Bu fikirlərə Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri də sözügedən bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyindən danışırlar.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG