Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:11

Müharibəyə qayıtmamaq üçün özünə saxta ölüm arayışı aldı


Səfərbərlərin avtobusu (İllüstrativ foto)
Səfərbərlərin avtobusu (İllüstrativ foto)

Səfərbərliyə alınmış Buryatiya sakini Zoriqto Arabjayev Ukrayna müharibəsinə qayıtmamaq üçün öz “ölümü” barədə saxta arayış alıb.

O ifşa olunub və məhkəmə səfərbəri fərariliyə görə 5 il müddətinə azadlıqdan məhrum edib.

Arabjayevi 2022-ci ilin noyabrında səfərbərliyə almışdılar. O ötən yazda məzuniyyətə gəlib, amma bundan sonra xidmət etdiyi hərbi hissəyə qayıtmayıb.

Xəbər verilir ki, hərbçilər onun evinə gələndə Arabjayevin oğlu onlara atasının ölümü haqqında arayışı göstərib.

Sonradan sənədin saxta olduğu müəyyən edilib və Arabjayev mayın 4-də saxlanıb.

Müharibəyə arvadına görə qayıtmaq istəmədiyini deyib

O məhkəmədə deyib ki, cəbhəyə arvadının emosional vəziyyətinə görə qayıtmaq istəməyib.

O bildirib ki, 2022-ci ilin sentyabrında Arabjayevlərin böyük oğlu yol qəzasında həlak olub, iki aydan sonra isə Zoriqtonu səfərbərliyə alıblar.

Onun sözlərinə görə arvadı onun üçün həyəcan keçirirdi və intihar edəcəyi ilə hədələmişdi.

Arabjayev məhz bu səbəbdən saxta arayış aldığını deyib.

Məhkəmə bildirib ki, Arabjayevlər ailəsində mənfi psixoloji atmosfer olub və bu da müttəhimin hərəkətlərinə təsir edib.

Bu da qeyd olunur ki, Arabjayevin arvadı tibbi yardım üçün müraciət etməyib və Zoriqto da ona belə bir yardım göstərilməsinə çalışmayıb.

“Şərti” cəza təkrar müharibəyə göndərmək üçündür

Bu arada xəbər verilir ki, Rusiya məhkəmələri hərbi hissələri özbaşına tərk edən hərbçilər barəsində müntəzəm olaraq hökmlər çıxarır.

Belələrinə adətən həbsxana cəzaları kəsilir. Amma bəzən onların barəsində “şərti” cəza hökmləri də çıxarırlar.

Hərbi hüquqşünas Maksim Qrebenyukun sözlərinə görə hərbçilərə şərti cəzanı onları təkrar Ukrayna cəbhəsinə göndərmək üçün verirlər.

2022-ci ilin sentyabrında Ukraynaya qarşı müharibəyə qismən səfərbərlik elan ediləndən bəri Rusiya hakimiyyət orqanları hərbçilərin əmrləri yerinə yetirməməsi, komandirlərə itaətsizlik göstərmələri, hərbi hissəni özbaşına tərk etmələrinə və fərariliyə görə cəzaları sərtləşdiriblər.

Cinayət Məcəlləsinin bu barədə əksər maddələrində 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Fərariliklə bağlı 4121 cinayət işi

Media xənərlərində deyilir ki, indiyədək hərbi məhkəmələrə fərariliklə bağlı 4121 iş verilib.

Bunlardan 3470 iş üzrə hökmlər çıxarılıb. Mediazona saytı yazır ki, iyundan bəri hərbi məhkəmələr hər həftə belə işlər üzrə 100-dək hökm çıxarır.

Bundan başqa noyabr ayınadək məhkəmələrə əmrlərin yerinə yetirilməməsinə dair 317 iş daxil olub.

Bu maddə üzrə cinayət işlərinin demək olar hamısı Kalininqrad və Rostov vilayətlərində, habelə Primorsk və Kamçatka diyarlarında qaldırılıb.

Fərariliyə dair daha ağır cinayətlərlə bağlı məhkəmələrə 96 iş daxil olub.

XS
SM
MD
LG