Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09

Rusiyada miqrantlar üçün adaptasiya kursu: ana dilində pıçıldaşmayın, qoyun kəsməyin


Miqrantlar Yekaterinburqdakı Miqrasiya Mərkəzində rus dilində imtahan verirlər
Miqrantlar Yekaterinburqdakı Miqrasiya Mərkəzində rus dilində imtahan verirlər

Rusiyada Millətlərin İşləri üzrə Federal Agentlik (FADN) Orta Asiyadan olan əməkçi miqrantlar üçün yeni adaptasiya kursu hazırlayıb. 70 dəqiqəlik mühazirədən ibarət kursda əcnəbilərə ölkənin miqrasiya və əmək qanunvericiliyi, davranış qaydaları haqda bilgi verilir. Bu barədə mühazirənin materialları ilə tanış olan "Kommersant" qəzeti yazır.

Kurs dörd hissəyə bölünüb: "Miqrasiya və əmək qanunvericiliyinin əsasları", "Rusiyada qeyri-rəsmi davranış qaydaları", "Qanunvericiliyə əməl etməməyin məsuliyyəti", "Rusiya və Orta Asiya ölkələrinin münasibətlərinin tarixi".

Birinci bölümdə miqrantlara Rusiyaya giriş və qalma, eləcə də patentin qeydə alınması, əmək müqaviləsinin bağlanması qaydaları izah olunur. Mühazirəçi həmçinin Rusiya ordusunda müqavilə əsasına xidmət keçməklə Rusiya vətəndaşlığı almaq imkanları barədə məlumat verməlidir, - nəşr qeyd edir.

"Qeyri-rəsmi davranışın əsasları" bölümündə mühazirəçilər rus dilini bilməyin vacibliyini qeyd edirlər, onu da deyirlər ki, "sizin qohumlarınız olmayan şəxslərə "qardaş", "bacı" deməyiniz məqsədəuyğun deyil". Əcnəbiləri yoldan keçənləri öz dillərində müzakirə etməməyə və digərlərinin yanında öz dillərində pıçıldaşmamağa çağırırlar.

Müsəlmanlar Moskva Cümə məscidinin qarşısında namaz qılırlar.
Müsəlmanlar Moskva Cümə məscidinin qarşısında namaz qılırlar.

Küçələrdə namaz qılmaq, qurban kəsmək...

Mühazirədə Rusiyanın dünyəvi dövlət olduğu xatırladılır, burada hər hansı dinə açıq münasibət göstərməyin, o cümlədən küçədə dini ayinlər yerinə yetirməyin, ictimai yerlərdə namaz qılmağın qəbul olunmadığı qeyd edilir. Heyvanları qurban kəsməyin də qəbuledilməz olduğu vurğulanır.

Kursda "əks cinslə davranışın əsasları"ndan da söz açılır: bildirilir ki, Rusiyada qadınlar ənənəvi olaraq açıq geyinirlər, bu isə önyarğılı davranmağa əsas vermir, onların tanışlığa hazır olması demək deyil.

"Qeyri-rəsmi davranışın əsasları" blokunun proqramında deyilir ki, yad adamlara toxunmamalı, "bəyəndiyiniz qadının və ya kişinin diqqətini cəlb etməyə çalışarkən səslər çıxarmamalı, fit çalmamalı, qışqırmamalısınız".

Üçüncü bölümdə Rusiya qanunlarını, eləcə də miqrasiya qanunlarını pozmağa görə cəzalardan söz açılır. Mühazirəçilər ekstremist və terrorçu fəaliyyətin, yaxud belə fəaliyyətə yardımın yolverilməzliyini vurğulamalıdırlar. Kurs müəllifləri mitinq və nümayişlərə getməməyə də çağırırlar.

"SSRİ büdcəsindən böyük pullar..."

Dördüncü bölümdə Rusiya ilə Orta Asiya ölkələrinin "dostluq" bağlarının çoxəsrlik tarixinin olduğu bildirilir. "SSRİ-nin büdcəsindən böyük pullar Orta Asiya respublikalarının uğurla inkişafına imkan yaradıb", - deyə vurğulanır.

Mətnlərə 11 animasiya roliki də əlavə olunub. Baş qəhrəman Timur Rusiyada yaşam qaydalarından danışır. Videoların hər biri "Əssalamu-əleykum, hörmətli qardaş və bacılar! Mənim adım Timurdur, artıq 10 ildir moskvalıyam" ifadəsi ilə başlayır. Roliklərin məzmunu da 70 dəqiqəlik mühazirə ilə, əsasən, üst-üstə düşür.

FADN 2023-cü ilin sentyabrında Rusiyada miqrantlar üçün adaptasiya kursunun işlənib tamamlandığını elan edib. Ötən həftə qurumdan bildirilib, kurs Kalininqrad, Moskva vilayətlərində, Perm və Krasnodar diyarlarında, eləcə də Yakutiyada sınaqdan keçirilib.

XS
SM
MD
LG