Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:45

Səhmdarları arasında talıbovlar olan ‘Naxçıvanbank’ mənfəət vergisi ödəmir


Naxçıvan. Vasif Talibov iməclikdə, 25 Mart 2017
Naxçıvan. Vasif Talibov iməclikdə, 25 Mart 2017

Son 3 ildə «Naxçıvanbank» ASC 4 milyon 231 min manat mənfəət vergisini yerli büdcəyə ödəməyib. Ekspertlər və hüquqşünaslar muxtar respublika hakimiyyətinin bankı 2014-cü ildən mənfəət vergisi ödəməkdən azad etməsini korrupsiya və digər qanun pozuntusu kimi dəyərləndirirlər.

"Naxçıvanbank" ASC 2016-cı il üzrə maliyyə hesabatını açıqlayıb. Təkcə ötən il 8,7 milyon manat xalis mənfəət qazanan «Naxçıvanbank» 2 milyon 4 min manat vergini ödəməkdən azad edilib. Son 3 ildə isə bankın mənfəəti 19,5 milyon manatı ötüb.

Buna da bax:​ Naxçıvan fenomeni: Dotasiyayla yaşayır, amma ixracda böyük payı var

Sözdə «kiçik sahibkarlığı dəstəkləmək», bəs əməldə?

Bankın mənfəət vergisini ödəmədən azad edilməsini muxtar respublikanın Nazirlər Kabineti bölgədə «nağd pulla əməliyyatların sayını azaltmaq və kiçik sahibkarlığı dəstəkləməyə təşviq etmək»lə izah edir. Bu «PriceWaterCoopers Audit Azerbaijan LLC» şirkətinin rəy verdiyi maliyyə hesabatında qeyd olunur. Sənəddə o da bildirilir ki, yerli Vergi Məcəlləsinə əsasən, bölgə hökumətinin hüquqi şəxsləri mənfəət vergisindən azad etmək səlahiyyəti var.

“Naxçıvanbank” ASC, 2016-cı il maliyyə hesabatından çıxarış (web screenshot)
“Naxçıvanbank” ASC, 2016-cı il maliyyə hesabatından çıxarış (web screenshot)

Mənbə: “Naxçıvanbank” ASC, 2016-cı il maliyyə hesabatından çıxarış

Ancaq vergi güzəştlərinin bölgədə sahibkarlığın inkişafına təkan verdiyini söyləmək hələ tezdir. Bank kreditləri məhdud çevrəyə daxil olan müştərilərə verir. Hesabata görə, bank 2016-cı ilin sonuna 24 şirkətə və fiziki şəxsə 47,6 milyon manat və ya bütün kreditlərin 77 faizini verib. Bir il əvvəl isə bütün kreditlərin 71 faizi (38,7 milyon manat) 40 müştəridə idi. Başqa sözlə, bank kreditləri kiçik sahibkarlara deyil, daha çox bölgənin iri biznes sahiblərinə verir.

Buna da bax:​ Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]

Ekspert: «Bu, ədalətsiz üstünlük qazanmaqdır»

Muxtar respublikada «Kapital Bank» ASC-nin filialı da fəaliyyət göstərir. AzadlıqRadiosu-nun bankdan əladə etdiyi məlumata görə, onun belə bir güzəşti yoxdur. Bu azmış ki, «Kapital Bank» ASC 2013-2015-ci illərdə Naxçıvan Sosial İnkişaf Fonduna 1 milyon 697 min manat ödəyib.

Rəşid Hacılı
Rəşid Hacılı

Hüquqşünas Rəşid Hacılı hesab edir ki, vergidən azadetməyə qanun hansısa hallarda yol verə bilsəydi belə, bu, antiinhisar və rəqabət qanunvericiliyinin pozulması kimi dəyərləndirilməlidir. «Ayrıca götürülmüş bir banka özəl güzəştin verilməsi legitim sayıla bilməz. Əgər vergiləri ödəməkdə güzəşt tanınırsa, o zaman bölgədəki bütün banklar həmin vergidən azad edilməlidir. Əks halda, rəqabət mühiti pozulur, ədalətsiz üstünlük qazanılmış olur. Düşünürəm ki, bu işə İqtisadiyyat Nazirliyi və onun Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti mütləq qarışmalıdır. Belə bir gəlir həm də əsassız varlanma deməkdir və hüquqi araşdırma nəticəsində büdcəyə müsadirə oluna bilər».

