Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:31

Rusiyada azərbaycanlı: 'Oğlum da müharibəyə getmək istəyir, qoymuram'


Rusiyada səfərbər olunan 300 min nəfərdən 87 mininin Ukraynada döyüş zonasına göndərildiyi bildirilir.
Rusiyada səfərbər olunan 300 min nəfərdən 87 mininin Ukraynada döyüş zonasına göndərildiyi bildirilir.

Rusiyada yaşayan azərbaycanlılar arasında Ukraynadakı müharibəyə cəlb olunanların sayı artıb. Bu haqda AzadlıqRadiosuna danışan bəzi azərbaycanlılar Rusiyadan çıxmaq planlarını da bölüşüblər. Ancaq onlara problem yaradıldığını iddia edənlər də var, maliyyə çətinlikləri ucbatından planını gerçəkləşdirə bilmədiyini deyənlər də.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə səfərbərliyin noyabrda başa çatdığına dair məruzə etmişdi. Ancaq prezident sentyabrda elan edilmiş qismən səfərbərliyin bitməsi barədə hər hansı fərman imzalamayıb.

Azərbaycanlılar döyüşə çağırılır...

Əslən azərbaycanlı, 25-yaşlı Rusiya vətəndaşı T.A. yanvarın 5-də səfərbərlik çağırışı alıb və iki həftə öncə orduya cəlb edilib. Onun adını anonim saxlamaq istəyən qardaşı danışır ki, 10 ildən çoxdur Rusiya vətəndaşıdırlar. Düşünür ki, özünün yaşı çox olduğuna görə ona çağırış vərəqəsi gəlməyib.

Müsahibimiz deyir, Ukraynadakı müharibənin qızğın vaxtlarında qardaşına çağırış gəlmədiyi üçün seviniblər. Ancaq səfərbərliyin bitdiyi deyilsə də, çox keçməmiş birgə işlədiyi gürcüyə, sonra da qonşusu azərbaycanlıya çağırış gəlib: "Ondan sonra istədik ki, sənəd düzəldək, qardaşım getsin başqa ölkəyə. Bizi yubatdılar, gah vəsiqə problemi oldu, gah sistem işləmədi. Yanvarın 4-də qardaşıma zəng gəlmişdi, açmamışdıq, 5-də isə artıq rəsmi çağırış aldıq. Getməsə, cərimələnə bilərdi, məcbur olduq yola saldıq. Gedən gündən danışa bilmirdik, üç gün əvvəl zəng etdi ki, hələ döyüşlərə qoşulmayıb. Belə başa düşdüm ki, ehtiyatda saxlanılır. Ola bilər ki, təlim məqsədilə səfərbərlik adı ilə çağırılıb".

AzadlıqRadiosunun müsahibi özünün də nə vaxtsa müharibəyə cəlb oluna biləcəyini istisna etmir və buna görə də Rusiyadan çıxmağı planlaşdırdığını deyir.

Ölkəni tərk etmək istəyənlər

Altı ildir Rusiyada yaşayan, tam adının açıqlanmasını istəməyən Əliyev müharibəyə getmək istəmədiyini, ancaq iqtisadi səbəblərdən ölkədən çıxa bilmədiyini söyləyir. Deyir, Ukraynaya tammiqyaslı hücuma görə Moskvaya tətbiq olunan sanksiyalar əhalinin durumunu ağırlaşdırıb.

Əliyev danışır ki, müharibəyə aparılan iş yoldaşlarından ikisi gürcü, biri azərbaycanlı olmaqla beş nəfərin nəşini gətirilib.

"Evin tək oğluyam, qorxuram ki, müharibəyə apararlar, ona görə də istədim gəlim Bakıya. Amma yaxın günlərə bilet tapmadım, üstəlik də, çox baha idi. Eşitdiyimə görə, Azərbaycana getmək istəyənlər arasında hava limanında saxlanan da olub. Hər günü ürəyim əsə-əsə açıram ki, birdən müharibəyə çağırılaram. Ən çox ondan qorxuram ki, nişanlımın vətəni olan Ukraynaya qarşı döyüşərəm. Çünki ona söz vermişdim ki, müharibəyə çağırsalar, sonu həbs olsa da, getməyəcəyəm", – Əliyev deyir.

