Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:06

Rusiyada Ukrayna müharibəsinə cəlb etmək üçün miqrantların ovu davam edir


Polis miqrantın sənədlərini yoxlayır (Arxiv fotosu)
Polis miqrantın sənədlərini yoxlayır (Arxiv fotosu)

Moskvada Rusiya İstintaq Komitəsinin hərbi şöbəsi və Daxili İşlər Nazirliyi qanunsuz miqrasiyaya və keçmiş miqrantların Rusiya qanunvericiliynə riayət etməsinə dair faktların üzə çıxarılması məqsədilə reyd keçiriblər.

Kommersant qəzeti yazır ki, reyd zamanı Rusiya pasportu almış onlarca miqranta hərbi komissarlıqlara çağırış vərəqələri verilib.

Qəzetin yazdığına görə reydlər Şelkovskaya metro stansiyasının yaxınlığındakı avtovağzalda, tərəvəz bazasında və Moskvanın şərqindəki hostellərdə keçirilib.

Bundan əvvəl belə reydlər Moskva vilayətinin Serpuxov və Çexov yaşayış məntəqələrində keçirilmişdi.

İstintaq Komitəsi bildirir ki, hərbi müstəntiqlər Rusiya pasportları alsalar da, hərbi qeydiyyatdan keçməyən 10-dək keçmiş miqrant aşkar ediblər.

Rusiya Dövlət Duması iyulun 31-də eyni vaxtda üç oxunuşda Rusiya vətəndaşlığı alanların icbari hərbi qeydiyyata götürülməsi haqqında qanun qəbul edib.

Bu qanunun pozulması Rusiya vətəndaşlığının ləğvi ilə nəticələnə bilər.

Sözü gedən qanun məxsusi olaraq Rusiya vətəndaşlığı almış miqrantlar üçün qəbul edilib.

Bastrıkinin bəyanatından sonra

Ukrayna müharibəsində iştirakdan imtina edən yeni vətəndaşların Rusiya pasportlarının ləğv olunmasını ötən ilin payızında İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin təklif etmişdi:

"Fikrimcə nə qədər ki, xüsusi hərbi əməliyyat (Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini belə adlandırır-red) davam edir, onları bu əməliyyata cəlb etmək lazımdır. Əgər o Rusiya vətəndaşı olaraq hərbi borcunu yerinə yetirmək istəmirsə, belə adamın vətəndaşlıqdan çıxarılmasına dair qərar qəbul olunmalıdır”.

Bastrıkinin bu bəyanatından sonra Rusiyada miqrantların üzərinə reydlərin sayı kəskin artıb.

Hüquq-mühafizə orqanları Rusiya vətəndaşlığı olan miqrantları saxlayır və onları hərbi qeydiyyatdan keçirirlər.

Ötən dekabrda verilən xəbərlərdə deyilirdi ki, hərbi qeydiyyata dayanmaqdan imtina edən miqrantların ölkədən deportasiya olunmasına başlanıb.

Söhbət əsas etibarilə Mərkəzi Asiyadan olan miqrantlardan gedirdi.

XS
SM
MD
LG