Buna da bax:​ Naxçıvanda 1 manat qazanıb, 5 manat xərcləyirlər

«Qazanc götürən Vasif Talıbovun oğludursa, qərar legitimdir»

Amma vergi güzəştləri bu banka yerli hakimiyyətin göstərdiyi yeganə «nəvaziş» deyil. 2016-cı ildə 153 min manat dəyərində qiymətləndirilən bina yeni açılan filialdan ötrü banka əvəzsiz verilib. Hökumət bunu «heç bir bankın fəaliyyət göstərmədiyi rayonda bank xidmətlərini stimullaşdırmaq» məqsədilə etdiyini açıqlayıb. Hesabatda belə deyilir.

Vasif Talibov
Vasif Talibov

Hüquqşünas Adil İsmayılov isə məsələyə maraqlar toqquşması kontekstindən qiymət verərək deyir ki, durum yetərincə çətindir. Məsələ burasındadır ki, 2008-ci ildə yaranarkən təqdim olunan dövlət reyestri məlumatlarına əsasən, bankın səhmdarları arasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov və qardaşı oğlu Vüqar İlqar oğlu Talıbov da vardı. Amma bölgədə Vasif Talıbovun mütləq hakimiyyəti, biznesin məhdud çevrədə cəmlənməsi və s. amillərə diqqət çəkən hüquqşünas kinayə ilə vergi güzəştinin “legitim” olduğunu deyir.

Buna da bax:​ 2016-cı il Naxçıvanda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olubmuş

Muxtar respublikanın əsas qanununa əsasən, Naxçıvan Ali Məclisi qanunverici hakimiyyət olmaqla yanaşı, bölgənin hökumətini formalaşdırmaq səlahiyyətinə də malikdir.

2016-cı ildə Naxçıvanın dövlət büdcəsinə mənfəət vergisi üzrə 1 milyon manat, bu il isə bundan 150 min manat az vergi yığmaq planlaşdırılıb.

Səhmdarlar dörddür, adları isə gizlidir

«Naxçıvanbank» ASC mövcud səhmdarlarının sayının 4 fiziki şəxs olduğunu bildirsə də, onların adlarını açıqlamır. 47 səhifəlik maliyyə hesabatından məhz səhmdarlarının pay bölgüsünü göstərən 5-ci səhifə çıxarılır. AzadlıqRadiosu bankın baş ofisinə müraciət edərək, bu və digər məsələlərə aydınlıq gətirilməsini istəyib. Lakin burada suallara cavab verilməyəcəyi bildirilib.

Buna da bax:​ Gəncə qiyamını doğuran səbəblər nə idi?

Hüquqşünas Amil Rüstəmovun rəyinə görə, bankda səhmlərinin miqdarı 10 faizi aşan səhmdarların adları ictimaiyyətə təqdim olunmalıdır. Bunu həm beynəlxalq maliyyə hesabatları standartları, həm də milli qanunvericilik tələb edir.

«Naxçıvanbank» ASC 2016-cı ildə nizamnamə kapitalını bölüşdürülməmiş mənfəət hesabına 50 milyon 940 min manatdan 59 milyon 405 min manata qaldırıb. Kapital artımı 1 milyon ədəd səhmin nominal qiymətinin artırılması hesabına baş verib. Maraqlıdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bankın kapitalının artırılması haqda qiymətli kağızların dövlət reyestrinə məlumatın daxil edilməsinə dair hər hansı açıqlama verməyib.

2008-ci ildə 10 milyon manatlıq kapitalla təsis olunarkən «Naxçıvanbank» ASC-nin 7 səhmdarı vardı: Talıbov Vüqar İlqar oğlu (10 faiz), Sultanova Sevil Rza qızı (10 faiz), Abbasov Vüqar Zakir oğlu (30 faiz), Emin Uçar Rəsul oğlu (30 faiz), Teymurov Vurğun Bəbir oğlu (5 faiz), Əliyeva Tünzalə Meydan qızı (5 faiz) və Talıbov Rza Vasif oğlu (10 faiz).

XS
SM
MD
LG