O, quru sərhədlərin açılmasına ümid edir, yalnız bu halda Azərbaycan hökumətinin öz vətəndaşlarına sahib çıxa biləcəyi qənaətindədir. Azərbaycanın quru sərhədləri 2020-ci ildən – koronavirus pandemiyası başlanandan bağlıdır.

Anaların da yuxusu ərşə çəkilib...

Rusiya vətəndaşı olan 55-yaşlı azərbaycanlı ana 22-yaşlı oğlunun səfərbərliyə cəlb ediləcəyindən qorxur. O, qonşuluğunda yaşayan azərbaycanlılar arasında müharibəyə aparılanların artdığını vurğulayır. Qadın deyir, Bakıda qohumu olmadığı üçün qayıda bilmir. O, həyat yoldaşının 2014-cü ildə Ukraynada iğtişaş tipli atışmalarda öldürüldüyünü bildirir.

"İndi də yuxum ərşə çəkilib ki, bir gün zəng gələcək, oğlumu da aparacaqlar. Övladlarıma izah edirəm ki, Ukrayna qardaşdır. Amma onlar, istər-istəməz, çöldəki küyə düşürlər. Oğlum özü getmək də istəyir, hələ ki qoymuram. Pul düzəldə bilsəm, çıxacam ölkədən. Azərbaycanda balaca daxmada yaşayaram bəlkə, amma Putinin belə sistemində yaşamaq mənə lazım deyil".

Həmsöhbətimiz həmçinin Moskva məktəblərində vətənpərvərlik təbliğatının son bir ildə gücləndirilməsindən danışır: "Vacib söhbətlər adı ilə Putinin siyasəti təriflənir. Qızımın müəllimləri də bundan narazıdır, amma əmr böyük yerdəndir. Bu yaxınlarda qızıma "Ukrayna bizim düşmənimizdir" yazılmış plakat veriblər. Görəndə başıma od ələndi. Cırıb, tulladım".

Ötən sentyabrında Rusiyada şagirdlərə vətənpərvərlik dərsləri keçilməyə başlayıb. Təhsil Nazirliyinin məlumatına görə, məktəblilər "Vətənə məhəbbət aşılamaq" məqsədilə həftəlik mühazirələrə məcburi qatılmalıdırlar.

Səfərbərlik belə başladı...

Ötən ilin sentyabrında Rusiyada rəsmi səfərbərlik elan olunanadək "gizli səfərbərlik" üsuluyla, yüksək maaş təklifi ilə orduya könüllülər cəlb edilib.

Rusiyada səfərbər olunan 300 min nəfərdən 87 mininin Ukraynada döyüş zonasına göndərildiyi bildirilir. BBC və "Mediazona"nın jurnalistləri açıq mənbələr əsasında Ukraynadakı müharibədə 10 mindən çox rusiyalı hərbçinin, o cümlədən səfərbər edilən 430 nəfərin öldüyünü təsdiqlədib. Səfərbərlər cəbhəyə göndəriləndən sonra döyüşdən imtina hallarının olduğu xəbər verilib. Onların işgəncələrə məruz qalması iddiaları var.

Rusiya ötən il fevralın 24-də Rusiya Ukraynaya yeni hərbi hücuma başlayıb. Moskva altı il öncə - 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edərək şərqi Donbas regionunda separatçıları dəstəkləməyə başlamışdı. Qərb Rusiyaya ağır sanksiyalar tətbiq edib.

Ötən payızdan Ukrayna Silahlı Qüvvələrinin bölmələri əks hücuma keçərək Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarıb. Bu müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insan evindən didərgin düşüb.

XS
SM
MD
LG