Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:07

Şəmkir sakini: 'İmkansızlıqdan evlənə də bilmirəm'


Şəmkirin Atabəy kənd sakini Zaur Abbasov
Şəmkirin Atabəy kənd sakini Zaur Abbasov

"Hökumət məni minimum yaşayış səviyyəsinə qaldırsın. Təsəvvür edirsiz ki, mənim yaşayış səviyyəm minimumdan da aşağıdır?... Anadangəlmə xəstəliyə görə aldığım müavinət quru çörəyə də çatmir. Evlənmək vaxtım keçir, istəyirəm ailəm, uşağım olsun, isti ocağım olsun, heç biri yoxdur. Olacağına güman da yoxdur".

Bunu AzadlıqRadiosu-na Şəmkirin Atabəy kənd sakini Zaur Abbasov deyir. Anadangəlmə xəstəliyə görə 47 manat müavinət alan gənc Zaur deyir, sıxıntılar içərisində yaşamaq onu bezdirib.

“BƏLƏDİYYƏ SƏDRİNƏ DEYƏN LAZIMDIR...”

Z. Abbasov ata evindəki darısqallığa görə oranı tək etməli olub. Ancaq iş orasındadır ki, getməyə başqa yeri olmadığından həyatını hində, tövlədə sürür:

Buna da bax: Ağdaş və Ucar məktəblərində qurda qarşı dərman...

"Ata evində külfət böyüdükcə, məcbur qalıb çıxmalı oldum. Çöllərdəyəm, xəstə canımla əlləşə-əlləşə birtəhər həyatda qalmağa çalışıram. Mənə nə lazmdır ki... Bir parça torpaq versin, üstündə bircə otaq tikim, başımın üstündə dam olsun, acından ölməmək üçün bir parça çörəyim olsun..."

Xəstəliyi ona əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir. Müavinəti isə dərmana da çatmır. Deyir, yerli bələdiyyəyə torpaq üçün müraciət edəndə ondan azı 3 min manat istəyirlər:

Buna da bax: Pirəkəşkül sakini: '19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində ...'

"Bax, bu bələdiyyə sədrini oturdub deyən lazımdır ki, ‘bu şikəst adam 47 manatı necə toplasın, sənə versin? Neçə ilə toplasın? Əgər bu pulu toplamalı olsa, dərmanı nəylə alsın?’ Şikəstdən, yetimdən 3 min manat istəyən bələdiyyə sədri bunu hansı beyinlə edir? Yəni düşünmür ki, bu şikəst o pulu hardan yığıb mənə versin?.."

“QAPIDAN İÇƏRİ BURAXMIRLAR”

Zaur Abbasov deyir, yerli icra hakimiyyətinə dəfələrlə müraciət edib ki, ona kömək olunsun:

"Başçı kəndə gələndə dərdimi dedim, dedi, ‘3 min yox, 700 manata başa gəlsə, kömək edərik’. Bələdiyyə sədri daş atıb başını tutdu ki, ‘3 min 800 manatdan bir qəpik də aşağı düşə bilmərəm’. Başçı da dedi, ‘bizim bu məbləğdə kömək etmək imkanımız yoxdur’".

Sonralar Zaur Abbasov icra hakimiyyətinə gedib-gəlib ki, heç olmasa, ona müvəqqəti də olsa, daldalanmağa yer versinlər:

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

"Qapıdan içəri buraxmırlar. Vətəndaş qapıya gəlir ki, dərdini məmura bildirsin, qapıda duran deyir, ‘əəə, yeri get burdan, başçının vaxtı yoxdu səni qəbul etməyə’. Bəs o başçının vəzifəsi vətəndaş deyil? Onu bura nə üçün təyin ediblər? O, mənim problemimlə məşğul olmalıdır, onun başqa nə işi ola bilər ki?.."

RƏSMİLƏR: “MÜMKÜN DEYİL”

Zaur Abbasov yaşamaq imkanı olmadığını, yerli bələdiyyə və məmurlar tərəfindən sərgilənən biganə münasibətə dözə bilmədiyini baş prokurora, birinci vitse-prezidentə və prezidentə də yazıb. O, durumdan çıxış yolu tapmadığına görə, son ümidini məktub yazdığı insanlara bağlayıb. Ancaq onlardan da səs çıxmayıb.

Buna da bax: Neftçi: 'Könüllü ərizə yazdırmaq istədilər, hər şey bundan sonra başladı...'

Atabəy kənd bələdiyyəsindən "Qaynar xətt"ə bildirilib ki, Zaur Abbasov fərdi ev tikintisi üçün torpaq sahəsi istəyib. Ona torpağın yalnız hərrac yolu ilə satılacağı bildirilib. O isə xəstəliyini və pulunun olmamasını əsas gətirərək torpağın pulsuz verilməsini tələb edir. Qanunvericiliksə buna yol vermir.

Şəmkirin icra hakimiyyətindən bildirilib ki, Zaur Abbasovu yerləşdirməyə qurumun fondunda boş mənzil yoxdur. Onun həyat şəraitinin yaxşılaşdırılmasına gəlincə, qurumda buna görə büdcə nəzərdə tutulmadığından bu köməyi də etmək mümkün deyil.

İndi Zaur Abbasovun qarşısında bir sual var – necə etməli, həyatda qalmalı?.. Bu sualın cavabını isə, görünür, yalnız özü çözməlidir.

XS
SM
MD
LG