Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:01

KOBİA sədri sahibkarların pulsuz qalmasından gileylidir


Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?

"Azərbaycanda, xüsusən regionlarda sahibkarların maliyyə resurslarına çıxışında böyük problemlər var". İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov belə deyir. O bu düşüncəsini Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun layihəsinin müzakirəsində dilə gətirib.

Agentlik sədri bildirib ki, bankların təminat olmadan kredit vermək istəməməsi anlaşılandır: "Bu məsələdə dövlət qurumları fikirləşməlidir ki, sahibkarların maliyyə resurslarına daha asan çıxış əldə etməsi üçün nələr etmək olar". Orxan Məmmədov rəhbərlik etdiyi qurumun illik büdcəsinin 20 milyon manat olduğunu da bildirib. Bunun tən yarısı – 10 milyon manatı maaşların ödənilməsinə xərclənir: "Yerdə qalan vəsait hesabına bacardığımız qədər sahibkarlara dəstək verməyə çalışırıq".

Devalvasiyanın törətdiyi problemlər

Azərbaycanda biznes sektorunun kredit resursları ilə bağlı problemləri, əsasən, 2015-ci ildən bəri ciddiləşməyə başlayıb. Həmin il manatın iki dədə dəyər itirməsi bankları çətin duruma salıb. Bu, dolayısıyla onsuz da ağır zərbə alan biznesin vəziyyətini bir qədər də çətinləşdirib. Axı devalvasiyanın baş verməsi özəlliklə xaricdən mal gətirən biznesmenləri ciddi borc bataqlığına yuvarladıb. O biri yandan, bankların pis duruma düşməsi onların kredit əldə etmək imkanını əllərindən alıb.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda kapital və maliyyə bazarları bir o qədər də gəlişməyib. İnkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda biznesmenlərin qiymətli kağızlarla maliyyə cəlb etmək imkanları çox məhduddur. Bu baxımdan, ölkədə kredit resurslarına tələbat, əsasən, banklar hesabına ödənilir. Ancaq devalvasiyadan sonrakı illərdə bu istiqamətdə ciddi problemlər yaranıb. Ölkənin Mərkəzi Bankı kreditləşmə ilə bağlı bəzi sərt məhdudiyyətlər tətbiq edir. Digər tərəfdən, elə bankların özü də risk amillərini nəzərə alaraq kredit tələblərini sərtləşdirir. Bu isə sahibkarların durumunu çətinləşdirir. Bank aktivlərinin təhlili göstərir ki, devalvasiyadan sonrakı illərdə bankların kredit portfelinin aktivlərdəki payı azalıb. Əvəzində, banklar öz vəsaitlərini daha az riskli sahələrə - məsələn, qiymətli kağızlara yatırmağı artırıb.

Rəsmi rəqəmlərə görə, Azərbaycanda kreditləşmənin həcmi 2015-ci ildə maksimuma çatıbmış. Həmin vaxt ölkədə bank sektorunun kredit portfeli toplam 21 milyard 730 milyon manata yüksəlibmiş. Sonrakı iki ildə bu rəqəm 9 milyard manata yaxın azalaraq 13 milyard manata enib. Daha sonra kredit portfeli nisbətən artsa da, hələ də 2015-ci ildəki səviyyəyə çata bilməyib. Mərkəzi Bankın sonuncu açıqlamasına görə, bu ilin sentyabrında ölkənin toplam kredit portfeli 19 milyard manat olub.

Dövlət kreditlərinin payı çox azdır

Bir çox ölkədə biznes subyektlərinin kredit resursları ilə təminatında dövlət də çıxış edir. Belə təcrübə Azərbaycanda da var və dövlətin sahibkarlara ayırdığı güzəştli kreditlər Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə gerçəkləşdirilir. Fondun açıqlamasına görə, ötən il Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara 130 milyon manat güzəştli kredit verib. Elə öncəki illərdə də bu rəqəmə yaxın göstəricilər qeydə alınıb. Həmin məbləğ sahibkarların tələbi qarşısında çox cüzidir. Bu baxımdan, Sahibkarlığa Kömək Milli Fondunun da açıqladığı rəqəmlər təsdiqləyir ki, ölkədə biznesin kreditləşdirilməsi ilə bağlı əsas yük bankların üzərinə düşür.

Azərbaycan sahibkarı kredit resurslarının azlığı ilə yanaşı, bu resursların bahalığından da şikayətlənir. Bankların təklif etdiyi kredit faizlərinin yüksəkliyi bir sıra hallarda sahibkarlara əlavə çətinliklər yaradır. Ancaq nəzərə almaq lazımdır ki, ölkədə kredit faizlərinin yüksək olması təkcə banklarla deyil, ölkə iqtisadiyyatının strukturu ilə də bağlıdır. Bankların kredit kimi verdiyi vəsaitlər, əsasən, depozitlər hesabına formalaşır. Bu tip vəsaitlərinin maya dəyərinin nisbətən yüksək olması son nəticədə kredit resurslarının bahalaşmasına gətirib çıxarır. Bu baxımdan, müstəqil ekspertlərin fikrincə, Azərbaycanda kredit resurslarına əlçatımlılığı artırmaq və faiz dərəcələrini azaltmaq üçün ölkənin maliyyə bazarlarının inkişaf etdirilməsinə ciddi ehtiyac var. Ən qaçılmaz addımlardan biri isə xarici kapitalın ölkəyə rahat girişinə şərait yaratmaqdır. Bundan ötrü iqtisadiyyatın liberallaşması və iqtisadi azadlıqların təmin edilməsi olmazsa-olmaz şərtlərdən biridir.

Nəzərə almaq lazımdır ki, hər hansı ölkədə iqtisadi fəaliyyəti canlandırmaq, iş yerlərinin sayını artırmaq üçün sahibkarlıq fəaliyyəti çox vacibdir. Bu baxımdan, Azərbaycanda sahibkarların kredit resurslarına çıxış imkanlarının asanlaşması ölkənin ümumi daxili məhsulunun formalaşmasında neftdənkənar sektorun payını artırmağa, işsizlərin sayca azalmasına da kömək edə bilər.

XS
SM
MD
LG