Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20

Balakənd sakini: 'İş yox, sosial yardım yox, təqaüd suya çatmır'


Su anbarı
Su anbarı

«İçməli su mənbəyimiz olan anbardan, axtarsan, it leşi də taparsan. Hökumət su anbarını qorumadığı üçün məcburuq ki, içməli suyu pulla alaq».

Sabirabadın Balakənd kəndinin sakini Məryəm Baxşıyeva içməli suyu pulla almasının səbəblərindən danışır. Onun deməsinə görə, kəndin içməli su mənbəyi olan su anbarı natəmizdir, anbara müxtəlif tullantılar, hətta heyvan leşi də atılır. Çünki anbar qorunmur:

«O SUYU İÇMƏK DÜZGÜNDÜRMÜ?»

«Xəstəlik mənbəyidir. İmkansız, pulsuz insanlar su ala bilmir, məcbur olub o suyla qidalanırlar, mədə-bağırsaq xorasına tutulurlar. Bir su anbarının ki, yanından iydən ötmək olmur, o suyu içmək düzgündürmü? O anbar bir neçə kəndin içməli su mənbəyi olsa da, çoxu o sudan heç suvarmada da istifadə etmir».

Kənd sakini Qızılgül Sədiyeva deyir, həftədə bir dəfə kəndə su maşını gəlir, ancaq çoxunun su maşınına borcu olduğundan qaçıb gizlənirlər:

«Su gətirir, çoxu ala bilmir, çünki əvvəl aldıqları suyun pulunu ödəməyiblər. Bu kənddə çoxu yaşlı nəslin təqaüdü ilə dolanır. İş yox, dolanışıq yox, ünvanlı sosial yardım kəsilib... O ailədə ki, yaşlı nəslin nümayəndəsi var, bu, ən azı, evdə çörəkpulu var deməkdir. Yəni bunu ona görə dedim ki, adamlarda su almağa pul yoxdur. Hökumət hərəkətə keçsin, su anbarını təmizləsin, kəndi təmiz, içməli su ilə təmin etsin ki, adamlar suya görə borclanıb dərddən özlərini asmasınlar».

«ZİBİLLƏYƏN ELƏ SAKİNLƏRDİR»

Sakinlər içməli su anbarının qorunmasını tələb edirlər. Sabirabad rayon İcra Hakimiyyəti isə bildirir ki, əslində, içməli su mənbəyini zibilləyən elə sakinlər özləridir:

«Su kanalı Saatlı rayonu ərazisindən keçib gəlir. Tullantılar da həmin ərazidə - su kanalının keçib gəldiyi kəndlərdə suya axıdılır».

Sabirabadın Suvarma Sistemləri İdarəsindənsə «Qaynar xətt»ə bildirilib ki, su kanalının keçdiyi ərazilərdə yaşayan insanlarla dəfələrlə söhbətlər aparılıb ki, su kanalını zibilləməsinlər. İdarənin fəhlələri də vaxtlı-vaxtında kanalda təmizləmə işləri aparırlar. Bununla belə, kanaldan bəzən heyvan leşi də çıxarılır. Kanalın təmiz saxlanmasını məsuliyyəti həm də ondan içməli su götürən kəndlilərin üzərinə düşür. Qurumdan bildirildiyinə görə, gələcəkdə su kanalının ətrafında mühafizə zolağı da yaradıla bilər.

XS
SM
MD
LG