Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:07

Rusiya ordusundan gedən zabitlər


Rusiya Prezidenti Vladimir Putin (ortada), Müdafiə naziri Sergey Şoyqu (solda) və Baş Qərargah rəisi Valeri Gerasimov (sağda), arxiv fotosu
Rusiya Prezidenti Vladimir Putin (ortada), Müdafiə naziri Sergey Şoyqu (solda) və Baş Qərargah rəisi Valeri Gerasimov (sağda), arxiv fotosu

Müdafiə Nazirliyi xidmətin ilk illərində neçə zabitin erkən istefaya getdiyini açıqlamır

Rusiya ordusunda xidmət edən 23 yaşlı Pavel Petrakov hərbi məktəbə gedəndə ordunun yaxşı bir yer, zabitlərin cəmiyyətin elit təbəqəsinə məxsus olduğunu düşünürdü. O, Sankt Peterburqda nüfuzlu hərbi akademiyanı bitirib.

Ancaq qaldığı yataqxanasında gördükləri – rəzəsindən çıxan qapısı, taxta döşəmədə qan izləri, ümumi mətbəxdə tarakan sürüsü onu sarsıdıb.

Ordudan iyrənmək

“Ağlıma da gəlməzdi ki, bu qədər içib uşaqların üstünə qışqırmaq olar... Çoxlarını ordudan uzaqlaşdıran iyrənclik onlarla heyvan kimi davranışdır”, – o, AzadlıqRadiosu-nun Rusiya xidmətinə deyib.

Petrakov xidmətdən gedən zabitlərdən yalnız biridir. Bəziləri ordudan iyrəndiyini, digərləri şəraitdən cana gəldiklərini, fiziki, psixoloji baxımdan yorulduqlarını deyirlər.

Rusiya silahlı qüvvələrində gənc çağırışçılarla nizamnamədən kənar davranış problemi bəllidir.

Amma etiraz olaraq xidmətdən gedənlər barədə o qədər də informasiya yayılmır.

Bu arada Kreml ölkənin arsenalı və silah sistemlərinin modernləşdirilməsinə milyardlar qoyur, komandanlıq və nəzarət orqanları yenidən təşkil olunur. Sovet sisteminə xas təlim, avadanlıq, əsgərlərin yataqxanalarından can qurtarmağa çalışırlar.

“Tərbiyəli adamlar da var”

AzadlıqRadiosu (RFE/RL) Rusiya silahlı qüvvələrində zabit istefasının miqyasını müəyyənləşdirə bilməyib. Müdafiə Nazirliyi bu haqda sualları cavablandırmayıb.

Ancaq radionun müsahibə aldığı zabitlər bu problemin böyüdüyünü deyiblər.

“Əlbəttə, heç də bütün zabitlər içmir. Tərbiyəli adamlar da var. Yalnız sadiq olanlar karyera nərdivanında irəliləyir, onlar sənədlərə baxmadan imza atırlar, boslarını qoruyurlar”, – hərbi prokurorlara məktub yazandan, açıq şikayət edəndən sonra Moskva yaxınlığında hərbi hissəyə göndərilən Petrakov deyib.

“İndi əslində xidmət etmirəm. Həftədə bir dəfə görünürəm ki, həbs olunmayım, amma dövlət də maaşımı ödəyir. Rusiyada mənim kimi yüzlərlə adam var”, – o, sözlərinə əlavə edib.

Radionun digər müsahibləri də orduda kobud, alçaldıcı münasibətlə üzləşmələrindən danışıblar.

Peşəkar ordu

Sovet dövründə olduğu kimi, indi də Rusiyada 18-27 yaşlılar hərbi xidmətə çağırılır. Hökumət 2019-cu ildə daha kiçik, peşəkar orduya keçməyi planlaşdırsa da, bu iş ləng gedir.

Rusiya ordusu hərbi kontraktdan erkən imtinaya imkan vermir. Bundan ötrü kontraktın şərtlərinin pozulması sənədləşdirilməlidir. Kontraktını vaxtından əvvəl pozan hərbçi ittihamla üzləşə bilər.

Müdafiə Nazirliyi isə xidmətin ilk illərində neçə zabitin erkən istefaya getdiyini açıqlamır.

Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım vilayətində yerləşən batalyonun tibb bölməsində xidmət keçən leytenant Andrey İvanov 2019-cu ilin oktyabrında istefa ərizəsi yazsa da, bir ildən sonra xidmətdən gedə bilib.

“Bir aylıq xidmətdən sonra anladım ki, orada tibb yoxdur, fəaliyyətim silah və heyətlə məhdudlaşır. İstefa ərizəsi yazdım, çünki adamları müalicə etmək istəyirdim”, – o, radioya deyib.

Azı 120 nəfər

Mülki həyatda isə o, qeyri-hökumət təşkilatının xəttilə xidmətdən tez getmək istəyən zabitlərə yardım edir. Onun sözlərinə görə, tanıdığı azı 120 nəfər ordudan getmək istəyir.

O, YouTube-da “Necə istefa verməli?” adlı video dərc edib. 2020-ci ilin sentyabrında yayılmış videoya baxış sayı 85 mindən yuxarıdır.

“Bizə kömək üçün müraciət edənlərin çoxu xəyalı puç olanlardır. Onların çoxu bir arzuyla gəlmişdilər: Belə bir peşə var: Vətəni qorumaq”, – İvanov deyir.

Onun sözlərinə görə, beş-altı il hərbi akademiyada təhsil alanların dünyagörüşü reallıqla toqquşur: dəhşətli şərait, sonsuz növbələr, ödənişsiz əlavə iş.

“Getmək istəyənlərin hamısını buraxsan, qalanlara isə daha çox pul versən, ordudan bu səfehlik və alçalmaları yığışdırsan, sonda hamı xoşbəxt olar”, – İvanov vurğulayır.

XS
SM
MD
LG