Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:55

Rusiya Ukraynaya ağır hava zərbələri endirib


Odessada hava zərbəsindən sonra
Odessada hava zərbəsindən sonra

Rusiya avqustun 26-da səhər Ukraynaya dronlar və müxtəlif tipli raketlərlə ağır zərbələr endirib.

Zərbələr nəticəsində Kiyev də daxil bir sıra regionlarda elektrik verilməsində fasilələr yaranıb. Həlak olanların və yaralıların olduğu xəbər verilir.

Hələ ötən gecədən Ukraynanın demək olar bütün ərazisi boyunca hava həyəcanı siqnalı verilib.

Ukrayna hərbi hava qüvvələri komandanlığının məlumatına görə Rusiya Ukrayna üzərinə dronlar buraxıb və bombardmançı təyyarələrini havaya qaldırıb.

Ukraynaya nə qədər raket və dron atıldığı hələ ki, məlum deyil. Prezident Volodimir Zelenski deyib ki, “söhbət yüzlərlə raketdən və yüzlərlə Şahed dronundan gedir”.

Vinnitsa vilayətində azı dörd partlayış baş verib. Habelə Dnepropetrovsk, Zaporojye, Kiyev, Lvov, Odessa, Xmelnitski və başqa vilayətlərdə, o cümlədən paytaxt Kiyevdə partlayışlar baş verib.

Ölənlərin sayı 5-ə çatıb

Ukraynanın baş naziri Denis Şmıqal deyib ki, hava zərbələri nəticəsində Ukraynanın 15 regionuna ziyan dəyib. Bu, ölkənin yarısı deməkdir.

Ukraynanın müxtəlif regionlarında həlak olanların sayı 5-ə çatıb.

Volın vilayətinin Lutsk rayonuna hücum nəticəsində bir nəfər həlak olub, çoxmənzilli binaya ziyan dəyib.

Xarkov, Dnepropetrovsk, Zaporojye və Jitomir vilayətlərində hərəsində 1 olmaqla 4 nəfər həyatını itirib.

Lvov vilayətində energetika obyektlərinə zərbələr endirildiyi xəbər verilir. Polşa hərbçiləri bildirilər ki, potensial raket təhlükəsi ilə bağlı ölkənin hərbi aviasiyası havaya qaldırılıb.

Kiyevdə adamlar hava zərbələrindən metro stansiyalarındakı sığınacaqlarda qorunublar.

Rusiya və Ukrayna teleqram kanallarının məlumatına görə Kiyev Su Elektrik Stansiyası (SES) da raket zərbəsinə məruz qalıb. SES-in maşın zalı dağılıb, lakin bəndi yarılma təhlükəsi yoxdur. Ukrayna hansı obyektlərə ziyan dəydiyini açıqlamır.

Kütləvi hava zərbələrinə görə Ukrenerqo elektrik verilməsini təcili olaraq dayandırıb.

Kiyevdə elektrik kəsintilərinə görə bir sıra rayonların su təchizatı pozulub. Jitomir şəhəri də susuz qalıb.

Ukrayna dəmir yolları xəttə ehtiyat teplovozları buraxıb. Odessada elektrik yarımstansiyasına zərbə nəticəsində ictimai elektrik nəqliyyatının işi dayanıb.

Hər iki-üç aydan bir

Bu da xəbər verilir ki, bu, Ukrayna avqustun 6-da Kursk vilayətinə müdaxilə edəndən bəri Rusiyanın Ukraynaya ən ağır hava zərbələridir.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Ukraynanın hərbi-sənaye kompleksinin işini təchiz edən enerji infrastrukturuna zərbələr endirilib.

Ukrayna prezidneti administrasiyasının rəhbəri Andrey Yermak deyib ki, “bizim energetikamızı məhv etmək istəyi, Rusiyaya, onun infrastrukturuna baha oturacaq”.

Rusiya hərbçiləri Ukrayna infrastrukturunun obyektlərinə 2022-ci ilin oktyabrından zərbələr endirirlər. Belə hava zərbələri hər 2-3 aydan bir təkrar olunur.

Ukrayna İES-lərinin bir hissəsi sıradan çıxarılıb, lakin ölkə energetikası fəaliyyətini davam etdirir.

XS
SM
MD
LG