Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:18

ABŞ Rusiya neftinin idxalına qadağan qoydu


ABŞ prezidenti Co Bayden Rusiyadan neft idxalına qadağan qoydu.

Bayden martin 8-də bildirib ki, onun bu addımı Vladimir Putinin Ukraynada apardığı müharibəyə “güclü zərbə” olacaq.

ABŞ prezidenti bunu da vurğulayıb ki, “amerikalılar azadlığın müdafiəsi üçün bütün xərcləri çəkməyə hazırdırlar”.

Vaşinqtonla həmrəylik əlaməti olaraq Britaniya elan edib ki, bu ilin sonunadək Rusiya neftindən istifadəni tamamilə dayandıracaq.

Rusiya qazından asılılığı olan Avropa İttifaqı isə Rusiyadan qaz idxalını üçdə iki nisbətində azaltmaq niyyətində olduğunu bildirib.

Bundan əvvəl Ukrayna prezidneti Volodimir Zelenski Qərbi dəfələrlə Rusiya neftinə və qazına embarqo qoymağa çağırıb.

***

Bundan əvvəl Bloomberg və Reuters agentlikləri xəbər verirdilər ki, ABŞ Rusiyadan idxal edilən xam neftə qadağan qoymağa hazırlaşır.

Bu da qeyd olunur ki, rəsmilər bunun artıq martın 8-də baş verə biləcəyini istisna etmirlər.

Bundan əvvəl bir qrup konqresmen və senator ABŞ administrasiyasını Rusiya neftinə qadağan qoymağa çağırmışdılar.

Co Baydenin administrasiyası bu məsələnin nəzərədən keçirildiyini bildirib.

Ekspertlər Rusiya neftindən imtinanın benzinin qiymətinin rekord artmasına səbəb ola biləcəyini deyirlər.

Rusiya nefti ABŞ-ın yanacaq istehlakında 7 faiz yer tutur.

Rusiya neftindən və qazından imtina məsələsi Avropa İttifaqında da müzakirə olunur.

Amma hazırda ittifaqın bir çox üzvləri buna qarşıdırlar. Onlar da yanacaq qiymətlərinin qalxa biləcəyindən narahatdırlar.

Shell Rusiyadan gedir

Shell enerji şirkəti Rusiyadan neft-qaz alışını, bu ölkədə əməliyyatları dayandıracağını bəyan edib. İndiyədək onlarla şirkət Ukraynaya qarşı təhrik olunmayan müharibəyə görə Moskvayla əlaqələri kəsib.

Martın 8-də yaydığı bəyanatda Shell ötən həftə Rusiyadan xam neft almasını yanlış addım adlandırıb. Moskva Ukrayna şəhərlərini, yaşayış məskənlərini bombaladığı bir vaxtda bu addım sərt tənqid olunmuşdu. Şirkət indi Rusiyadan bütün neft və qaz məhsullarından “mərhələli şəkildə” imtina etdiyini bildirir.

Shell bu layihələrdən çıxır

Daha öncə Shell Şimal axını-2 layihəsində iştirakını dayandıracağını, Rusiyanın Gazprom şirkəti və əlaqədar qurumlarla tərəfdaşlıqdan çıxacağını açıqlamışdı.

Shell “Saxalin- II” mayeləşdirilmiş təbii qaz şirkətində 27.5 faiz, Salym Petroleum Development və Gidan enerji müəssisəsində 50 faiz paya malikdir.

Şirkətin Baş İcraçı Direktoru Ben van Beurden bəyanatda ötən həftəki alış üçün üzr istəyir, bunu “düzgün olmayan” addım adlandırır.

Moskva fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. O vaxtdan 2 milyondan çox ukraynalı ölkədən qaçmalı olub.

BP və Exxon daxil olmaqla onlarla şirkət isə Rusiyadan gedir. Qərb işğala görə Rusiyaya sərt sanksiyalar tətbiq etməkdədir.

XS
SM
MD
LG