Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 17:53

ABŞ-ın gözlənilən yeni sanksiyaları Rusiyanı vahimələndirir


Neft taciri Gennadi Timçenko (solda) Vladimir Putini Fransa biznesmenləri ilə tanış edir
Neft taciri Gennadi Timçenko (solda) Vladimir Putini Fransa biznesmenləri ilə tanış edir

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, “bu günlər Moskvada bir üşütmə var və bu üşütmə heç də təkcə buraları bürümüş Arktika şaxtasından deyil”.

Məsələ burasındadır ki, ABŞ rəsmiləri Rusiya rəsmiləri və şirkətlərinin üzərinə qoyulacaq yeni sanksiyalar üzərində işləyirlər. Bu sanksiyaların daha geniş və sanksiya siyahısının daha uzun olacağı gözlənilir.

Vaşinqtonun Rusiya üzərinə qoyduğu ilkin sanksiyalar, Moskvanın Krım və Suriyadakı hərəkətlərinin cəzalandırılması məqsədilə böyük dövlət şirkətlərini, hökumət müəssisələrini hədəfləmişdi. İndi vəziyyət bir qədər dəyişir. “İkinci dövrə sanksiyaların” hədəfi daha genişdir və yeni sanksiyalar indi faktiki olaraq artıq sanksiyalanmış şirkətlərlə əməkdaşlıq edən ikinci dərəcəli vahid və fərdləri vuracaq. Bəzi mülahizələrə görə yeni sanksiyalar Kremlin daxili çevrəsini hədəfləyəcək.

Moskva bərk nigarandır. Bir Rusiya rəsmisi Birləşmiş Ştatları qarşıdan gələn prezident seçkisini təsirləndirmək cəhdində ittiham edib, nüfuzlu bir Rusiya qəzeti isə ABŞ-ın yeni sanksiyalarının prezident Putinin yaxın çevrəsinə daxil 300 nəfəri hədəfləyəcəyindən yazır. Rusiyanın maliyyə təsisatları isə qarşıdan gələn sanksiyaların zərbəsini azaltmaq tədbiləri üzərində işləyir.

ABŞ Dövlət Departamentində əvvəllər Rusiya sanksiyaları üçün cavabdeh olmuş rəsmi – Daniel Fried deyir ki, Moskva xüsusilə də son bir ayda özünü tam itirmiş kimi görünür.

Putin və keçmiş müdafiə naziri Sergey İvanov
Putin və keçmiş müdafiə naziri Sergey İvanov

Vaşinqtonda yaşayan Rusiya siyasi təhlilçisi Andrey Piontkovski bu qiymətləndirmə ilə razıdır: “Moskvanın gözləntiləri çox bədbindir, çünki ilk dəfə olaraq ABŞ sanksiyaları Putinə yaxın şəxsləri birbaşa ağrıdacaq”.

Rusiyaya qarşı yeni sanksiyaların yanvarın 29-da elan ediləcəyi gözlənir. Bu sanksiyalar ötən il Konqres tərəfindən böyük əksəriyyətlə qəbul edilsə də, prezident Trump-ın çox könülsüz imzaladığı qanuna əsaslanır.

Amerika Rəqiblərinin Sanskiyalarla Önlənməsi qanunu (Countering America's Adversaries Through Sanctions Act) həm də “ikinci qat” sanksiyaların qoyulmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, bu dəfə əvvəllər üzərlərinə sanksiya qoyulmuş Rusiya şirkətləri ilə əməkdaşlıq edən vahidlər də sanksiyalanacaq.

Hələ ötən oktyabrda Dövlət Departamenti bu sanksiyaların kimləri hədəfləyəcəyinə dair müəyyən işarələr vermişdi. Burada söhbər əsas etibarilə Rusiyanın müdafiə profilli şirkətlərindən və kəşfiyyat agentliklərindən gedəcək.

Nəzəri baxımdan bu o deməkdir ki, məsələn üzərində sanksiya olan Rusiya dövlət şirkətinə kredit vermiş başqa bir şirkət yeni sanksiyalara hədəf ola bilər. Burada söhbət ölkənin əsas dövlət silah ixracatçısı Rosoboroneksport da və ya əfsanəvi Kalaşnikov zavodundan da gedə bilər.

“Oliqarx siyahısı”

ABŞ Maliyyə Nazirliyi, ölkənin başqa kəşfiyyat orqanları ilə birlikdə ən tanınmış rusiyalıların və onların ailə üzvlərinin adlarından ibarət siyahını Konqresə təqdim etməlidir. 241-ci bölüm kimi tanınan qanun müddəasına əsasən bu təsisatlara “Rusiya rejiminə yaxın olan oliqarxların adları və sərvətləri” barədə Konqresə məlumat vermək tapşırılıb.

Nəzəri baxımdan bu sanksiyalar məsələn, Rusiyanın yüksək vəzifəli şəxsinin ABŞ-da mülkiyyəti və ya biznesi olan qızını da vura bilər.

