Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:52

Rusiyada ‘Z’ hərfi uşaq papaqlarında, binaların üstündə...


Moskva
Moskva

Yanvarda Rusiyanın Kostroma regionunda müəllim işləyən Pavel Zaifidinin “Sağlamlıq Təminatı” adlı “gənclər təşkilatı” yaratmaq üçün 2,2 milyon rubl (30 min 250 dollar) məbləğində federal qrant udduğu elan edilib. Eyni zamanda kremlyönlü Ümumrusiya Xalq Cəbhəsinin (ONF) yerli koordinatoru olan Zaifidi öyrənmə əlilliyi olan uşaqlarla iş üzrə ixtisaslaşıb.

Layihənin adındakı “təminat” (rusca “залог”) sözünün baş hərfi latın əlifbasındakı böyük “Z” ilə yazılıb.

Elanda deyilir ki, qrant Daun sindromlu və digər əlillik növlərindən əziyyət çəkən uşaqlar üçün “adaptiv fiziki inkişaf” və “inklüziv praktikanı” əhatələyən proqramın işlənib hazırlanmasına yönəldiləcək. Zaifidi AzadlıqRadiosuna müsahibəsində pulun bu ayın qarşıdakı günlərində daxil olacağını və bu səbəbdən layihə ilə bağlı spesifik suallara cavab verə bilməyəcəyini deyib.

Zaifidinin sosial media səhifələri Rusiyanın Ukraynaya hücuma başlamasından bəri tənqidçilərin hədəfinə çevrilib. O dəfələrlə işlədiyi uşaqların əllərində müharibəni dəstəkləyən plakatlar tutan və müharibənin rəmzlərini, o cümlədən latın “Z” və “V” hərflərini və qara-narıncı Müqəddəs Georgi lentini əks etdirən şəkillərini paylaşıb.

“İşini çox sevən əsl müəllim"

Ancaq Zaifidini tanıyanlar tənqidçiləri onu mühakimə etməyə tələsməməyə çağırıb. Həmkarlarından biri onu “işini çox sevən əsl müəllim" adlandırır.

"O, Ukraynada baş verənləri dəstəkləyirmi? Onun seçimimi var? Bir iş görmək istəyirsənsə, qaydalara uyğun oynamalısan”, – adının çəkilməsini istəməyən həmin qadın həmkar deyib.

Özünün “Zomboyaşik” adlı YouTube proqramında Rusiya hökumətinin dezinformasiya və təbliğatını monitorinq edən rusiyalı jurnalist İlya Şepelin də bu fikirlə razıdır:

"Əminəm ki, bu uşaqlara həqiqətən kömək lazımdır – xüsusi avadanlıq, dərmanlar, müalicə və s. Ancaq görünür, bugünlərdə hökumət pulu ancaq “xüsusi hərbi əməliyyatı” dəstəkləmək qarşılığında verir. Hökumət ehtiyacı olanlara sadəcə borcu olduğuna görə kömək etməyəcək. Bu şəraitdə müəllimlərə yazığımız gəlməlidir”.

Ayrılan pullar artır...

Müharibənin başlanmasının ildönümü ərəfəsində Kreml və onun yerli hökumətlərdəki və hökumətyönlü siyasi və ictimai təşkilatlardakı adamları müharibənin simvollarını adi rusiyalıların gündəlik həyatlarının bütün aspektlərinə yeritmək üçün əllərindən gələni edirlər.

Kremlin Ukraynaya ötən il fevralın 24-də hücuma başlamasından cəmi bir neçə həftə öncə hökumət 2022-2024-cü illər üçün dövlət mediasına 319 milyard rubl (4,4 milyard dollar) vəsait xərcləyəcəyini elan etmişdi. Bundan əlavə, Kremlin prezident qrantları proqramının Zaifidinin proqramı kimi “sosialyönlü qeyri-kommersiya təşkilatlarına” 4,3 milyard rubl (59 milyon dollar) həcmində qrant ayıracağı gözlənilir.

Eyni zamanda Kremlin nəzarətində olan hakim “Vahid Rusiya” partiyası 2022-ci il üçün “təbliğat və ictimai tədbirlər”ə ayrılan büdcəsini 10 dəfəyə qədər artıraraq 730 milyon rubla (10 milyon dollar) çatdırıb. Ukraynaya qarşı müharibəni dəstəkləyən digər hökumətyönlü partiyalar, o cümlədən Kommunist Partiyası, Ədalətli Rusiya və “Yeni Adamlar” partiyası da bu cür fəaliyyətlər üçün büdcələrini artırıblar. Gündəlik “Kommersant” qəzeti 2022-ci ilin avqustunda bu haqda xəbər dərc edib.

