Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:59

Keçmiş rektorun polislə məhkəməyə gətirilməsinə qərar verildi


Nurlana Əliyeva
Nurlana Əliyeva

2009-cu ildən Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasına, 2016-cı ildən isə Bakı Slavyan Universitetinə rəhbərlik edən, lakin 2021-ci ildə bu vəzifələrinin hər ikisini itirən Nurlana Əliyevanın məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarılıb. Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib. Buna səbəb isə həmin məhkəmədə ilyarıma yaxındır araşdırılan 200 mindən artıq yeyinti ilə bağlı cinayət işidir.

226 min manatlıq mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə təqsirləndirilən Dürdanə Əliyeva Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olub. Cinayət işinin materiallarında iddia olunur ki, şöbə müdiri bu universitetdə ikinci ali təhsil alan tələbələrin verdiyi ödənişləri xəzinəyə köçürməyib. Həmçinin bir sıra şəxslərdən universitetdə işə düzəltmək və başqa adlarla pul alaraq onları aldadıb. Cinayət işində 100-dən çox adamın təhsil haqqı kimi ödədiyi pulların ələ keçirilməsindən söhbət gedir.

Təqsirləndirilənin iddiası

Təqsirləndirilən Əliyeva isə bu işləri tək görmədiyini, baş verənlərdən rektorun da xəbəri olduğunu iddia edir. Onun sözlərinə görə, Nurlana Əliyeva da, hətta universitetin mühasibi də prosesin iştirakçısı olub. Lakin onlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zamanı məsuliyyətdən kənarda saxlanılıblar: "Mən bu işləri tək görə bilməzdim...".

Məhkəmədə bundan öncə təqsirləndirilən Əliyevanın vəkili vəsatət verib ki, sabiq rektor çağırılıb dindirilsin. Hakimlər də bu vəsatəti təmin edib. Lakin Nurlana Əliyeva məhkəməyə gəlməyib. Ona görə də bu dəfə onun məcburi gətirilməsinə qərar verilib. Məcburi gətirilmə o deməkdir ki, şəxs könüllü şəkildə məhkəmənin çağırışı ilə gəlməkdən imtina edirsə, bu halda, daxili işlər orqanlarına məlumat verilir və polis vasitəsilə gətirilir.

Yeyinti iddialarına nə deyilmişdi

77-yaşlı Nurlana Əliyeva 2016-cı ildə rektor vəzifəsinə təyin edilmişdi. Tələbələrin şikayəti əsasında cinayət işi başlanandan və Dürdanə Əliyeva məsuliyyətə cəlb olunandan sonra bir neçə ay sonra – 2021-ci ilin iyununda o da rektor vəzifəsindən azad edildi.

Hələ Nurlana Əliyeva bu vəzifədə olduğu dövrdə onun da yeyinti hallarında rolu haqda iddialara cavab olaraq, universitet açıqlama yaymışdı ki, Dürdanə Əliyevanın əməllərinin araşdırılması üçün elə rektorun özü həm Baş Prokurorluğa, həm də Təhsil Nazirliyinə müraciət edib.

XS
SM
MD
LG