Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:59

Rusiya ‘Zəngəzur dəhlizi’ ilə bağlı mövqeyini İrana necə izah etməyə çalışır


Rusiya bəyan edib ki, Azərbaycan və Naxçıvan arasında Ermənistandan keçməli olan nəqliyyat kommunikasiyasının açılmasına çağırışları Tehrandan acıqlı reaksiyaya səbəb olduqdan sonra İran tərəfinə öz mövqeyini izah edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə deyib:

“Biz iranlı partnyorlarımızla daim əlaqədəyik. Biz bu məsələ barəsində onlara bütün zəruri izahatlarımızı çatdırmışıq. Biz belə düşünürük ki, arqumentlərimiz Tehran tərəfindən eşidilib və qəbul olunub”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 19-da Ermənistanı sözü gedən nəqliyyat kommunikasiyasının açılmasına mane olduğuna görə tənqid etməklə Tehranı acıqlandırmışdı.

Lavrov bildirirdi ki, vasitəçiliyi Rusiya tərəfindən edilmiş üçtərəfli bəyanatı imzalamaqla Yerevan nəqliyyat kommunikasiyasının açılması üçün öhdəlik götürüb, amma indi bu razılaşmanı “sabotaj” edir.

Tehranın mövqeyi

Bunun ardınca İran Xarici İşlər Nazirliyinin vəzifəli rəsmisi Müjtəba Dəmirçilu “Qafqazda cərəyan edən prosesləri” Rusiyanın Tehrandakı səfiri ilə müzakirə etmişdi. Nazirliyin bəyanatında deyilirdi ki, Dəmirçilu səfirə Tehranın regionda hər hansı geosiyasi dəyişikliyə qarşı olduğunu çatdırıb.

Bəyanatda bu da qeyd olunurdu ki, regiondakı bütün ölkələrin legitim narahatlıqları və maraqları nəzərə alınmalıdır.

“Zəngəzur dəhlizi” kimi tanınan bu yol Ermənistanın Sünik vilayətindən keçməlidir. İran isə israr edir ki, onun Ermənistanla yeganə sərhədi məhz bu vilayətdədir.

İranın xarici işlər naziri Abbas Arağçi sentyabrın 5-də X platformasında yazmışdı:

“Qonşularımızın ərazi bütövlüyünə şimaldan, cənubdan, şərq və qərbdən edilən istənilən təhdidlər və sərhədlərin yenidən çəkilməsi İran üçün “qırmızı cızıqdır””.

Bunun ardınca İranın bir sıra millət vəkilləri və dövlətə bağlı mediaları Rusiyanı kəskin tənqid edirdilər.

Rusiya mövqeyini izah edir, yoxsa ona haqq qazandırır?

Zaxarova Rusiya XİN-də keçirilən brifinqdə Moskvanın mövqeyinə haqq qazandırmağa çalışıb:

“Aydındır ki, anti-Rusiya informasiya kampaniyasını ilhamlandıran müəyyən dairələr ən absurd imkanlardan da Moskva və Tehran arasındakı strateji partnyorluğu pozmaq üçün istifadə edirlər”.

Rusiya XİN-in sözçüsü “Zəngəzur dəhlizi”nin regionda geosiyasi vəziyyəti dəyişəcəyinə dair iddiaları da rədd edib:

“Mövcud geosiyasi sərhədlərin guya dəyişəcəyinə və Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhlükə yaranacağına dair mediada dövriyyə edən iddialar həqiqətə uyğun deyildir”.

Bəzi məlumatlara görə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu həftənin əvvəllərində Sankt Peterburqda olan iranlı həmkarı Əli Əkbər Əhmədiana məhz bu barədə qarantiyalarını bildirib.

Mehr xəbər agentliyinin məlumatına görə Şoyqu Əhmədiana deyib ki, Moskva Tehranla bundan əvvəlki bütün anlaşmalarına sadiq qalır.

Paşinyan: “Harda yazılıb ki, orda Rusiya sərhədçiləri olmalıdır?”

Zaxarova da iddia edib ki, Rusiyanın bu məsəldəki mövqeyi dəyişməyib. O xatırladıb ki, Rusiya Ermənistanın yalnız 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu maddəsini yerinə yetirməsini istəyir.

Bu maddəyə görə Yerevan Naxçıvan və Azərbaycan arasında nəqliyyat bağlarının təhlükəsizliyinə qarantiya verməli, kommunikasiyanın özü isə Rusiya sərhədçilərinin nəzarətində olmalıdır.

Ermənistan rəsmiləri isə israr edirlər ki, sözü gedən razılaşma Azərbaycan və Naxçıvan arasında yük və adamların hərəkətinə, habelə nəqliyyat xəttinin özünə Rusiya sərhədçilərinin nəzarətini nəzərdə tutmur.

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 11-də parlamentdə çıxış edərkən yenə də bu məsələyə toxunub:

“Harada yazılıb ki, FTX-nin sərhədçiləri orada durmalıdırlar? Belə bir yazılı müddəa yoxdur”.

Baş nazir əlavə edib ki, Rusiyanın istinad etdiyi maddə Ermənistanın onun ərazisinin hər hansı hissəsi üzərində suverenlikdən məhrum edilməsini nəzərdə tutmayıb.

Rəsmi Bakı bundan əvvəl “Zəngəzur dəhlizi”nin açılmasında israr etsə də, sonradan Yerevanla birlikdə bu müddəanın iki ölkə arasında sülh müqaviləsi layihəsindən çıxarılmasına razılıq verib.

Buna qədər Rusiya rəsmiləri bu dəhlizdən danışarkən əsasən Bakının maraqlarını qabardırdılar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

XS
SM
MD
LG