“Rus dünyası” haqda dörd filmə 135 min dollar

Yaroslavl şəhərində bir qrupa tamaşaçılara “rus dünyası” haqda danışan dörd qısa film çəkməyə 9,9-milyon rublluq (135 min 000 dollar) prezident qrantı ayrılıb.

"Əsas mövzu ənənəvi mədəni dəyərlərimizi müsbət təsvir etmək və Qərbin tolerantlıq kimi səthi dəyərlərini məsxərəyə qoymaqdır”, – Rostov şəhərinin keçmiş meri, hazırda sözügedən qrantı udan “İrsimizi qorumaq naminə Liqa”nın sədri olan Konstantin Şevkoplyas deyir.

2022-ci ilin noyabrında Vahid Rusiya partiyası “Za sambo” adlı milli döyüş növləri proqramına başlayıb. Proqramın adındakı ilk hərfi də latın “Z”sı kimi yazıb. Proqramın məqsədi kimi insanların fiziki, mənəvi-psixoloji keyfiyyətlərinin, o cümlədən vətənpərvərlik və vətəndaş düşüncəsinin inkişafı göstərilir. Rusiya Sambo Federasiyasının sədri Sergey Yeliseyev və Vahid Rusiya partiyasının yüksək vəzifəli rəsmisi Andrey Turçakın rəhbərlik etdiyi proqram cəmi bir neçə ay ərzində “Z” simvolunu Rusiya boyu bütün məktəblərə və Ukraynanın işğal edilmiş ərazilərinə yayıb.

“Təbliğat təhtəlşüura hopur”

"Militarist cəmiyyətlərdə təbliğat belə işləyir – ətrafdakı hər şeyi svastikalara, yaxud başqa rəmzlərə bürüməlisən ki, hətta siyasətlə maraqlanmayan adamlarda da elə hiss yaransın ki, bu onların həyatının bir hissəsidir. İnsanlar buna öyrəşir və həyatlarının bir hissəsi kimi qəbul edir. Təbliğat onların təhtəlşüuruna hopur. Ən azı mənə elə gəlir ki, prezident administrasiyasının ağlındakı budur”, – jurnalist Şepelin söyləyir.

"Bu cür rəmzlərin sayına gəlincə, biz hələlik totalitar cəmiyyətdən uzağıq. Ancaq o istiqamətdə gedirikmi? Əlbəttə gedirik”, – o vurğulayır.

Yanvarda Yaroslavl icra hakimiyyətinin nümayəndələri 83 yaşlı sakin Lidiya Çuliskieneyə 1000 rubl (137 dollar) məbləğində birdəfəlik yardım ödəyiblər. Çuliskiene blokada zamanı Leninqradda doğulub. Daha öncə atası müharibədə öldürülüb, anası isə 1942-ci ildə həbs edilib. Çuliskiene “xalq düşməninin” qızı kimi üç il həbs düşərgələrndə yaşayıb. Bundan sonra onu Yaroslavla yetimxanada böyüməyə göndəriblər. Yaroslavl meri Artyom Molçanov sosial mediada bu yardımdan ağız dolusu danışaraq Çuliskienenin üzərində isə gözə girən Z rəmzi olan sovet ordusu uniformasında şəklini paylaşıb.

“Z” yazılmış qara papaq

Yenə ötən ay Bratsk şəhərinin meri Sergey Serebrennikova yeddi uşaq anası olan bir yerli qadın müraciət edərək ondan uşaq arabası almaq üçün yardım istəyib.

"Ailə başçısı çox işləyir, ancaq əlavə xərcləri çatdıra bilmir”, – Serebrennikov “Telegram” postunda yazır. Posta merin ailəyə uşaq arabası verdiyini göstərən video da əlavə edilib. Ancaq arabadan başqa hər uşağa üzərində “Z” yazılmış qara papaq da verilir.

Xakasiyanın paytaxtı Abakanda tikilmiş iki yaşayış blokuna “Z” və “V” rəmzləri həkk olunub. Binaları Vahid Rusiya partiyasının üzvü olan yerli deputat Matvey Dreyevə məxsus şirkət tikib.

"Hər dəfə bu binaların yanından keçəndə tüpürməkdən yorulmuşam”, – özünü Maksim kimi təqdim edən bir yerli sakin deyir.

XS
SM
MD
LG