Əslində Vaşinqton dairələrində yeni sanksiyaları şərti olaraq “oliqarx siyahısı” adlandırırlar.

Fried AzadlıqRadiosuna deyib ki, sanksiyalardan məqsəd siyahıya salınanlara mesaj verməkdir: “Bu mesaj ondan ibarətdir ki, Putinin korrupsiyalı yaxın çevrəsinə daxil olmaları onları qoruya bilməyəcək”.

Ekspertlərin fikrincə bunun Moskva üzərinə böyük psixoloji təsiri olacaq.

Praktikada isə bu sanksiyalar bəzi varlı rusiyalıların Amerikadakı aktivlərdən gələn gəlirlərini kəsəcək.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Olqa Oliker deyib: “Bəzi adamlar üçün bu çox şəxsi məsələ olacaq, digərləri üçünsə siyasi məsələ”.

Eckel yazır ki, hazırda sanksiyalar siyahısında kimin olduğu məlum deyil. Konqres və administrasiya bu sirri möhkəm qoruyurlar. Lakin həm Qərb təhlilçiləri, həm də Rusiya müxalifəti qara siyahıda kimlərin olacağına dair təxminlərini bildirirlər. Belə xəbərlər də var ki, bəzi rusiyalılar artıq bu siyahıdan çıxarılmaları üçün Vaşinqtonda lobbiçilik fəaliyyətinə başlayıblar.

Yanvarın 12-də Rusiyanın Kommersant qəzeti sanksiyalar siyahısına 300-dək şəxsin daxil ediləcəyini yazıb. Bu siyahıya həm rəsmilər, həm də onların ailə üzvləri və qohumları da daxil ediləcək.

Kasparovun siyahısı

Ötən dekabrda qrossmeyster Gari Kasparov tərəfindən dəstəklənən bir qrup Rusiya müxalifətçisi sanksiyalar üçün özlərinin 200 nəfərlik siyahısını tərtib ediblər. Bu siyahıya əvvəllər sanksiyalardan kənarda qalmış bəzi maqnatlar daxildir. Poladtökmə nəhəngi Severstal şirkətinin sahibi Aleksey Mordaşov və ya Rusiyanın ən böyük maliyyə qurumlarından olan Sberbankın icraçı direktoru German Qref müxalifətin təqdim etdiyi siyahıya daxil ediliblər.

Aleksey Mordaşov (solda) və German Qref
Aleksey Mordaşov (solda) və German Qref

Artıq sanksiyalar siyahısında olan bəzilərinin yeni sanksiya siyahısına da əlavə ediləcəyi gözlənilir. Keçmiş müdafiə naziri Sergey İvanov deyilənlərə görə bunlardan biri olacaq. Yeni siyahıya neft taciri Gennadi Timçenkonun da daxil ediləcəyi gözlənilir.

Kreml qarşıdan gələn sanksiyalara öz tədbirləri ilə hazırlaşır. Məsələn baş nazir Dmitri Medvedev Rusiya dövlət şirkətlərini payçıların adları barədə məlumat vermək öhdəliyindən azad edən sərəncam verib.

Buna əks-tədbir olaraq Vaşinqton ABŞ vətəndaşlarına rublla dəyərləndirilmiş bondların alınmasını qadağan edə bilər. Birinci sanksiya dalğası zamanı Rusiya öz şirkətlərini vəziyyətdən az-çox 3 milyard dollarlıq bond buraxmaqla çıxarmışdı. Hazırda Rusiyanın dövlət borclarının nə qədərinin amerikalılara məxsus olduğu açıqlanmır. Lakin ötən oktyabrda Mərkəzi Bank bu rəqəmi 38 milyard dollar olaraq açıqlamışdı.

Ekspertlər bildirirlər ki, bu tədbirlər Rusiya rublu üzərinə olduqca böyük təzyiq qoyacaq.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov yanvarın 13-də bildirib ki, ABŞ tədbirləri Rusiya prezident seçkisinə təsir etmək məqsədi güdür.

Kremlin qatı tənqidçilərindən Piontkovski deyir ki, Putinin ətrafındakı zənginlərin hədəflənməsi Rusiya prezidentini illərlə güvəndiyi dəstəkdən məhrum edə bilər:

"Bu o deməkdir ki, Putin elitalar üçün mənasını itirəcək. Halbuki onlar Rusiyadakı və Qərbdəki sərvətlərinin qarantı kimi ona güvənirlər. İndi isə əksinə o bu işdə ziyanlı birisi kimi görünə bilər”.

Oliker isə deyir ki, Rusiya üzərinə təzyiqlərin onun xarici siyasətini nə dərəcədə dəyişəcəyi bilinmir. Digər tərəfdən Putin bu siyasətdən əl çəkib Qərbin qabağından qaçan kimi görünə bilməz.

Ekspertin fikrincə ən başlıcası budur ki, Kreml rusiyalılara Qərbin məhz Rusiyaya və ruslara zərbə endirmək istədiyini təlqin etməyə çalışacaq.

XS
SM
MD
LG