Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

İncəsənət adamları və muzeylərin müharibəyə reaksiyası


Quqqenheym Muzeyi
Quqqenheym Muzeyi

Müharibə ilə bağlı beynəlxalq qadağalara rəğmən, Rusiya Ukraynanın mədəniyyət təsisatlarını da dağıdır. Ukrayna XİN-i İvankovdakı Yerli Tarix Muzeyinin Rusiya qüvvələri tərəfindən yerlə-yeksan edildiyini bildirib. Lvov Milli Muzeyinin divarları isə boş qalıb. Ukraynalılar muzeydə saxlanan mədəni irsi qorumaq üçün bütün əsərləri divarlardan çıxarıb gizlədiblər. 2022-ci il Venesiya Biennalesində Ukrayna pavilyonunun kuratoru olan Mariya Lanko isə festivalda nümayiş etdiriləcək incəsənət əsərlərini öz maşınının arxa oturacağına yükləyərək təhlükəsiz yerə - Polşaya keçirməyə məcbur olub.

Vladimir Potanin
Vladimir Potanin

Potanin

"Bloomberg" yazır ki, Quqqenheym Muzeyi Vladimir Potaninin muzeyin hamiləri sırasından çəkildiyini elan edib. Rusiyanın ən zəngin insanlarından biri olan Potanin son 20 il ərzində Quqqenheymin ən nüfuzlu xeyriyyəçilərindən biri olub. Onun sponsorluq etdiyi sərgilər arasında Vasili Kandinskinin hazırda da sərgilənən əsərləri var. Muzey 2019-cu ildə özünün konservasiya proqramlarından birini Potaninin şərəfinə adlandırıb.

Potanin Vaşinqton şəhərindəki Con Kennedi Mərkəzinə də çox səxavətli ianələr edib. Ona məxsus "Interros Holding Co." şirkəti 2011-ci ildə Kennedi Mərkəzinə 6.45 milyon dollar ianə edib. 2016-cı ildə isə Vladimir Potanin Fondu Mərkəzə 450 min dollar ianə edib.

Pyotr Aven
Pyotr Aven

İstefa verənlər

Putinlə əlaqələrinə görə muzeylərlə bağlı fəaliyyətdən uzaqlaşdırılan rusiyalılardan biri də "Alfa Group"un əsas şəxslərindən biri olan Pyotr Avendir. Avropa Birliyi sanksiya sənədlərində Aveni "Putinə ən yaxın oliqarxlardan biri" adlandırır. Aven martın 2-də Londondakı Kral Akademiyasında hami postundan istefa verməli olub. "The New York Times" yazır ki, muzey onun hazırda davam etməkdə olan Frensis Bekon sərgisi üçün ianəsindən imtina edib. Aven "Bloomberg News"a verdiyi açıqlamada Rusiyanı müharibəni dərhal dayandırmağa çağırıb, ancaq Putini tənqid etməkdən çəkinib.

Bununla yanaşı, bir çox yüksək profilli şəxslər Rusiyanın özündəki incəsənət və mədəniyyət təsisatlarındakı postlarını tərk etməyə məcbur ediliblər. Səbəbsə onların Rusiyanın aqressiyasına qarşı müxalif mövqedə olmasıdır.

Puşkin Muzeyi
Puşkin Muzeyi

Vəzifədən gedənlər

Moskvadakı Puşkin Muzeyinin keçmiş direktor müavini Vladimir Opredelyonov vəzifəsindən imtina edərək Instagram-da bu açıqlamanı paylaşıb: "Mənim hazırda dünyada baş verən hadisələrə münasibətim Rusiya Federasiyasının Mədəniyyət Nazirliyindəki həmkarlarımın münasibəti ilə üst-üstə düşmür. Bunun yaxın gələcəkdə dəyişəcəyinə ümid edirəm, ancaq… məni sevdiyim muzeydən getməyə məcbur edirlər".

Moskvadakı VAC Fondunun keçmiş bədii direktoru Françesco Manakorda da hazırda dünyada baş verən hadisələri əsas gətirərək vəzifəsindən istefa verib. "Cosmoscow" İncəsənət Yarmarkasının keçmiş bədii direktoru Saymon Ris də bu təsisatla əlaqələrini kəsməli olub.

Nyu-Yorı Müasir İncəsənət Muzeyi
Nyu-Yorı Müasir İncəsənət Muzeyi

ABŞ təsisatlarına yüz milyonlarla yardım

"Bloomberg" daha sonra yazır ki, Rusiyanın ABŞ muzeylərinə təsiri genişdir və yaxın zamanlarda daha çox şəxsin istefa verəcəyi gözlənilir. Postsovet biznes xeyriyyəçiliyini araşdıran "Anti-Corruption Data Collective" təşkilatı aşkar edib ki, Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair hesabatında adı çəkilən adamlardan yeddisi ABŞ təsisatlarına ümumilikdə 372 milyon - 435 milyon dollar ianə ediblər. Bu təsisatlar arasında Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyi və Kennedi Mərkəzi də var.

Rusiyalı rəssamlar Kirill SavçenkovAleksandra Suxareva bu yay Rusiyanı Venesiya Biennalesində təmsil etməli idilər. Onların hər ikisi builki festivalda iştirakdan imtina etdiklərini bəyan ediblər. Bu isə Rusiya pavilyonunun ləğv olunması deməkdir.

Özlərini Putinin tənqidçiləri sırasına aid edən rus incəsənət adamlarının xeyli qismi xaricdə yaşayır. Vaşinqtonda yaşayan rusiyalı və amerikalı rəssam Mark Kelner Puşkinin Vaşinqtondakı heykəlinə sarı və mavi şarlar bağlayıb.

Britaniyanın Muzeylər Assosiasiyası müharibəni qınayan bəyanatında üzv muzeylərdən Rusiyadan sənət əsərləri və ya sponsorluq təkliflərini qəbul edərkən etik nəticələri nəzərə almalarını xahiş edib.

XS
SM
MD
LG