Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:48

Samvel Babayan: 'Şahramanyan hər gün Bakıya zəng edir...'


Samvel Babayan
Samvel Babayan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə 1990-cı illərdə Qarabağın “müdafiə ordusuna” komandanlıq etmiş Samvel Babayan separatçı rejimin son “prezidenti” Samvel Şahramanyanın Azərbaycan hökuməti ilə danışıqlar apardığını iddia edib.

Samvel Babayan noyabrın 29-da Ermənistan Milli Məclisinin 44 günlük müharibəni araşdıran xüsusi komissiyası qarşısında ifadə verib.

Azatutyun yazır ki, Babayan dinləmədən sonra keçirdiyi brifinqdə jurnalistlərə deyib:

“Sizin və müxalifət düşərgəsinin çox sevdiyi Samvel Şahramanyan hazırda danışıqlar aparır, hər gün Bakıya zəng edir. Nə barədə danışıqlar apardığını ondan soruşun, sizə deyər”.

Azatutyun yazır ki, Babayan dediklərinin mənbəyi barədə suala yayğın cavab verib və deyib ki, bunları hazırda Ermənistanda olan keçmiş “Qarabağ deputatlarından” eşidib.

Şahramanyan hələ ki, bu iddialara cavab verməyib.

O oktyabrın sonlarında demişdi ki, "Qarabağın erməni əhalisi öz yurduna qayıda bilər və qayıtmalıdır".

O iddia etmişdi ki, həm Rusiya, həm də Qərb bunda maraqlıdır:

“Düşünürəm ki, Azərbaycan da bunda maraqlı olmalıdır, çünki beynəlxalq birlik onları əhalini zorla deportasiya etməkdə günahlandırır. Düşünürəm ki, bu məsələ barəsində danışıqlara başlanmalıdır”.

Şahramanyan media ilə təmaslardan yayınır

Azatutyunun yazdığına görə Şahramanyan o vaxtdan bəri heç bir bəyanat verməyib və parlament komissiyasına ifadə verdikdən sonra media ilə hər hansı təmaslardan yayınır.

Komissiyanın sədri Andranik Koçaryan deyib ki, Şahramanyan üç saat çəkən ifadəsi zamanı Azərbaycanın 19-20 sentyabrda keçirdiyi xüsusi əməliyyatın ardınca ermənilərin Qarabağdan kütləvi axını ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Azərbaycanın hərbi əməliyyatından 10 gün əvvəl, sentyabrın 9-da “prezident” seçilən Şahranmanyan sentyabrın 28-də “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun 2024-cü il yanvarın 1-dən buraxılacağına dair sənədi imzalayıb.

Bakı bildirir ki, Qarabağ erməniləri öz evlərinə qayıtmaqda azaddırlar və onlara Azərbaycan vətəndaşlarına verilmiş bütün hüquqlar veriləcək, amma bunun üçün onlar Azərbaycan vətəndaşlığını qəbul etməli və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG