Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:56

Saakaşvili xəstəxana köynəyini qaldıraraq nə qədər zəiflədiyini göstərib


Mixeil Saakaşvili məhkəmə dinləməsi zamanı videobağlantıda
Mixeil Saakaşvili məhkəmə dinləməsi zamanı videobağlantıda

Gürcüstanın hazırda Tbilisidəki özəl klinikalardan birində müalicə olunan keçmiş prezidenti Mixeil Saakaşvili məhkəmə dinləməsi zamanı ona “adekvat müalicə imkanı verilməsini” rica edib.

Məhkəmə onun cəzasına xitam verilməsi və keçmiş prezidentin intensiv müalicə üçün xaricə getməsinə imkan yaradılmasına dair vəsatətə baxır.

Gürcüstanda həbs edilmiş Saakaşvili ötən may ayından bəri Tbilisidəki Vivamedi özəl klinikasında müalicə olunur.

Həkimlər yanvar ayının əvvəllərində onun yüngül COVID-ə yoluxduğunu və buna görə də reanimasiya müalicəsinə ehtiyac olmadığını demişdilər.

Saakaşvilinin anası:"Oğlum huşunu itirib, qızdırması 39-a qalxıb"
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

"Mən bütün bilik və bacarığımı Gürcüstana vermişəm...”

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili vəzifə səlahiyyətlərinin aşılması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Müxalifət bu ittihamın siyasi motivli olduğunu bildirir.

Saakaşvilinin müalicə həkimləri bildiriblər ki, 2021-ci ilin oktyabrında həbsxanaya salınandan bəri onun səhhəti kəskin pisləşib.

Keçmiş prezident özünə qarşı bütün ittihamları rədd edir. O fevralın 1-də keçirilən məhkəmə dinləməsində videobağlantı ilə çıxış edib:

"Mən bütün bilik və bacarığımı Gürcüstana vermişəm...İndi etdiyim yeganə rica mənə adekvat müalicə almağım üçün imkan yaradılmasıdır”.

Hakim videobağlantını dayandırıb

Saakaşvilinin məhkəmə dinləməsində çoxsaylı texniki nasazlıqlar baş verib.

Bir epizodda Saakaşvili xəstəxana köynəyini qaldıraraq bədəninin nə qədər zəiflədiyini göstərib.

Hakim videobağlantını dərhal dayandırıb və keçmiş prezidentə əyinini tam geyindikdən sonra efirə qayıtmağa çağırıb.

Bu dinləmədən bir gün əvvəl Saakaşvilinin yaxınları onun reanimasiyaya keçirildiyini bildirmişdilər.

Lakin az sonra xəstəxananın heyəti bu xəbəri təkzib edib.

Elə həmin gün Saakaşvilinin anası Gyuli Alasaniya demişdi ki, oğlu yenidən huşunu itirib və qızdırması 39 dərəcədən düşmür.

Xəstəxana Alasaniyanın dediklərini təsdiq etməyib, tibb müəssisəsinin direktoru Nino Nadiradze isə AzadlıqRadiosunun Gürcü xidmətinə deyib ki, Saakaşvili yerindən tərpədilməyib.

Yeməyini azaldıb, müalicədən imtina edib

Yanvarın 28-də baş həkim Zurab Çxaidze jurnalistlərə demişdi ki, keçmiş prezident qida qəbulunu kəskin azaldıb və müalicədən imtina edir.

Çxaidze bundan sonra onun qohumlarına zəng etmiş və onlardan Saakaşvilini müalicənin mühümlüyünə inandırmağı rica etmişdi.

Dekabrın əvvəllərində Saakaşvilinin vəkilləri onun səhhəti barədə tibbi arayış yaymışdılar.

Bu arayışda keçmiş prezidentin ağır metallarla “zəhərləndiyi” iddia olunur və onun xaricdə müalicə edilməzsə ölə biləcəyinə dair xəbərdarlıq edilirdi.

Lakin Gürcüstan rəsmiləri onun öz səhhətinə bilərəkdən ziyan vurduğunu və azad olunmaq məqsədilə özünü xəstəliyə qoyduğunu deyirlər.

XS
SM
MD
LG