Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:59

Rusiyada raket alimləri xəyanət ittihamı ilə həbs edilib


Həbs edilmiş Novosibirsk alimləri
Həbs edilmiş Novosibirsk alimləri

Rusiyada hipersonik raket texnologiyası üzərində işləyən alimlərə qarşı “çox ciddi ittihamlar” irəli sürülüb.

Bu barədə məlumatı Kreml verib.

Reuters agentliyi yazır ki, sözü gedən alimlərə qarşı “dövlətə xəyanət” ittihamının irəli sürülməsi ölkənin elmi icmasında xof və həyəcanın yayılmasına səbəb olub.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, o, ittiham olunan üç alimin müdafiəsinə yazılmış məktubdan xəbərdardır, lakin bu işlə hazırda xüsusi xidmətlər məşğul olur.

“Sibir alimlərinin məktubu” kimi tanınan sənəd bu həftənin əvvəlində dərc olunub.

Putinin fəxr etdiyi, qorxutduğu raketlər

Məktubda alimlər Anatoli Maslov, Aleksandr ŞiplyukValeri Zvegintsevin günahsız olduqlarını bildirirlər.

Məktub müəllifləri yazırlar ki, alimlərin mühakimə edilməsi Rusiya elminə dərin yara vura bilər:

"Biz onların hər birini hüquq-mühafizə orqanlarının şübhələndiyi əmələ qabil olmayan vətənpərvər və ləyaqətli adamlar kimi tanıyırıq”.

Prezident Putin bundan əvvəl dəfələrlə lovğalanmışdı ki, Rusiya hipersonik raketlər sahəsində qlobal liderdir.

O iddia etmişdi ki, Rusiya raketləri 10 maxadək ( 12 min 500 kilometr/saat) sürətlə uçur və düşmənin müdafiə sistemindən yayınmaq qabiliyyətinə malikdir.

Lakin Ukrayna bu həftə bir gecədə Rusiyanın 6 belə raketini vurduğunu bildirib.

Beynəlxalq konfranslar

Elmi konfranslar haqqında məlumatlar həbs olunmuş alimlərin bu konfranslarda tez-tez iştirak etdiklərini göstərir.

Məsələn 2012-ci ildə Maslov və Şiplyuk Fransanın Turs şəhərində keçirilən elmi konfransda səsdən iti sürətlə uçan raketlər sahəsində apardıqları təcrübələrin nəticələrini təqdim ediblər.

2016-cı ildə hipersonik araşdırmalara dair çap edilmiş bir kitabda bu alimlərin üçünün də adları var.

Rusiyanın MiG-31 hipersonik qırıcısı Kh-47M2 Kinjal raketi ilə
Rusiyanın MiG-31 hipersonik qırıcısı Kh-47M2 Kinjal raketi ilə

Novosibirskdəki Xristianoviç adına Nəzəri və Tətbiqi Mexanika İnstitutunun alimləri yazırlar ki, onların həmkarları tərəfindən beynəlxalq forumlarda təqdim edilmiş materiallarda heç bir məxfi informasiya olmayıb.

Açıq məktubda deyilir ki, bu cinayət işləri “hər hansı məqalə və ya hesabatın dövlətə xəyanət ittihamı ilə nəticələnə biləcəyini göstərir”.

Alimlər qeyd edirlər ki, onlar təkcə həmkarlarının taleyindən yox, həm də fəaliyyətlərinin necə davam etdiriləcəyindən narahatdırlar.

Öldürücü xof

Məktubda Sibir alimi Dmitri Kolkerdən də bəhs olunur. O ötən il dövlətə xəyanətdə şübhəli kimi Moskvaya aparılmış və mədəaltı vəzin xərçəngindən əzab çəkməsinə baxmayaraq həbsxana kamerasına salınmışdı. Lazer mütəxəssisi olan Kolker hadisədən iki gün sonra vəfat edib.

Məktub müəllifləri yazırlar ki, belə hadisələr gənc Rusiya alimlərinə vahiməli təsir göstərir:

"Hətta indi ən yaxşı tələbələr bizimlə işləməkdən imtina edirlər. Bizim ən yaxşı gənc əməkdaşlarımız elmi tərk edirlər. Gələcəyin aerofəza texnologiyaları sahəsində bünövrənin qoyulması üçün son dərəcə mühüm sahələr bağlanır, çünki əməkdaşlar belə tədqiqatlarda iştirakdan qorxurlar”.

Məktub barədə suala cavab verən Peskov deyib:

“Biz əlbəttə, bu müraciəti görmüşük, lakin bunun üzərində xüsusi xidmətlər işləyir. Bunlar çox ciddi ittihamlardır”.

XS
SM
MD
LG