Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13

Simonyan Rusiya barədə: Bəsdir bizi qorxutdular!


Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan Moskvadan səslənən növbəti bəyanatı “cəfəng” adlandırıb.

Rusiya bundan əvvəl bəyan etmişdi ki, əgər Ermənistan təhlükəsizliklə bağlı həssas informasiyanı Qərb ölkələrinə açsa, bu onun Rusiya ilə münasibətlərinə nəticəsi düzəlməyən zərbə vura bilər.

Spiker iyunun 7-də jurnalistlərlə söhbətində deyib:

"Birincisi bizi hədələməyi dayandırsınlar. Bəsdir bizi qorxutdular. İkincisi bəsdir KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) barədə danışdılar. Onlar hər dəfə KTMT-dən danışanda, bura gəlib KTMT-nin sərhədinin haradan keçdiyini göstərsinlər. KTMT partnyoru və Ermənistan-Rusiya müqaviləsinin tərəfi kimi öhdəliklərinin nə olduğunu desinlər. Amma bizim suveren ərazimiz haqqında bəyanatlar verdikləri yetər!”

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistana xəbərdarlıq etmişdi:

"Ermənistanın Qərb ölkələrinə milli məlumat bankına və ölkənin təhlükəsizliyinə dair həssas informasiyaya tam giriş vermək kimi düşüncəsiz addımları təkcə dövlətin suverenliyinə hədə yaratmır, həm də Rusiya və KTMT üçün başqa müttəfiqlərlə birlikdə ərazinin vahid müdafiəsinin yaradılması məqsədilə aparılan işi mümkünsüz edir”.

“Bizimlə bu ritorika iə danışdıqları yetər!”

Buna cavab olaraq Alen Simonyan deyib ki, Ermənistan öz ərazisində hər hansı hərbi baza yaradılması və ya birgə strateji alyansları barədə heç bir ölkə ilə danışıqlar aparmır:

"Biz hansı informasiyanı verə bilərik? Bu cəfəngiyatdır. Bizimlə bu ritorika ilə danışdıqları yetər. Bizi birbaşa və dolayısı ilə hədəlidikləri yetər”.

Azatutyun yazır ki, KTMT-dən narazılığından başqa Yerevan bu yaxınlarda Moskvaya qarşı çox ciddi ittihamlarla çıxış edib.

Baş nazir Nikol Paşinyan iki KTMT ölkəsini 2020-ci ilin müharibəsinə hazırlıqda iştiraka görə ittiham edib.

Bundan başqa Ermənistan hakimiyyəti KTMT-nin daha bir bəyanatını cavabsız buraxıb. Təşkilat Ermənistandan onunla münasibətlərinin perspektivinə aydınlıq gətirməsini tələb etmişdi.

Ermənistan artıq xeyli müddətdir ki, KTMT-nin iclaslarında iştirak etmir və bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsini dayandırıb.

Zaxarova Azərbaycan və İranın adından da danışıb

Lakin Rusiya Ermənistana yönəlik bəyanatlarını iyunun 7-də davam etdirib.

“Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasından sabitsizlikdən başqa heç nə gözləmək olmaz”.

Bunu iyunun 7-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə bu missiya siyasi vəziyyəti sabitsizləşdirir və regionu geosiyasi rəqabət meydanına çevirir.

Mariya Zaxarova iyunun 7-də keçirdiyi brifinqdə “Rusiya Avropa müşahidəçilərinin casusluğundan şübhələndiyini Parisin nəzərinə çatdırıbmı” sualına cavab verərkən Moskvanın bunu etmədiyini, amma Aİ-nin Ermənistandakı missiyasına neqativ münasibətini açıq bəyan etdiyini bildirib.

Zaxarova bu missiyadan Azərbaycan və İranın da narazı olduğunu vurğulayıb:

"Biz Aİ-nin Ermənistan ərazisində qarşıdurma yaradan yarımhərbi missiyasını dəfələrlə qeyd etmişik. Əlavə sübuta ehtiyac yoxdur. Bu missiyanın anti-Rusiya, anti-Azərbayacan, anti-İran təbiəti xüsusilə də missiyaya qeyri-Avropa NATO ölkələrinin qoşulması ilə getdikcə daha çox üzə çıxır”.

Zaxarovanın sözlərinə görə onsuz da qeyri-sabit olan bu bölgənin bütün problemləri kənar qüvvələrin müdaxiləsi olmadan regional güclər tərəfindən həll olunmalıdır.

Aİ-nin Ermənistandakı uzunmüddətli missiyası Ermənistan-Azərbaycan sərhədi boyunca 2023-cü ilin dekabrında ilkin olaraq iki il müddətinə yerləşdirilib.

2023-cü ilin dekabrında Aİ missiya heyətinin artırılaraq 138 nəfərdən 209 nəfərə çatdırılacağını elan edib.

Bundan əvvəl

Bundan əvvəl Paşinyan demişdi ki, Yerevan Rusiyanın hərəkətlərinə görə başqa ölkələrlə münasibətlərinə yenidən baxır və təhlükəsizlik sahəsində yeni partnyorlar axtarır.

O vurğulamışdı ki, Moskva Qarabağ münaqişəsi zamanı özünün müttəfiqlik öhdəliklərini yerinə yetirməyib. Paşinyan əlavə etmişdi ki, elə bu səbəbdən Rusiya hərbi bazalarının Ermənistan ərazisində olmasında heç bir məna görmür.

Bununla belə Paşinyan demişdi ki, hazırda Ermənistan ərazisindəki Rusiya bazaları məsələsi nəzərdən keçirilmir.

Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi.

Təşkilatın 2022-ci ilin noyabrında Yerevanda keçirilən sammitində isə o KTMT kollektiv təhlükəsizlik şurasının bəyannamə layihələrini və Ermənistana birgə kömək tədbirləri haqqında sənədi imzalamamışdı.

Paşinyan bildirirdi ki, bu sənədlərdə Ermənistan-Azərbaycan sərhədində baş verənlərə siyasi qiymət verilməyib və bu isə KTMT-nin öz müttəfiqlik öhdəliklərindən imtinası və Azərbaycanın gələcək təcavüzü üçün “yaşıl işıq yandırılması” kimi qiymətləndirilə bilər.

Bundan əvvəl, 2023-cü ilin yanvarında Ermənistan öz ərazisində KTMT təlimlərinin keçirilməsinə icazə verməmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG